Ziyadxan Əliyev: “Fəxri Xiyaban Azərbaycan heykəltəraşlığını tanımaq və fəxr etmək üçün ən gözəl yerdir”

71

Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının “Tənqid və sənətşünaslıq” bölməsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyevin APA-ya müsahibəsi:

– “Pis kişi olmaq”dan bezməmisiniz hələ?

– Yox, bezməmişəm. Mən heç vaxt sözün düzünü deməkdən qorxmamışam, bu gün də qorxmuram. Sənətşünasların da ən böyük bəlası “pis kişi olmaq”dan, tənqid etməkdən qorxmalarıdır. Ümumiyyətlə, sənətşünas olmaq üçün üç xüsusiyyət lazımdır: şairlik, filosofluq və cəngavərlik.

– Məsələn, 1993-cü etdiyiniz cəngavərlik Sizə baha başa gəlmədi ki? Hamının susduğu bir vaxtda səs çıxarmaq, o çəkişmələr sizə nə qazandırdı?

– Mədə yarası və şəkər xəstəliyi.

– Peşman olana da oxşamırsınız.

– Mən peşə namusunu qorumuşam. Çox adam elə bilir ki, təkcə ailənin namusu olur. Halbuki peşənin də namusu var. 1993-cü ildə İncəsənət Muzeyindən oğurluq olanda bunu ictimailəşdirmişdim. Baxmayaraq ki, meydanda tək qalmışdım, ancaq yolumdan çəkilmədim. Sona qədər getdim. Bunu mənim sələflərim içərisində edən olmamışdı.

– Bəs, xələfləriniz necə? Cəsarətlidirmi? Sabah eyni şey olsa, eyni hərəkəti

edərlərmi?

– Çətin ki, edələr.

– Sizcə, ziyalı kimdir?

– Ziyalı şəxsi marağını ictimai marağa qurban verən adamlara deyilir, daha hər diplomu olana yox. İndi kimin atası müəllimdirsə, deyir ki, mən ziyalı ailəsində anadan olmuşam. Bu gün Azərbaycanda ziyalı yox dərəcəsindədir. Ziyalılar Xudu Məmmədov idi, Azad Mirzəcanzadə idi. Bir sözlə, ziyalı ayrı şeydir.

– Sizcə, incəsənət siyasətə qarışmadan mövcud ola bilərmi?

– Xeyr, mümkün deyil. 1973-cü ildə Nəsiminin 600 illiyi ilə bağlı Moskvada Səttar Bəhlulzadənin əsərlərinin sərgisi keçirilməli idi. O zamanlar belə bir ənənə vardı ki, sərgidən qabaq nümayiş olunacaq işlərin siyahısı Moskvaya göndərilirdi. Səttarın işlərinin siyahısına Moskvada baxılandan sonra iki işin adına irad bildirmişdilər: “Gəncə çinarları” və “Gəncə gölü”. Demişdilər ki, ikisinin də adı dəyişməlidir. Səttar da cavab vermişdi ki, ya o işlər öz adı ilə göstərilməlidir, ya da sərgi olmayacaq. Məsələ böyüyüb, Heydər Əliyevə çatmışdı. Heydər Əliyev də demişdi ki, Səttar necə deyirsə, o cür də olsun. Uzun sözün qısası, rəsmlər adı dəyişdirilmədən nümayiş edilmişdi. O vaxt mən cavanlığıma salıb Səttara dedim ki, “bir ada görə sərgini pozurdunuz az qala”. O da cavab verdi ki, “sən bilmirsən, Moskvada xəritələrdə Gəncə gölü deyə bir şey yoxdur. Bu rəsmi görən tamaşaçı istər-istəməz düşünəcəkdi ki, bu Gəncə gölü hardadır? Bələdçidən soruşanda o, şəhərin qədim adının sovet dövründə dəyişdirildiyini biləcəkdi! Odur ki, bu ad dolayısıyla Gəncənin təbliğidir”. Başqa bir nümunə də deyim. Toğrul Nərimanbəyovun “Muğam” əsəri var. Bu əsər 1965-ci ildə çəkilib. Bütün dillərdə əsərin adı elə “Muğam” olaraq gedirdi. Toğrul bu əsərlə, bu adla muğamı, onun böyük sənət olduğunu təbliğ edirdi. Özü də o vaxt Toğrulun ən məşhur vaxtları idi. Sənətdə adın belə siyasi mahiyyəti var. Toğrul da, Səttar da bu incəlikləri yaxşı bilirdi.

– “Sənət sənət üçündür” deyən nəzəriyyələr əsl sənətin çoxluq üçün olmadığını iddia edirdi. Sovet dövründə elitanın bu tezisinə “sənət xalq üçündür” tezisi ilə cavab verildi. Sizcə, bu gün üçün bu yanaşmalardan hansı daha realdır?

– Mən də düşünürəm ki, sənət sənət üçündür. Əgər sənətkar işləyəndə düşünürsə ki, onu süpürgəçi də başa düşməlidir, onda sənət olmayacaq.

– Bəs, süpürgəçi necə olsun? Məgər o sənətdən uzaqmı qalmalıdır?

– Burda söhbət təkcə maddi fərqdən, vəzifədən getmir. Elə vəzifəsi olmayan adamlar var ki, sənəti yuxarı vəzifəli adamlardan daha yaxşı başa düşür. Elə yüksək vəzifəli adam var ki, portretə baxıb deyir ki, nə gözəl natürmortdur. Mənim dediyim odur ki, sənətkar kütlə üçün işləməməlidir, bazara işləməməlidir. İndi rəssamların çoxu molbertin qarşısında dayananda fikirləşir ki, görəsən, Pikosso kimi başlayım, yoxsa Matis kimi?.. Sənətkar öz ürəyinin səsinə qulaq asmalıdır. Çırpışdırırlar, koloriti ordan, başı burdan, ayaqları digər yerdən… Əsərdə səmimiyyət olmalıdır. Daha kiminsə xoşuna gəlmək üçün yaradılanlar əsl-yaradıcı əsər deyil, “şəkil çəkmək” nümunəsidir…

– Sovet dövründə Leninin heykəlinin başını qoparıb Stalinin başını qoyurmuşlar ki, heykələ sərf olunan material batmasın. Dövrə görə heykələ münasibət də dəyişir. Sizcə, dəyərdən düşənlərin heykəllər ilə necə rəftar olunmalıdır?

– Müstəqillik dövründə şəhərdən yığışdırılan heykəlləri nəzərdə tutursunuzsa, məncə, o heykəlləri şəhərdən götürmək düzgündür, ancaq məhv eləmək düzgün deyil. Onlar hamısı sənət əsəri idi. Mən düşünürəm ki, o heykəlləri məhv etməkdənsə, şəhər kənarında bir park kimi yer təşkil edib, onları tarixin qara səhifələri kimi nümayiş etdirmək olardı. Sən də nəvənin əlindən tutub gəlirsən o parka, Leninin heykəlini göstərib deyirsən ki, bax, bu Lenin idi, belə şərəfsiz adam idi, Bu Stalindir, filankəsi, filankəsi öldürüb. İstənilən halda heykəllərdən intiqam almaq lazım deyil, heykəl sənət əsəridir, sənətin nə günahı?

– Müasir dövrdə qoyulan heykəllərin içərisində də tənqid olunanları var. Kimdir müqəssir?

– Sovet dönəmində ictimailəşən heykəllərin müəyyən bir bəyənilmə “marşrutu” var idi. Eskizə baxılırdı, mütəxəssislərin iştirakı ilə qərar verilirdi. Daha sonra heykəl hazırlanırdı. Bu gün belə deyil. Yenidən bu üsul tətbiq edilməli, müsabiqələr təşkil olunmalı, bir sözlə, bu işə ciddi yanaşılmalıdır.

– Lütfizadənin qəbirüstü abidəsi də son illərdə tənqid olunan nümunələr sırasındadır. Bu abidədə Lütfizadənin duruşunu əyyaş duruşuna bənzədənlər də var idi. Siz o abidə haqda nə düşünürsünüz?

– Bax, yenə gəldik bayaq danışdığımız təbəqə söhbətinə. Belə söz danışanlar sənətdən başı çıxmayanlardır. Sənəti anlayan adam heç vaxt belə söz deməz. O abidə müasir düşüncəyə müvafiq işlənib. Ümumiyyətlə, Fəxri Xiyaban Azərbaycan heykəltəraşlığını tanımaq və fəxr etmək üçün ən gözəl yerdir. Çünki şəhərdə gördüyümüz heykəllərin taleyi çox vaxt məmur kabinetlərində həll olunur. Fəxri Xiyabandakı heykəllər isə bu taleyi yaşamır. Ordakı abidələrin qərarını mərhumun yaxını verir, həm də heykəltəraş daha sərbəst işləyir. Ona görə də ordakı heykəllərin əksəriyyəti yaxşıdır.

– Səttar Bəhlulzadə ilə olan yaxınlığınızı nəzərə alaraq düşünürəm ki, indi soruşacağım sualların doğru cavabı Sizdə var. Onun haqqında dolaşan şayiələrdən biri, bəlkə də birincisi Maral Rəhmanzadəni sevməsidir. Doğru idimi bu?

– Yox, qətiyyətlə yox. Onu deyənlər savadsız jurnalistlərdir. Mən Səttarı şəxsən tanıyan bir adam kimi deyirəm ki, elə bir söhbət olmayıb. Onun evlənməməyinin səbəbi başqa idi…

– Səbəbi deməyəcəyinizi bildiyim üçün soruşmuram. Xoşbəxt ola bildimi barı?

– Xoşbəxtlik təkcə arvad-uşaqda olmur ki. Onu sənəti yaşadırdı.

– Evini Tahir Salahova bağışladığı düzdür?

– Tahir Salahov 1957-ci ildə təhsilini başa vurub Azərbaycana qayıdanda evli idi, ancaq evi yox idi. Onda Səttar Rəssamlar evində olan ikiotaqlı evini Tahirə vermişdi. “Yubiley” filmində Tahir Səttar haqqında deyir ki, mən ona borcluyam. Ancaq onun Səttarın borcunu qaytardığını düşünmürəm. Ən azından Səttarın portretini işləyə bilərdi, yaxud özünə çıxardığı kitablardan birini də Səttar haqqında çap etdirə bilərdi.

– Deyirlər, dövrünün rəssamları üçün Səttar etalon olub…

– Səttar etalon idi. Tək sənəti ilə yox həm də davranış və geyim tərzi ilə. Rəssam deyəndə çoxunun ağlına Səttar gəlirdi. Bizi qalstukda görəndə deyirdilər ki, bu nədir, rəssam Səttar kimi geyinər. Onun geyim tərzi də fərqli idi. O vaxt hətta belə bir zarafat da var idi ki, Səttar dilənçi ilə metroya girir. Səttarın geyimini görən dilənçi elə bilir, o da dilənçidir, qayıdıb Səttara deyir ki, “sən başdan gir, mən axırdan, bir-birimizə mane olmayaq”. Ancaq onu da deyim ki, o, hara necə geyinmək lazım olduğunu çox yaxşı bilirdi. Mənim elçiliyimi Səttar edib. Yadımdadır, onda o çox səliqəli – kostyum geyinib gəlmişdi. Hə, bir də deyirlər ki, Səttar kasıb olub, yalan söhbətdir. Səttarın lap yaxşı pulu da olub, imkanı da.

– Bugünkü rəssamlar haqqında bu sözü çətin deyə bilək.

– Rəssam səhər duranda kartof-soğan dərdi çəkməməlidir. Kartof-soğan hayında olan rəssam necə yaxşı əsər çəkə bilər? Sosial qayğılar rəssamın yaradıcılıq ruhunu öldürür.

– Dediniz, rəssam bazara işləməsin. Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov da deyir ki, mən 2000 emalatxananı hardan verim? Hardan gəlsin bəs, kortof-soğanın pulu?

– Rəssamlar İttifaqından nəsə tələb etmək düzgün deyil. Rəssamlar İttifaqı ictimai təşkilatdır. Bir də görürsən, deyirlər ki, oranı bağlamaq lazımdır. Ay balam, səni ora çağırıblar? Hamı ora yalvara-yalvara, özü ərizə yazıb üzv olur. Xoşun gəlmir, çıx get. Bir də ki, Sovet dönəmində də pulu hökumət vermirdi. Bədii kombinat deyilən bir yer vardı. Pul dövlət təşkilatlarından gəlirdi. Belə ki, onlara təbliğat üçün kifayət qədər pul ayırırdılar. Rəssamlar sözün əsl mənasında yağ-bal içində yaşayırdılar. O sistemi yenidən qismən də olsa, qaytarmaq lazımdır.

– İslam dinində rəsmin haram buyurulduğu deyilir. Həqiqətən İslamda belə bir şey varmı?

– Bu Sovet dövründə buraxılan boş söhbətdir. Halbuki Quranda bunu deyən nə ayə var, nə surə. Deməli, peyğəmbərin dilindən bir hədisi bunlar başqa cür yozurlar. Həmin hədisdə deyilir ki, “Qiyamət günü büt xarakterli heykəl düzəldənlərin imtahanı digərlərindən ağır olacaq. Onlardan yaratdıqlarına can vermək tələb olunacaq”. Bu hədisi dəyişdirib, ora-burasını bəzəyib, elə qələmə veriblər ki, guya İslam təsvirin əleyhinədir. Bu hədis bütpərəstliklə mübarizə aparmaq üçün deyilib. Özü də Şərqdə rəsm də, rəssam da həmişə olub. Miniatür Şərqdə olmayıb harda olub, bəs?

– Axı, miniatürdə də üz cizgilərini, xarakterləri çəkmirdilər. Bunu da insanın təsvirinin günah olması ilə əsaslandırırdılar.

– Avropada insanı olduğu kimi çəkirdilər. Bunu Şərq qəbul etmirdi, miniatürdə isə insanı olduğu kimi çəkmir, bir qədər stilizə edir, Allaha şərik qoşmamağa çalışılır. Ancaq üz cizgiləri və xarakterləri çox vaxt bənzədiblər. Məsələn, miniatürdə perspektiv yoxdur, kölgə yoxdur. Deyirlər ki, kölgədə şər qüvvələr toplaşdığı üçün miniatürdə kölgə yox idi. Kölgəsiz yüksək bədiilik əldə etmək isə ancaq yüksək sənətkarlığın nəticəsi idi.

– Bu gün niyə miniatür rəssamlarımızın sayı bu qədər azdır?

– Biri var ordan-burdan çırpışdırıb “anyanın-manya”nın portretini çəkəsən, biri də var oturub miniatürə baş vurasan, ondan yaradıcılıqla faydalanasan. Miniatür çox dərin sahədir. Miniatür sənət deyil, miniatür üslubdur. Mənim doktorluq işimin adı “Azərbaycan miniatürlərində bədii ənənə və novatorluq”dur. Miniatürün ilkin variantları divarda keramikada, parçada, tikmədə, xalçada yaradılıb, ən sonda kitaba gəlib çıxıb.

– Həmin o “anya-manya” çəkənlər deyir, “biz sənət yaradırıq, cəmiyyət bizi başa düşmür”.

– “Mən belə görürəm”. Bu, belə rəssamların özünü sığortalama cümləsidir. Bax, bu zaman bir şir ürəyi yeyən sənətşünas lazımdır o rəssama desin ki, sən belə görə bilməzsən. Bunun üçün də həmin rəssamın intellektinə bələd olmaq lazımdır. Mən həmişə tələbələrimə deyirəm ki, öz yaşıdlarınızla ünsiyyətdə olun. Bu gün 80 yaşına qədər olan rəssamlardan kimsə mənim yanımda artıq-əskik danışa bilməz. Çünki hamısının mətbəxini gözəl bilirəm. Kim-kimdən faydalanıb, kimin qabında nə var nə yox.

– Modernizmə münasibətiniz necədir?

– Pis “izm” yoxdur. “İzm”lər dünyaya başqa gözlə baxmaq üçün yaranır. Mən dünyaya Leonardonun gözü ilə baxmıram, məsələn. Rəssam dünyaya başqa gözlə baxmağı bacarmalıdır. O vaxt Tahir Salahov məşhurlaşanda hamı başlamışdı Tahir Salahovu təqlid etməyə. İkinci Tahir Salahov kimə lazımdır, axı?

– Azərbaycan rəssamlığının dünəni və bu gününü müqayisə etsək…

– 60-70-ci illər Azərbaycan Rəssamlığının çiçəklənmə dövrüdür. Həmin illərdə Xruşşov Moskvada sərgiləri dağıdırdı. Mircavad da Buzovnada öz dəstəsi ilə Sovet ideologiyasına arxa çevirirdi. Mən bunu əvvəllər də demişəm, həmin dövr tarixdir tarix, o dövrdən filmlər çəkmək lazımdır. Bunlar çox maraqlıdır. Biz bu gün 20-ci əsr rəssamlarının uğurlarını özümüzə sipər etmişik. Müstəqillik dövründə Azərbaycan rəssamlığı öz simasını müəyyənləşdirə bilməyib. Bir az maddiyyat, bir az psixoloji, bir az da sosial səbəblər var. Mən hər şeyi maddiyyata da bağlamaq istəmirəm. Dəfələrlə tarixi janrda çəkilən rəsmlərin müsabiqəsini təşkil etmişik. Baxıram ki, rəssamlar çox vaxt həvəssiz yanaşır. Deyirlər ki, bunları alan olmayacaq. Ancaq Bəhruz bəy Kəngərli qaçqınlar haqqında yaratdığı silsilə ilə 20-ci əsr rəssamlarının günahını yumuş oldu. O bilirdi ki, bu işləri ondan alan olmayacaq. Həqiqətən də, heç birini alan olmayıb. Ancaq Bəhruz çəkdiyi maddi çətinliklərə baxmayaraq, o əsərləri yaradıb. Bu gün o əsərlər ermənini ittiham etmək üçün əlimizdə gözəl sübutdur. Bu gün Qarabağa QHT sədrlərini, məscid axundlarını yox, rəssamları aparmaq lazımdır. Müharibənin izlərini rəssam çəkməlidir. O qədər ağdamlı, şuşalı, laçınlı, rəssam var ki, onlar getməlidir Qarabağa. Bu tarixdir, tarix.

– Sizcə, Qarabağdakı abidələr bərpa olunmalıdır, yoxsa vandallıq nümunəsi kimi saxlanmalıdır?

– Qarabağdakı abidələr mütləq bərpa olunmalıdır. Təbii ki, bərpadan sonra hər abidənin yanında dağıdılmış rəsmi də qoyulmalıdır ki, vandallıqlar unudulmasın.

– Azərbaycan xalqına incəsənətdən uzaq xalq deməyə ixtiyarımız varmı?

– Mən deməzdim ki, bu xalq incəsənətdən uzaq xalqdır. Ancaq təbəqələşmə özünü burada da göstərir. O vaxt saraylarda muğam məclisləri var idi. Muğam “palatka toyu”nun malı deyildi. Bu gün hamı muğama qulaq asan olub. Halbuki əksəriyyətinin muğamın nə olduğundan xəbəri yoxdur. Biz bu xalqa sənətdən uzaq xalq deyə bilmərik, çünki bu xalqın yüksək zövqü var. Zərgərliyindən miniatürünə qədər inkişaf edib. Biz bu xalq barədə onu deyə bilərik ki, bu xalq sənətinə lazımı dəyəri vermir. Bir də görürsən, deyirlər ki, “Şeyx Səfi” xalçasını İngiltərədən gətirmək lazımdır? Bax, sən onu İngiltərəyə niyə aparmışdın? Deməli, o vaxt Ərdəbildə zəlzələ zamanı Səfəvilər kompleksi zərər görür, sarayı təmin eləmək üçün kompleksin 5-6 əşyasını çıxarırlar auksiona, o cümlədən, “Şeyx Səfi” xalçasını. İngiltərədə xalçaya 25 min funt sterlinq qiymət qoyurlar. Orda heç kim onu ala bilmir. Ancaq ağıllı millətdirlər. Öz aralarında pulu yığıb xalçanı alırlar ki, madam öz ayağı ilə bura gəlib, bu fürsəti əldən qaçırmaq olmaz. Yəni “Şeyx Səfi”ni İngiltərəyə biz özümüz aparmışıq, ingilislər aparmayıb. Məgər zəlzələ olanda Ərdəbildə beş kişi tapılmırdı ki, o sarayı təmir eləsin, xalça da bizdə qalsın?

– Hər dövrün aktual sualı. Ənənəvilik, yoxsa müasirlik?

– Ənənəyə nəsə qatıb onu təqdim etmək lazımdır, ənənədən imtina etmək lazım deyil. İntibah dövrü rəssamlarını gözünüzün qabağına gətirin. Rafaelə baxanda deyə bilərdilər ki, mən Rafaeldən sonra nə yaradacam, ancaq Dali gəldi, Qoya gəldi, Velaskes gəldi. Onlar özlərindən əvvəlkiləri inkar etmədilər, əksinə nələrisə əlavə etdilər. Mikalencelonun David heykəlinə baxın. Hələ 16-cı əsrdə küçəyə çılpaq kişi heykəli qoyublar. Sən bu gün “Baksovet”in qabağına çılpaq kişi heykəli qoya bilərsən? Qoya bilməzsən.

– Qoyulmalıdır ki?

– Məsələ heykəlin qoyulmağında deyil, məsələ ondadır ki, 16-cı əsrdə çılpaq kişi heykəli Florensiyanın küçəsinə çıxanda camaat onu adi bir şey – gözəllik daşıyıcısı kimi qəbul etmişdi. Çünki çılpaq bədənin estetikası tapılmışdı. İnsanlar o heykələ şəhvət gətirici bir şey kimi baxmırdılar. Yaxud da Corcononun “Çılpaq Danaya”sına heç kim heç nə deməyib, ancaq Modilyaninin çılpaq fiquruna görə onu məhkəməyə verib həbsini tələb edirdilər. Belə baxanda ikisi də çılpaq qadın çəkmişdi. Lakin orda xırda nüanslar var idi. Sonra bu estetika itdi. Bu gün biz ona dəyər verməyə hazır deyilik. Əsas məsələ bu nüansları nəzərə alaraq estetikanı tapmaqdadır. İndi müasirlik etmək istəyənlər gedib bir az Pikassodan oğurlayır, bir az ordan, bir az burdan. Miniatürümüz var da. Hünərin var, get ordan götür, ondan ilham al… Miniatürdən faydalanıb, miniatürü müasir görkəm verməkdir hünər! Avropaya da bu cür yanaşma maraqlıdır. Avropa bu gün müasirlik adı ilə yaradılan şeyləri yüz il bundan qabaq görüb. Heç kim o əyri-üyrü təsvirlərlə Avropanı təəccübləndirə bilməz. Avropa üçün Şərqdən gələn milli ruhlu əsərlər maraqlıdır. Qərbin etdiyini təzədən Qərbə qaytarmağın nə mənası var?

– Ənənəyə müasirlik qatanda ənənədən gələn orijinallığın qolu-qanadı sınmır ki?

– Sənə demirlər ki, qol-qanad sındır. Sən orada nəsə axtar, tap, sonra da bunu özününküləşdir… Otuzuncu illərdə miniatür çəkən rəssamlar haqqında deyirdilər ki, bunlar qərbi Qogeni təqlid-təbliğ edir. O illərdə qərbi təqlid edir demək Sibirə sürgün demək idi. Otuzuncu illərin tuthatutunda milli üsluba meyl edənlər bu yoldan qayıtdılar. Bircə Ələkbər Rzaquliyev qaldı. O da 28 il həbsxana və sürgün həyatı yaşadı. Amma yolundan dönmədi. O vaxt Azərbaycan rəssamları başladığı yolu davam etdirsəydi, mən təsəvvür edə bilmirəm ki, bugünkü Azərbaycan rəssamlığı necə möhtəşəm ola bilərdi…