“Zirvə”yə layiq görüldülər

512

Martın 10-da Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Günü münasibətilə “Zirvə” mükafatının növbəti təqdimolunma mərasimi keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatr xadimlərini bayram münasibətilə təbrik edib. O, əsası Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” pyesinin tamaşası ilə qoyulan milli teatrımızın 142 illik tarixi olduğunu söyləyib. Bildirib ki, bu gün teatrımız inkişaf edir və dünya teatr aləmində öz yerini tutub.

Azərbaycanın Beynəlxalq Teatr Konfransına ev sahibliyi etdiyini vurğulayan nazir qeyd edib ki, ölkəmizdə dünya teatr prosesi müzakirə olunur. Diqqətə çatdırıb ki, Azərbaycan teatrının adı müxtəlif ölkələrdən gəlir, tamaşalarımız dünya səhnələrində rəğbətlə qarşılanır.

Teatr mütəxəssislərimizin daxili mühitdən çıxaraq beynəlxalq təcrübəni qəbul etdiyini söyləyən Ə.Qarayev teatrlarımıza xarici mütəxəssislərin dəvət olunduğunu, təcrübə mübadiləsi aparıldığını bildirib.

Nazir Azərbaycan Prezidentinin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən teatrlarımızın yenidən qurulduğunu, maliyyə-iqtisadi əsasının təkmilləşdirildiyini, teatrların maddi-texniki bazasının möhkəmləndirildiyini deyib.

Ə.Qarayev Prezident İlham Əliyevin apardığı siyasət sayəsində mədəniyyətimizin, o cümlədən teatr sənətinin inkişaf etdiyini söyləyib, mədəniyyətimizin qorunub saxlanılmasında, təbliğində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, məhz onun təşəbbüsü ilə mədəniyyət nümunələrimiz bəşəriyyətin inciləri siyahısına daxil edilib.

Əbülfəs Qarayev milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və tərəqqisinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək və yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaq, qiymətləndirmək məqsədilə 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilən “Zirvə” mükafatının 7 nominasiya üzrə il ərzində mədəniyyət sahəsində öz yaradıcılığı ilə fərqlənən istedadlı insanlara verildiyini söyləyib.

Sonra müxtəlif teatrların əməkdaşlarına “Fəxri mədəniyyət işçisi” döş nişanları təqdim edilib.

Daha sonra “Zirvə-2015” mükafatının təqdimatı olub. “Milli sərvət” nominasiyasında xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə, “Musiqi” nominasiyasında xalq artisti Yalçın Adıgözəlov, “Teatr” nominasiyasında Şəki Dövlət Dram Teatrı, “Kino” nominasiyasında “Nabat” bədii filminin yaradıcı qrupu, “Təsviri sənət” nominasiyası üzrə Teymur və Mahmud Rüstəmov qardaşları, “Debüt” nominasiyasında əməkdar artist Şövqi Hüseynov, “Azərbaycan mədəniyyətinə dəyərli töhfə” nominasiyasında “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova mükafata layiq görülüblər.

Qaliblərə mükafatın rəmzi simvolu, diplom və pul mükafatı verilib.

Mərasim boyu Azərbaycan Dövlət Pantomim Teatrının aktyorlarının ifasında təqdim edilən musiqi nömrələri maraqla qarşılanıb.