“Zirvəyə çatmağa tələsməyin”

462
Bakıda fəaliyyət göstərən məktəblərdən biri də Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyasıdır. Həmin təhsil ocağının direktoru, fəlsəfə doktoru, Əməkdar müəllim, “Tərəqqi” medalının sahibi Məhəmmədəli Abbasovla həmsöhbət olduq. O, 1972-ci ildən etibarən ömrünü Azərbaycan təhsilinə, onun inkişafına həsr edən ziyalılarımızdandır.
– Məhəmmədəli müəllim, ilk olaraq, məktəbiniz haqqında məlumat verərdiniz.

– Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyası 1961-ci ildə Beynəlmiləl İnternat Məktəbi kimi fəaliyyətə başlayıb. 1990-cı ildə ərəb və ingilisdilli təmayüllü məktəb olub. 1992-ci ildə isə həmin məktəbin bazasında Xarici Dillər Təmayüllü Gimnaziya sı statusu alıb. Bundan sonra məktəb tamamilə dəyişdi. 5-6 il ərzində respublikanın qabaqcıl məktəblərı sırasına daxil oldu. 2008-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə keçirilən “İlin məktəbi” müsabiqəsinin ilk qaliblərindənik. O vaxt bu, kifayət qədər böyük uğur idi. Amma indi “İlin məktəbi” adını alan təhsil ocaqları çoxalıb.

– Məzunlarınızın ali məktəblərə qəbul imtahanlarının builki nəticələri sizi qane etdimi?

– Qəbul göstəricilərimiz yüksəkdir. Son on il ərzində məzunlarımızın hamısının  tələbə adını qazandığı il olub. Ümumilikdə bu illər ərzində qəbulumuz 75 faizdən aşağı düşməyib. Ötən tədris ilində 67 şagirdimiz məzun olub. Onların 64 nəfəri ali məktəbə sənəd verib. 54 şagirdimiz isə müxtəlif universitetlərə qəbul olub. Universitetə qəbul olan şagirdlərimizdən 7 nəfəri 600-dən yuxarı bal toplayıb. Bir nəfər şagirdimiz isə İngiltərənin Kembric Universitetinə qəbul olub. Hansı ki, bu universitet dünyada ən çox Nobel mükafatçısı yetişdirən ali təhsil ocağıdır. Xaricdə ali təhsil alan şagirdlərimizin sayı kifayət qədərdir.

– Gimnaziyanı qızıl medalla bitirən şagirdiniz varmı?

– Orta məktəbi əla qiymətlərlə bitirən şagirdlərə qızıl və gümüş medalların verilməyə başlandığı ilk ili şagirdlərimizdən biri gümüş medal alıb. 3 ildir ki, hər il iki şagirdimiz gimnaziyanı qızıl medalla bitirir.

– Orta məktəbi qızıl medalla bitirənlərin ali məktəbə qəbul balı əksər hallarda o qədər də yüksək olmur. Bu barədə nə deyə bilərsiniz?

– Qızıl medalla orta məktəbi bitirən şagirdlər birinci sinifdən etibarən yaxşı oxuyanlardır. Mən hesab edirəm ki, onların uğurları ali məktəbə qəbul imtahanlarından 600 bal toplayanlardan daha böyükdür. Gimnaziyada şagirdlərə 19 fənn tədris olunur. 19 fəndən əla qiymət almaq daha çətindir, nəinki 5 fəndən.

– Müəllimlərinizin əksəriyyəti qadındır. Bu, gimnaziyanın idarə edilməsinə nə kimi təsir göstərir?

– Xarici Dillər Təmayüllü Gimnaziyasında 1061 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 80 müəllim, 40 tərbiyəçi məşğul olur. Müəllimlərimizin ikisi Əməkdar müəllimdir. İki müəllimimiz isə “Tərəqqi” medalı ilə təltif olunub. Bir müəllimimiz fəlsəfə doktorudur.

Kişi müəllimlərinin azlığı həm təhsilin keyfiyyətinə, həm də məktəb idarəçiliyinə mənfi təsir edir. Çünki kişi hökmü, tələbi və ciddiyyəti ilə qadınınkı eyni deyil. İbtidai siniflərdə qadın, ya kişi müəllimin dərs deməyi o qədər də fərq etmir. Ona görə ki, ibtidai sinif şagirdləri mənfi şeylərə meyilli olmurlar. Amma yuxarı siniflərdə isə vəziyyət dəyişir. Müşahidələrim əsasında deyə bilərəm ki,  yuxarı sinif şagirdləri müəllimlərin dərslərində daha məsuliyyətli olurlar, nəinki müəllimələrin.

İdarəçilik məsələsində isə az fərq edir. Bu da ondan qaynaqlanır ki, qarda, çovğunda müəllimlərə nisbətən müəllimələrin dərsə gəlib-getməyi çətinləşir. Müəyyən vaxtlarda gecikirlər. Xəstələnən kimi bülleten götürürlər. Amma kişi müəllimlər dözümlü olurlar. 43 ildir ki, müəllim işləyirəm. Bu müddət ərzində bir dəfə də olsun xəstəlik ucbatından işdən qaldığım yadıma gəlmir. Bütün xəstəlikləri də Allahın köməkliyi ilə ayaq üstdə, iş başında keçirmişəm. Həmçinin qadının yoldaşı bir yerə gedəndə, məcburdur ki, bülleten götürüb, onunla getsin. İməcilik edirik, hansısa tədbir keçiririk, kişi müəllimlər yüz faiz iştirak edir, qadın müəllimlər isə yox. Bunun da çox vaxt üzrlü səbəbləri olur.

– Kişi müəllimlərin azlığını təhsil naziri Mikayıl Cabbarov təhlükəli tendensiya kimi qiymətləndirib.

– Kişi müəllimlərin azlığı təhsilimizin çox ağrılı yeridir. Xarici Dillər Təmayüllü Giminaziyasında 80 müəllimdən 7-si kişidir. Kişi müəllimlərə iki “stavka” (24 saat) dərs veririk. Yenə də 300 manat maaş ala bilmir. Maraqlıdır ki, bank, istər polis idarəsinin və s. müəssisələrin  həyətində çox sayda avtomobil dayanır. Amma məktəblərin həyətində 2-3 avtomobil ola, ya olmaya. Həmin avtomobillərdən də biri direktorundur. Bunu şagirdlər də, valideynlər də görürlər. Hesab edirəm ki, görünən mənzərə kişi müəllimlərin azlığının səbəbini, hardasa, izah edir.

Müəllim əməyinə ən böyük qiyməti ulu öndər Heydər Əliyev verib. O, müəllim əməyini belə qiymətləndirib: “Müəllimlər əsl fədaidirlər”. Amma indi hamı fədai olmur. Cavanlarımız gəlirli sahələrə meyil edirlər. Bu da normaldır. Çünki hər kəs istəyir ki, həyat şəraiti yaxşı olsun. İndi təhsil naziri Mikayıl Cabbarov pedaqoji ixtisası birinci seçən və yüksək bal toplayan tələbələrə pul mükafatı təyin edib. Bu, çox yaxşı haldır, müsbət təsiri olacaq. Çünki müəllimliyə qəbul olanların böyük əksəriyyəti ixtisaslarını sevmirlər. Onlar özləri istəmədən bu ixtisasa qəbul olurlar. Həmin kəslər universiteti bitirdikdən sonra öz ixtisasları üzrə işləmək istəmirlər. İşləsələr də, onların əmək fəaliyyətləri o qədər də səmərəli olmur.

– Son vaxtlar təhsil sistemində sürətli yenilənmə prosesinin getdiyinin şahidi oluruq. Buna münasibətiniz necədir?

– Yeniləşmə öz-özlüyündə çox yaxşı hadisədir. Amma köhnənin üstündən də xətt çəkmək olmaz. Ulu öndərimiz Heydər Əliyevin sözləridir ki, təhsildə islahatlar təkamül yolu ilə aparılmalıdır. Qurulan bünövrənin müsbət tərəflərindən mütləq istifadə etmək lazımdır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilimizin problemlərini və perspektivlərini çox aydın şəkildə göstərir. İnanırıq ki, həmin Dövlət Strategiyasında qarşıya qoyulan məqsədə nail olduğumuz təqdirdə, Azərbaycan təhsili öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq.

– Attestasiya imtahanlarında müəllimlərinizin nəticələri sizi qane etdimi?

– Müəllimlərimizin 90 faizindən çoxunun attestasiya qiymətləri yüksəkdir. Onların bir neçəsi metodikaya aid sualların bəzilərini cavablandırmağa çətinlik çəkiblər. Attestasiyanın nəticələri isə hələ ki, müəllimlərin əməkhaqqına təsir etmir.

– Belə bir təklif var ki, buraxılış imtahanlarının nəticələrinə əsasən, texnikumlara, gələcəkdə isə ali məktəblərə qəbul aparılsın. Buna münasibətiniz necədir?

Hesab edirəm ki, buraxılış imtahanlarının nəticələri əsasında ali məktəbə qəbulun aparılması orta məktəblərdə təhsilin keyfiyyətinin artmasına stimul olardı. Birinci növbədə, ictimaiyyətin məktəblərə münasibəti əsaslı şəkildə dəyişərdi. Eyni zamanda məktəblərdə davamiyyət yaxşılaşar, şagirdlər dərslərinə daha ciddi yanaşardılar.

– 33 illik direktorluq təcrübəniz var. Yekun olaraq nə qərara gəlmisiniz, direktor hansı keyfiyyətlərə sahib olmalıdır?

– Digər sahələrdə olduğu kimi, məktəb idarəçiliyində də kadrların düzgün seçilməsi və yerləşdirilməsi çox önəmlidir. İş işi bilənə tapşırılmalıdır. Direktor əmək intizamı ilə işçilərinə nümunə olmalıdır. Eyni zamanda qarşısındakını axıra qədər dinləməyi bacarmalıdır. Övladlarım başda olmaqla gənclərimizin böyük əksəriyyətində müşahidə edirəm ki, tez qabağa getmək istəyirlər. Bu da mümkün deyil. Ona görə də gənclərimiz  tez həvəsdən düşürlər. Gənclərimizə tövsiyə edirəm ki, zirvəyə çatmağa tələsməsinlər, sadəcə işlərini mükəmməl görməyə çalışsınlar.

Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyasının direktoru Məhəmmədəli Abbasov

Elvin Əliyev