Zaxarova vasitəsilə bizə demək istəyiblər ki…

421

“Ermənistan hakimiyyətinin Rusiyadan nə dərəcədə asılı – vassal olduğunu Valeriy Permyakovun Rusiyaya ekstradisiyası da sübut edir. Rusiyanın Gümrüdəki hərbi bazasında xidmət edən rusiyalı hərbçi Valeriy Permryakov 2015-ci ildə hərbi hissəsin tərk edərək Ermənistanın aralarında kiçik yaşlı uşaqlar da olmaqla 7 vətəndaşını qətlə yetirdi. O zaman da caninin Rusiyaya ekstradisiya məsələsi müzakirə olunurdu, ancaq erməni müxalifəti və öldürülənlərin qohum-əqrəbası küçəyə çıxaraq etiraz etdilər”. Bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti 2 il gözlədikdən sonra qatili vətəndaşı olduğu ölkəsinə təslim etmək məcburiyyətində qaldı və Ermənistanda kimsənin etiraz səsi eşidilmədi: “Guya Rusiya Ermənistana təminat verib ki, Ermənistanda ömürlük həbsə məhkum edilən Pemyakov Rusiyada da eyni cəzanı çəkəcək. Buna şübhəm var. Bir neçə il sonra Permyakov sakitcə azadlığa çıxacaq. Rusların bir generalı var idi, Çeçenistanda azyaşlı qızı qəddarcasına qətlə yetirmişdi. Öna da ömürlük həbs cəzası verilmişdi, bir az sonra həbsdən çıxdı və çeçenlərdən biri həmin generalı evinin qarşısında öldürməklə xalqının qisasını aldı. Ermənilərin azadlığa çıxacaq Permyakovdan qisas alacağını düşünmürəm”.

Politoloq Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın son açıqlamalarına da münasibət bildirib: “Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib ki, Rusiyada Azərbaycan vətəndaşlarının maraqlarını 260-a yaxın təşkilat təmsil edir. Başqa sözlə, demək istəyib ki, “Rusiyada bu qədər təşkilatınız varkən nə yapışmısınız qeydiyyatı ləğv edilən Ümumrusiya Azərbaycanlıları Konqresindən?” Məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti üçün həmin 260 (doğrudanmı Rusiya ərazisində azərbaycanlıların bu qədər təşkilatı var?) təşkilatdansa, Ümumrusiya Azərbaycanlıları Konqresi daha əhəmiyyətli idi və elə onu da bağladılar. Mariya Zaxarovanın digər fikri ilə tanış olaq: “Qurumun ləğv edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyəcək”. Bu da üstüörtülü mesajdır, demək istəyib və ya Zaxarova vasitəsilə bizə demək istəyiblər ki, özünüzü yığışdırın, qeydiyyatın ləğvi qarşılığında Rusiyaya qarşı nəsə planlaşdırmayın”.