Zaruhi Postancyan da Paşinyanı ifşa edir

0
418

Ermənistan ordusunun Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki hərbi hissələrində adi hala çevrilən fərarilik, ölüm, təcavüz, korrupsiya, intihar faktları kifayət qədərdir. Ermənistanın baş naziri Nikol Paşinyan yalnız özünün maraq dairəsində olan məsələlərə aydınlıq gətirməklə ordudakı vəziyyəti nizama salmağa və bununla da əhalini sakitləşdirməyə çalışır. Son günlər isə “Mənim oğlum da Dağlıq Qarabağda xidmət edir” fikrini gözə soxmaqla çıxışlarına yeni çalarlar əlavə etməkdədir. Təbii ki, bütün bunlar onun maskalanmaq cəhdindən başqa bir şey deyil. Paşinyanın bu cəhdlərinə baxmayaraq, artıq ölkəsində ona qarşı bir inamsızlıq yaranıb.
Ermənistan Milli Məclisinin sabiq deputatı Zaruhi Postancyanın atdığı addım dediklərimizə misaldır. Belə ki, Zaruhi Postancyan Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən erməni postlarındakı real vəziyyəti öz gözləri ilə görmək istəyib. Amma o, postlara yaxın buraxılmayıb. Buna görə Zaruhi Postancyan baş nazir Nikol Paşinyanı və yeni müdafiə naziri David Tonoyanı sərt ittiham edib. O, özünün qapılar dalında qalmasını orduda baş alıb gedən hərc-mərcliklə əlaqələndirib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayan Postancyan bildirib ki, görünür, postlardakı əsgərlərin vəziyyəti çox acınacaqlıdır ki, məni  ora buraxmırlar və Paşinyan erməni xalqının bunu bilməsini istəmir. Şübhəsiz, o, bu açıqlaması ilə Ermənistandakı acınacaqlı hərbi-siyasi duruma işarə edib. Bununla da Nikol Paşinyanın Ermənistan ordusu barədə dediyi “basılmaz”, “qüdrətli”, “hər an döyüşə hazır” kimi bəlağətli sözlərinin üstündən xətt çəkib.

Zaruhi Postancyan bununla kifayətlənməyib. “Məxməri inqilab” zamanı hakimiyyət uğrunda mübarizədə küçələrdə, meydanlarda Nikol Paşinyanla birgə addımlamış bu xanım onun “qəhrəman” oğlu barədə dediklərinin də həqiqətə uyğun olmadığını ortaya çıxarıb. Bildirib ki, çətin şəraitli postlarda Paşinyanın oğlunun qulluq etdiyini zənn etmir. Çünki onun oğlu orduda yalnız xüsusi qonaq statusunda ola bilər. Yəni o, təhlükəsiz və komfortlu bir şəraitdə qorunur. Bu mənada baş nazirin oğlunun Azərbaycan Ordusu ilə üzbəüz mövqedə dayanması real görünmür. Onun dediklərindən aydın olur ki, Nikol Paşinyan oğlunun Dağlıq Qarabağa hərbi xidmətə göndərməsini sadəcə reklama çevirib, bu “hadisə”ni ölkənin bütün televiziya kanallarında və sosial şəbəkələrdə yayımlamaqla hərbi xidmətdən yayınan erməni gənclərini öz toruna salmaq istəyib. Yəni Aşot Paşinyanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarında könüllü xidmətə yollanması şişirdilib və daxili auditoriyaya hesablanıb. Bu, həm də fərarilik, ölüm, təcavüz, korrupsiya, intihar faktlarından sarsılan orduya cəmiyyətin etibarını qaytarmağa yönəlib. Digər tərəfdən, Paşinyan bu yolla reytinqini və cəmiyyətdə nüfuzunu qorumağa çalışıb.

Ermənistanın yeni müdafiə naziri David Tonoyan da paşinyanvari hərəkət edərək oğlunu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində xidmətə göndərib. Görünür, onlar Paşinyana yalmanmaq məqsədilə məmur balalarından ibarət hissə təşkil etmək niyyətindədirlər. Çox güman ki, bu da Ermənistanda yeni hakimiyyətə cəlb olunanların populizm xatirinə atdıqları addımdan başqa bir şey deyil.

Qeyd edək ki, baş çəkmək istədiyi hərbi hissədə Zaruhi Postancyana həm də izah olunub ki, bəs Nikol Paşinyan tərəfindən separatçı və qondarma rejimin müdafiə naziri Levon Mnatsakanyana təxmini belə bir formada xüsusi tapşırıq verilib: “Yerevandan olan heç kəs hərbi hissələri ziyarət edə və buradakı vəziyyətə “başını soxa bilməz”. Amma görünən odur ki, Zaruhi Postancyan Nikol Paşinyanın yuvasına baş soxmaqda israrlıdır. Belə ki, o,  əsgərlərin vəziyyəti barədə məlumat almağa icazə verilməyəcəyi təqdirdə Ermənistan Müdafiə Nazirliyinin qanunazidd hərəkətləri barədə xalqa müraciət edəcəyini bildirib. Əgər Zaruhi Postancyanın bu niyyəti baş tutsa, o, Nikol Paşinyanın ordu ilə bağlı hələ çox sirrinin üstünü açacaq və əhalini ona qarşı səfərbər edə biləcək. Bununla da Zaruhi Postancyan-Nikol Paşinyan qarşıdurması yeni mərhələyə keçəcək.

Qvami Məhəbbətoğlu,

“İki sahil”

 Qvami Məhəbbətoğlu