Zarafat eləmirəm…

598
(Mirzə Cəlilin felyetonu əsasında)
Mənim ağlım lap çaşıb. Hamı başını aşağı salıb öz işi ilə məşğuldur: məmurlar öz çaxçuxlarını edirlər; televiziya kanalları yararsız məhsulların reklamı ilə qaz vurub, qazan doldururlar; yol çəkənlər yollardan hansısa yolla ciblərinə yol çəkirlər… Müxtəsər ki, hər kəs başını aşağı salıb, dinməz-söyləməz, sakit və samit öz işindədir, amma mən başıbəlalı, mən Allahın nəzərindən düşmüş lap dəli-divanə olmuşam.

Mənasız, cəfəng, damdandüşmə söz qalmadı ki, məndən çıxmamış olsun. İndi də belə bir söz fikrimə gəlib. Amma mən ölüm, hay-küy salmayın, qoyun sözümü deyim, qurtarım, siz də oxuyun və oxuyandan sonra bir az fikirləşin, yenə fikirləşin, axırda hər nə cavabınız olsa deyin.

Mən bunu demək istəyirəm ki, indi bəzi müəssisələrin işə qəbulunda ingilis dili əsas meyara, hətta tələbə çevrilib. Yəni sovet dövründə rus dili necə dəbdə idisə, indi ingilis dili eləcə moddadır. Hətta hazırda bir sıra müəssisələrə işə qəbul olunmaq istəyənlərə yalnız bir sual verilir: “İngilis dilini yaxşı bilirsənmi?”. Bundan savayı, heç nə soruşulmur. “Bilirəm” deyənlər işlə təmin olunurlar. Amma bu suala, əgər belə demək mümkünsə, “alababat” cavabını verənlərə qapını göstərirlər.

Bu sözləri oxuyanlar heç kəs fikir eləməsinlər ki, mən zarafat eləyirəm. Bu, vacib məsələlərdən biridir. Odur ki, qabaqda mənim çox sözüm var və burada hər nə ki yazıram, ciddi sözümdür.

Mən də bilirəm ki, dil bilmək yaxşı şeydir. Bu, yaddaşı inkişaf etdirir, səyahətə çıxmaq, müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış olmaq üçün yeni imkanlar açır. Amma işə qəbulda bu tələbin üstündə köklənmək heç də yaxşı hal deyil. Dəxi uşaqlarımıza nə üçün Azərbaycan dilində dürlü-dürlü kitablar oxumağa, başqa fənləri öyrənməyə icazə verək? Onları elə uşaq yaşlarından ingilis dili təmayüllü məktəblərə qoyaq ki, sonradan işə düzələndə problem yaşamasınlar…

Görürsünüz, fikrimi çox ehtiyatla izah etməyə çalışıram ki, hay-küy salan, məni zəmanədən geri qalmaqda suçlayan olmasın. Sözün düzü, suç obyektinə çevrilməkdən yaman qorxuram.

Kim bilir, bəlkə, mənim bu fikrimə gülənlər də olacaq. Amma yenə deyirəm, bu məsələdə bir tikə günahım yoxdur. O səbəbə ki, biz azərbaycanlıyıq və dilimiz də Azərbaycan dilidir. Buna da bir kəsin sözü ola bilməz. Çünki bu, bizim ana kitabımızda təsbit olunub, inanmayanlar varsa, açıb oxusunlar – iyirmi birinci maddədir. Həqiqətən, bu məsələ elə bir xırda məsələ deyil. Gərək hamı buna diqqət etsin.

Amma bunu da heç kəs yaddan çıxarmasın ki, o şəxslərimiz ki, ingilis dilini, özləri demişkən, tum kimi çırtlayırlar onların əksəriyyətinin “Vətən”, “millət” anlayışlarından xəbərləri belə yoxdur. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu dili “alababat” bilənlər həmin dili yaxşı bilənlərdən qat-qat savadlı olurlar. Kimin şübhəsi varsa, yoxlaya bilər. Heç kəs elə bilməsin ki, mən zarafat edirəm, bu mənim doğru sözümdür.

Bu yerdə bir haşiyəyə çıxmaq istəyirəm. Bu günlərdə çox hörmət bəslədiyim Nazim Əkbərovun bir açıqlaması ilə tanış oldum. Bəri başdan qeyd edim ki, Nazim müəllimin yaradıcılığını izləyən bir şəxs kimi deyə bilərəm ki, onun hər yazısında ürək yanğısı, ürək ağrısı var. Nədənsə mən Nazim müəllimin hər yazısını oxuyanda onun dərdlərdən dolmuş gözləri, az sonra isə həmin dolu gözlərin damcıları gözlərim qarşısında canlanır (Şair əbəs yerə deməyib ki, gözdən yaş çıxarmı ürək yanmasa?). Deyəsən, lirik düşüncələr məni cənginə aldı axı. Nə isə…

Nazim müəllim yazır: “Bu günlərdə televiziya kanallarının birində bir məşhur adama həsr olunmuş verilişə baxırdım. Həmin verilişdə o məşhur şəxsin övladları – oğlu və qızı da atalarından danışdılar. Amma rus dilində… Azərbaycanda doğulub boya-başa çatmış bu övladların dediklərini tərcüməçi ekran başında olanlara çatdırırdı. Çünki onlar ana dilində danışa bilmirdilər”. Sonra da əlavə edir ki, azərbaycanlı ana dilində danışa bilmir, yaxud da danışmağı özünə sığışdırmır, odur ki, rusca danışmağa üsünlük verir.

Nazim müəllim, nə yazıq ki, sabah da belə olacaq. Fərq yalnız dil dəyişkənliyində olacaq, yəni ingilis dilində danışacaqlar. Bir də onda ingilis dilində danışan təkcə məşhurların uşaqları olmayacaqlar. Bilmirəm, buna “şükür” edim, yoxsa…