Zaparojye AES-in fəaliyyəti tam dayandırılıb

44

Sentyabrın 11-nə keçən gecə Kiyev vaxtı ilə saat 03:41-də Zaparojye Atom Elektrik Stansiyasının (AES) sonuncu – altıncı bloku da dayandırılıb.

Bu barədə Ukrinform agentliyi Ukraynanın Dövlət Nüvə Enerjisi Kompaniyasına (Energoatom) istinadla məlumat yayıb.

Energoatomun məlumatında bildirilir ki, hazırda AES-in soyudulması prosesinə hazırlıq görülür. Zaparojye AES-in Ukrayna elektrik şəbəkəsi ilə bütün bağlantılarının bölgədəki döyüşlər səbəbindən zərər gördüyü qeyd edilir.

Xatırladaq ki, sentyabrın 6-da Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaparojye AES-də yoxlamaların nəticələri barədə hesabat təqdim edib. Sənədə əsasən, stansiya ərazisində Rusiya hərbi texnikasının yerləşdirilməsi halları qeydə alınıb. Sentyabrın 9-da AEBA-nın baş direktoru Rafael Qrossi stansiya ətrafında nüvə təhlükəsizliyi zonası yaradılmasına çağırıb.

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Stansiyada Ukraynanın elektrik enerjisinin dörddəbiri istehsal edilirdi. AES-dəki altı enerji blokunda müharibəyə qədər ümumilikdə 6 min meqavata yaxın elektrik enerjisi generasiya olunurdu.azərtac