Mövlananın yeddi öyüdü

708
Bəşər tarixində elə böyük zəkalar, parlaq şəxsiyyətlər var ki, yazdıqları, söylədikləri heç zaman köhnəlmir, dəyərini itirmir. Elə bil ki, ötüb-keçən, keçdikcə də hər kəsi qocaldan zaman bu cür nadir insanlara toxunmur, onları gələcək nəsillərdən uzaqlaşdırmır, ayırmır.
Belə parlaq şəxsiyyətlərdən biri, heç şübhəsiz, Şərqin böyük mütəfəkkiri Mövlana Cəlaləddin Rumidir. XIII əsrdə yaşamış bu böyük fikir adamının əsərləri İslam dünyasında ən çox oxunan əsərlər arasında yer tutmuşdur. 700 ildən artıq bir dövr ərzində bütün məktəb və mədrəsələrdə Mövlananın əsərləri tədris edilmişdir. “Məsnəvi”, “Divani-kəbir” (böyük divan), “Yeddi məclis”, “Məktubat” əsərləri dünya ədəbiyyatının inciləri sırasında yer almaqdadır. Bugünkü Əfqanıstan ərazisindəki Bəlx şəhərində doğulan, amma həyatının ən parlaq dövrünü Anadoludakı Konya şəhərində yaşayan Mövlana əsərlərini o dövrün ənənələrinə uyğun olaraq, fars dilində yazmışdır. Mövlana düşüncəsinin mərkəzində Allahın yaratdıqlarını sevmək, həm də Allahın rəğbətini, razılığını qazanmaq üçün sevmək (yaradılanı Yaradandan ötrü sevmək) prinsipi durur. İnsanlar onu sevgi ümmanı adlandırmış, sevməyi ondan öyrənmişlər. Onun əsərləri, xüsusilə də “Məsnəvi” çox ibrətli, insana gerçəyi anladan misallarla doludur.Mövlana insanlara çox şeyi öyrətmişdir. Həm də onu öyrətmişdir ki, insan həyatını düzgün yaşaya bilsə, ölüm onun üçün toy-bayrama çevrilər. O, bunu öz həyatı ilə sübut etmişdir. Belə ki, ölüm yatağında olarkən ailə üzvləri kədərlənib ağladığı halda, Mövlana özü fərəhlə “Allaha qovuşuram. Rəsulullaha qovuşuram” söyləmişdir. Ona görə də hər il Mövlananın ölüm günündə, yəni dekabrın 17-də dünyanın müxtəlif yerlərindən Konya şəhərinə toplaşan minlərlə insan bu böyük şəxsiyyətin anma mərasiminə, “Şəbi-Əprus”, yəni vüsal gecəsi məclisinə qatılır.Mövlananın yeddi öyüdü:

 

Xeyirxahlıqda və yardım etməkdə axar su kimi ol.

 

Şəfqət və mərhəmətdə günəş kimi ol.

 

Başqalarının qüsurunu örtməkdə gecə kimi ol.

 

Hiddət və əsəbilikdə ölü kimi ol.

 

Sadəlikdə və təvazökarlıqda torpaq kimi ol.

 

Xoş görməkdə dəniz kimi ol.

 

Ya olduğun kimi görün, ya göründüyün kimi ol.

 

 

 

Mövlanadan seçmələr:

 

Nə insanlar gördüm ki, əynində libası yox,

Nə libaslar gördüm ki, içində insanı yox.

 

Tikandan gül bitirən qışı da bahara çevirə bilər.

 

Nə dəniz bir köpəyin ağzı ilə murdarlanar, nə günəş üfürməklə sönər.

 

Bu dünyaya dikilmiş gözlər qulağa tıxanmış pambığa bənzər.

 

Yaşıllıqların gülə bilməsi üçün buludların ağlaması lazımdır.

 

Qabığı qırılan sədəf üçün üzülmə, çünki içindən inci çıxacaq.

 

Elm sahilsiz dəniz, elm istəyən isə bu dənizə dalmış dalğıcdır.

 

Bülbül gözəl oxuduğu üçün qəfəsə salınar, qarğanı, ya bayquşu kim qəfəsdə saxlar ki?!

 

Tapılmayanda turş meyvə belə adama şirin gələr.

 

Aşiqlərin könül yanğısı və göz yaşları olmasaydı, bu dünyada nə su olardı, nə atəş.

 

İki barmağınla gözlərini yum. Bir şey görə bildinmi?- Amma sən görə bilmirsən deyə, bu dünya yox deyil ki…

 

Ey qardaşım, bu dünya iti bir qılınc kimi qarşındadır, tövbə və Allaha qulluq qalxanını əlindən yerə qoyma.

 

Bu dünyada yüzlərlə axmaq ətək-ətək qızıl verib, şeytandan dərd satın alır.