“Zamanın əlindən, içindən heç yana qaçıb qurtarmaq mümkün deyil”

676

Şeirlərinin bir çoxu dillər əzbəri olan Musa Yaqub çağdaş poeziyamızın ustadlarındandır. İstər içtimai və təbiət, istərsə də məhəbbət mövzusunda qələmə aldığı əsərləri böyük maraqla oxunur. Çünki bu şeirlərdə səmimiyyət, həyat həqiqətləri və təbiilik çox güclüdür. Onun qələmindən çıxan misralar arı pətəyindən süzülən bal kimi şirin və ürəyəyatımlıdır. Yəqin ki, bu, şairin təbiətə və onun bir parçası olan insanlara sevgisindən doğur. Şeirləri pafosdan uzaqdır. Bu əsərlərdə Haqqa sevgi, gələcəyə inam, ilkinliyə və saflaşmağa çağırış güclüdür.

O, yaradıcılığı şəxsiyyəti ilə eyniyyət, bütövlük təşkil edən sənətkarlardandır. Onu xalqa sevdirən amillərdən biri də budur.

Müsa Yaqub xoşbəxt şairdir. Çünki şeirləri xalqın yaddaşında yaşayır.

Şair bu günlərdə redaksiyamızın qonağı idi. Onunla payızın bu il soyuq gəlişindən tutmuş, yeni şeirlərinədək bir çox mətləblərdən danışdıq. Söhbətin bəzi məqamlarını oxucularımıza təqdim edirik.

– Musa müəllim, xatırlayırsınızsa, Sizinlə neçə il əvvəl də redaksiyamızda görüşmüşdük. O zamankı söhbətləriniz həm qəzet səhifəsində, həm də ürəyimizdə yaşayır. Nə vaxt idi ki, bir görüş üçün də fürsət axtarırdıq. İstəyirdik ki, bir daha Sizin ürək sözlərinizi, məsləhətlərinizi eşidək. Bu günlərdə son silsilə şeirlərinizi “525-ci qəzet”də oxuyandan sonra bu istəyi dilə gətirdik. Sağ olun ki, sözümüzü yerə salmadınız. Xoş gəlmisiniz!

– Zamanın əlindən, içindən heç yana qaçıb qurtarmaq mümkün deyil. Ötən görüşümüz mənim yaddaşımda xoş bir hadisə kimi yaşayır. Baxıram, məkan dəyişsə də “Zaman-Azərbaycan” dəyişməyib. Arabir də olsa, həm “Ailəm” jurnalını, həm də “Tumurcuq” və “Çempion” qəzetlərinizi oxuyuram. Hazırda uşaqlar üçün nəşr edilən qəzetlər arasında “Tumurcuq”un xüsusi yeri var. “Tumurcuq”un önü lap gülə dönəcək qədər açılmalıdır…

– Musa müəllim, bu yeni layihəmizdir. Ağsaqqal kimi, ədəbiyyatımızın önündə gedən şair, təmiz adam kimi əvvəlcə Sizi dəvət etdik. Qeyd edildiyi kimi, buna bir səbəb də qəzetdə çıxan son silsilə şeirləriniz oldu. O şeirlərin səmimiyyəti hamımızı təsirləndirdi. O şeirlərdə payız ovqatı ilə yanaşı, bir nisgil var. Buna görə də adamı ağrıdır. Amma çox təbii və ürəyəyatımlıdır.

– Türkiyədə bir kitabım nəşr edilib. İmdad Afşar adlı qardaşımızın zəhməti sayəsində ərsəyə gəlib. İmdad bəy həm Orta Asiya türklərinin, həm də bizim türkcədə çox rahat danışır. O, Buynuza da gəlmişdi. Keçən görüşümüzdə Sizi də dəvət etmişdim. Payızdan sonra qış gəlir, Siz də gəlin. Orada qışın ayrı ləzzəti olur….

“O sonuncu yarpaq mənəm yellənən”

– O gün zəng edəndə dediniz ki, kənddən dünən qayıtmışam. İndi təbiətin ahıl çağı, payızın soyuq günləridir. Fəsillər arasında Siz ən çox payıza şeir həsr eləmisiz. Bu payız günlərində kənddə nə gördünüz, haraları gəzdiniz, kimlərlə görüşdünüz? Qısası, bu payız Sizdə hansı əhval-ruhiyyəni doğurdu?

– Mən həmişə demişəm ki, payız payıza oxşamaz. Deməli:

Orda bitməyəcək o solan çiçək.

Külək o yarpağı oyatmayacaq.

Düzdü, min-min belə payız gələcək,

Amma heç bu payız qayıtmayacaq.

Nöşün ki, hər il payız gəlir, amma heç biri əvvəlki payıza bənzəmir. Oxşasa da belə o payız deyil. Ömrümüzdən keçən hər bir payız bir də qayıtmayacaq, o yarpaq əvvəlki yerində bitməyəcək.

Bu dəfə payız mənə çox soyuq gəldi. Bəzən heç dekabrda hava belə soyuq olmur. Amma payız çox gözəl fəsildi, insanı düşünməyə, dəyişməyə vadar edir. Dünyanın hər üzünü fikirləşirsən, belə demək olarsa, dağı arana, aranı dağa daşıyırsan, bir daha bu dünyanın faniliyini yəqin edirsən.

Həmin yurd-yuva idi. Gəzdim dolandım. Başı ağ çalmalı Canalı dağına, yolumun üstündəki ağaclara, bulağa, daşa, quşlara salam verdim…

– O sonuncu yarpaq mənəm yellənən,

Hələ budağında ləngiyir ömrüm.

Boğazı tıxanıb, arxı lillənən

Bir payız arxıdır, səngiyir ömrüm.

Bu misralar isə Sizin “Payız vadisi” şeirinizdəndir. “Bu payızın dərdi götürüb məni” şeiriniz daha kövrək hislərin məhsuludur. Adam oxuyanda bir yerdə rahatlıq tapa bilmir. Ümumiyyətlə, payız mövzusunda şeirlərinizin hərəsi, belə demək olarsa, bir təbiət qalereyasıdı. Payız haqqında şeirləriniz toplansa gözəl bir kitab olar. Özü də ötən il payıza yazdığınız şeirlə bu il yazdığınız şeir başqa-başqa çalardadır. Bu şeirləri oxuyanda adam dəyişir, təmizlənir, həlimləşir. Son şeirlərinizdən olan “Uzaq… Uşaq …”da belə bir misra da var: “Payızlar bənzəmir biri-birinə.”

– Axı ömrün günləri də bir-birinə bənzəmir. Əgər yaşadığımız payızlarda eyni duyğuları, hissləri yaşasaydıq, onda şeirlər də biri-birinə bənzəyərdi. Yəni, ovqat əvvəl bizdə əmələ gəlir, sonra payızda.

Amma mən demirəm baharı sevmirəm. Mənim bir kitabım var – “Payızdan bahara yol varmı?” Payızın yolu var, amma bizim yolumuz yoxdu… Mənim taleyimə, nədənsə, payız düşüb.

– Bəlkə payızda itirdiyiniz əzizləriniz olub?

– Əlbəttə, olub… Mənim bir dostum var, deyir ki, sən şeirlə danış, sözlə danışanda korlayırsan.

Payızın hökmüylə əsdi bir külək,

Bir yaşıl səltənət çovğuna düşdü.

Ağaclar bir yaş da qocaldı demək,

Bir yarpaq nəsli də qırğına düşdü.

Aldı verdiyini geriyə torpaq,

Qazancı nə oldu bağın, bağçanın.

Bir yarpaq boy atdı körpə bir uşaq,

Ömründən bir yarpaq düşdü qocanın….

– Bir vaxt Məmməd Araz sizin şeirinizə qarşılıq yazmışdı. Onunla dostluğunuz, səmimiyyəiniz vardımı?

– O, Buynuza tez-tez gəlirdi. Məmməd Araz Şahbuzun Nurs kəndindən idi. Azərbaycana görə, kəndlərimiz xeyli uzaqdı, amma hisslərimiz, duyğularımız elə yaxın idi ki.

– Onda Məmməd Arazın adı siyahılara yazılırdı, amma Sizə növbə çatanda “… və başqaları” deyilirdi. Musa müəllim indi “…və başqaları”ndan çıxıb, yoxsa əvvəlki kimi qalmaq Sizə xoşdur?

– Mənim elə yazmağıma baxma, o yerdə ki, adam özündən bədgüman olur, onda kədərli olur. Bilirsən, paxıllıq başqa şeydi, qibtə başqa şey. Mən heç vaxt elədiyim yaxşılığın dalınca baxmaram ki, o da mənə eləsin, lazım deyil. Ona görə də mən “…və başqaları”nda da yaşaya bilərəm, başqa adda da yaşaya bilərəm. Haqqı ürəyimdə axtarıram.

– Amma Musa Yaqub şeirdə iddalı, öz sözünə güvənən adamdı axı…

– Vəssalam, siyasətim də, sözüm də odur.

– Hansısa şeirinizdən imtina etmisiniz?

– İmtina yox, ancaq bir neçə ilk şeirlərim var ki, onları kitaba salmamışam. Amma bu, imtina demək deyil, o şeirlər yenə mənimdi. Məsələn, “İki qəlb, iki dünya” adlı ilk poemam çap olunub. Ancaq o poemadan sonra mən çox əziyyətə düşdüm. Çünki o əsər köhnə hava ilə, ritorika ilə yazılan əsər idi. Onda poeziyada bir təzələnmə baş verirdi. Yeni poeziyaya girmək çox çətin idi. Məni təbiət çıxartdı o əzabdan.

“Həyatda mövqe qazanmağıma görə anama borcluyam”

– Siz ömrünüzün çoxunu rayonda yaşamısınız. Müəllimlik etmisiz, məktəb direktoru, rayon qəzetinin redaktoru olmusuz, sonra da millət vəkili seçilib, paytaxtda yaşamağa başlamısız. Amma söhbətlərinizdən, yazdıqlarınızdan belə çıxır ki, yuxularınızda həmişə ancaq kəndi, boya-başa çatdığınız eli-obanı görürsünüz. Belə yaşamaq Sizə hansı həqiqəti aydın edib?

– Yuxu özü də yaşadığın torpaqdan, məkandan yaranır. O məkan mənə daha doğmadı. Çünki uşaqlığım, gəncliyim o yerlərdə keçib. Əziz adamlarım o torpaqda yatır. O dağlar, o çaylar, meşələr, daşlar mənim əbədi qəhrəmanlarım, ruhumdu. Ona görə də yuxularım o yerlərlə bağlı olur. Bir də insan yuxuda əsasən keçmişini görür, təsəlli tapır, ovunur. Gələcəyi görsəydik xoşbəxt olardıq ki…

– Atanızı çox erkən itirmisiniz. O illərdə üç övlad böyütmək təbii ki, çox ağır olub. Ananız isə bunu çox mərdliklə bacarıb. Allah ona rəhmət eləsin, məzarı nurla dolsun. Sizin “Ana ömrü” adlı çox qiymətli şeiriniz var. Guman edirik ki, Siz o şeirlə ananıza layiqli söz abidəsi ucaltmısınız. Həmin şeir həm də bütün anaların şəninə yazılmış layiqli əsərdi.

– Atamı doqquz yaşımda itirmişəm. İki qardaş, bir bacı olmuşuq. Anam bizi kolxozda işləməklə, həyət-bacada məhsul yetişdirməklə, mal-qara saxlamaqla böyüdüb. O, əslində əzabkeş bir kişiydi. 36 yaşında dul qalmışdı. Onun qeyrəti qaldırdı məni göylərin üzünə. Çox hökmlü qadın idi. Dediyini eləməsən əl çəkməzdi. Mən həyatda mövqe qazanmağıma görə anama borcluyam.

Ana ömrü- bir laylanın diliylə

Sənə yanmış, mənə yanmış bir ömür.

Ana ömrü- körpəsinin əliylə

Yuxuları oğurlanmış bir ömür.

Ata ömrü davalarda itəndə,

Ana ömrü təklənən bir ömürdür.

İki ömrün cəfasını daşıyıb,

Həsrət ilə yüklənən bir ömürdür.

Ana ömrü- balasının gözündən

Baxışıyla sevinc içən bir ömür.

Bəzi nankor övladların üzündən

Son günündə tənha köçən bir ömür.

Bir parçası mətbəxlərə tökülmüş,

Bir parçası bələklərə bükülmüş,

Bir parçası xatirələr dumanı…

Bir parçası ər ömrünün qurbanı.

Bir parçası oğul toylu-busatlı,

Bir parçası nəvə eşqli-qanadlı.

Bir parçası qızlarından nigaran…

Ağuşunda qəzəbləri uyudan,

Dünyamızda hərb odunu soyudan

Ömrümüzə səpələnmiş bir ömür.

– Bu şeiri yazanda neçə yaşınız olub?

– Təxminən qırx yaşım olardı.

– Payızda yazmısınız?

– Elədir.

– Bəs, Sizin şair olmanızda ata həsrətinin nə dərəcədə rolu olub?

– Bayaq qeyd elədim ki, mən 9 yaşım olanda atam dünyasını dəyişib. Bir “Atam,… atam” şeirim var. Məncə yaxşı alınıb.

Atam təzəcə dünyasını dəyişmişdi. Onda payızın da ilk qarı düşmüşdü, yaman soyuq idi. Çıxdım balkona gördüm anam ağlaya-ağlaya deyir ki, ay Allah, mən bu körpələri necə saxlayacağam, necə eləyəcəm?… Amma uşaq olsam da, mən özümü ümidsiz saymırdım.

Bəlkə də məni ata həsrəti ayıltdı. Anama kömək eləməyə çalışdım, dərslərimi yaxşı oxuyub onu sevindirdim. O yaşda bəzən soyuqda kürəyimdə dən qonşu kəndə dəyirmana gedib qayıtdım. Həyat məni yetişdirdi…

Mənim şair olmağımda təbii ki, atasız böyüməyim böyük rol oynayıb. Bilirsiniz, şeirin yaranması üçün, belə demək olarsa, bir söykəndiyin yer olmalıdı. O həsrət olmasa şeir yaranmaz. Gərək torpaqla əlləşəsən, onun dilini biləsən ki, torpaqdan yaza biləsən.

– İndi nəvələriniz var, hələ də atanızın həsrətini çəkirsiniz?

– Bütün yük belimdə olanda ata həsrətini çox çəkmişəm. Amma ata, baba olandan sonra bunu demək bir az çətindi.

– Yəqin ki, rəhmətlik həyat yoldaşınız da yuxularınıza gəlir…

– Çox qəribədir. İndi yuxularıma çox vaxt anamla, ömür yoldaşım qoşa gəlirlər. Bəzən də gah anam, gah da o gəlir… Ömür yoldaşımla qırx altı il birlikdə yaşamışıq. Nigarançılıq, qayğılar içində keçdi ömrümüz.

– Sizin bir misranız elə içimdə oturub ki, elə bil həyatda yaşadıqlarımdı: “Eləmədiklərim yandırar məni”. Çöx ağrılı misradır.

Əvvəl budaq-budaq suda uyuyan,

Sonra çarxı dönüb, arxı quruyan

Bir yağışa həsrət söyüdlər kimi,

Eləmədiklərim yandırar məni.

Özümə verdiyim öyüdlər kimi,

Eləmədiklərim yandırar məni….

Sizi belə narahat edən, göynədən nədir?

– Onu demək mümkün deyil. Bu şeirin içində sevgi də var, zamanla bağlı yaşanan gileylər də. Yəqin ki, hər şeyi açıb desəydim, heç o şeir yaranmazdı.

– Musa müəllim pulla necə yola gedir?

– Dolana bildiyim qədər bəsimdi, artığını istəmirəm. Heç vaxt çoxlu pulum olmayıb ki, onun qayğısını çəkim.

– Eşitmişəm ki, Siz ilk dəfə Bakıya işləməyə gəlmək istəyəndə Süleyman Rüstəm Sizə “ Kimə tapşırıb gəldin?” adlı bir şeir yazıb. Sonra kimsə onunla zarafat edib. Bu, necə olub?

– Hə, elə məsələ olub. Mən Bakıya işləməyə gəlmək fikrinə düşmüşdüm, amma hələ gəlməmişdim. Süleyman Rüstəm də bunu eşidib mənə “Kimə tapşırıb gəldin?” adlı bir şeir yazmışdı. Səmimi, dostyana yazılmış şeir idi. Bir gün gözəl yazıçımız Fərman Kərimzadə girir onun otağına və zarafatla deyir ki, Süleyman müəllim, sizin o şeiriniz Mərkəzi Komitədə narazılıqla qarşılanıb. Deyirlər ki, o nədi yazıb, “kimə tapşırıb gəldin? “Məgər Musa Yaqub raykom katibidi, ispolkomdu, meşə idarəsinin rəisidi ona belə müraciətlə yazıb? Süleyman Rüstəm də o vaxt Yazıçılar İttifaqının katibi olmaqla yanaşı, Ali Sovetin sədri idi. Fərmanın bu sözlərindən sonra telefonun dəstəyini qaldırıb Mərkəzi Komitəyə zəng vurmaq istəyir. Fərman müəllim incə üsulla deyir ki, Siz ağsaqqal adamsız, hər yetənə baş qoşmayın, kişini sakitləşdirir. Fərman bunu mənə də gəlib danışdı…

Süleyman Rüstəm, Məmməd Araz, Mirvarid Dilbazi və demək olar ki, əksər şairlər mənim haqqımda şeir yazıblar. “Bu dünyanın qara daşı göyərməz” şeirimə səksən-doxsan bənzətmə yazılıb, toplansa bir kitab olar. Könüllərinə düşüb yazıblar.

– Artıq neçə ildi Bakıdasınız, o bağı-bağçanı kimə tapşırıb gəlmisiz? Bu sualı müasir nöqteyi-nəzərdən verirəm.

– Daha tapşırmağa ehtiyac yoxdu, yiyələri çoxdu. İndi Buynuzda bölünməmiş bir qarış da yer qalmayıb.

– İnsanın insana etibarı olur, həmişə kimlərisə özünə arxa bilir. Amma həyatdı da, kiminsə ya tamahı güc gəlir, yaxud vəzifə təklif edirlər deyə o etibarı sındırır, itirir. Sizin etibarınızı itirən dostlar, tanışlar olubmu? Yəqin ki, məqamı düşəndə onlar haqqında da fikirləşməli olursunuz.

– Bütün insanların həyatında belələri olur. Mən müxalifətçi deyiləm. Ancaq hamı bilir ki, şairlər həmişə müxalif insanlardı. Bəlkə mənim yazdıqlarımı həzm edə bilməyənlər məni müxalifətçi adlandırırlar. Bu, onların işidir. Elələri olub ki, müəyən vaxtlarda mənə salam verməkdən çəkiniblər, məndən gen durmağa çalışıblar. Doğrusu, mən ürəyimdə onlardan incimişəm. Bir müddət sonra görmüşəm ki, həmin adamların ürəklərində mənə sevgi var, onları bağışlamağa çalışmışam. Ümumiyyətlə, bu barədə danışmaq mənim üçün çətindi.

İnsanın insana etibarı, ərki olmalıdır. Biz yaşadığımız el-obada belə görmüşük. Bir dəfə bir dostum Bakıda məni evinə dəvət eləmişdi. Blokda soruşdum ki, üzbəüz qapı qonşun kimdi? Dedi ki, bilmirəm. Dedim ki, sən neçə ildi burada yaşayırsan? Dedi on ildən çox olar. Dedim, hələ sən bilmirsən qonşun kimdi? Baxdım ki, qapıların arası üç metr olmaz. Dəhşət məni götürdü. Axı insan belə yaşamamalıdır. Qonşu ilə qonşu münasibət qura bilmirsə, yaxud qurmaq istəmirsə biz hara gedirik!? Axı ata-babalarımız bir-birinin qapısını ərklə açıblar, xeyir-şərinə ortaq olublar, süfrəsində ərklə oturublar.

“Şeir toxum kimi bir şeydi…”

– Hər yazarın özünəməxsus yaradıcılıq üslubu, yazı manerası olduğu kimi, işləmə tərzi də başqalarından fərqlənir. Şeir Sizin içinizdə necə yaranır? Hansı məqamlarda hiss edirsiniz ki, mütləq yazı masası arxasına keçməlisiniz?

– Şeirin yaranması qəribə bir şeydi. Onu deyim ki, mənim heç vaxt əməlli başlı yazı masam olmayıb. Heç vaxt gedib bir yerdə oturmamışam ki, şeir yazacağam. Çox zaman yol gedə-gedə, bağda, bağçada gəzinə-gəzinə, hansı məclisdəsə söhbət edə-edə müəyyən misralar ürəyimdə qaynayıb və mən imkan olan kimi onları kağıza yazmışam. Şeir toxum kimi bir şeydi, beyninə düşdü, hansı məqamdasa cücərəcək. Məsələn, bir gün səhər yartağımda uzandığım yerdə hansısa şeirin misraları yaranır və onu yazıram. Amma lap rahat günlərim olub ki, iki ayda bir misra da yazmamışam. Lakin qarışıqlıq olanda, işin-gücün çox vaxtında bir-birinin dalınca şeir yazdığım günlər də olub.

– Musa müəllim, hansı insanlara qibtə edirsiniz?

– Elmlə məşğul olan insanlara, xüsusilə astranomiya elmi ilə məşğul olanlara qibtə edirəm. Mən özüm astranomiyanı çox sevirəm. Eyni zamanda ürəyi geniş, sözübütöv insanlara, Haqqın, ədalətin tərəfində olanlara, dediklərini yerinə yetirən, halal malını, dövlətini bacarıb imkansızlara paylayanlara da rəğbətim böyükdür. Əgər adamın verən əli varsa, başqasının qəlbini qırmırsa, özünün rahatlığını başqasının rahatlığı hesabına qurmursa beləsi, məncə, çox yaxşı insandır.

– Sizin əsərlərinizdə əsrin ən böyük problemlərindən olan ekologiyanın qorunması, belə demək olarsa, qırmızı xətt kimi keçir. Şeir və poemalarınızda təbiətin insan həyatındakı əvəzedilməzliyini dönə-dönə qeyd etməklə, sanki həyəcən siqnalı çalırsınız. “Qırqovulam, təkəm mən” lirik poemanız, “Yaşıl faciə”, “Qırğın”, “Yemişan ağacı” və neçə-neçə digər şeirləriniz buna misal ola bilər. Bu xidmətinizə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yaxud digər təşkilatlar Sizə, heç olmazsa, təşəkkür ediblərmi?

– Aktyor çağırıb mənim təbiət şeirlərimi lentə yazdırmışdılar. Sonra nədənsə unuduldu. Mən o şeirləri təşəkkürə, yaxud mükafata görə yazmamışam ki… Elə uzaqdan-uzağa kim qiymətləndirirsə, sağ olsun. Qədirbilənlər var. Vallah o gün olmur ki, mənə bu barədə oxucu zəngi olmasın. Bu, bəsdi mənə.

– Sizin Allaha sevginiz şübhəsizdir. Son illər Uca Yaradana müraciətlə xeyli şeir yazmısınız. Bəs axşamlar dua edirsinizmi?

– Bəli. Mən həmişə Allahı başım üstündə görürmüşəm və mənə verdiyi nə varsa Ona sonsuz şükürlər etmişəm. Allahdan çox razıyam, mənə təbiətin gözəlliyini, sirlərini görməyi də qismət edib…

“Göyərməz qara daşım,

Bu yağışı neylərəm…”

Çöldə bərk yağış yağırdı. Buna görə də soruşdum: Musa müəllim, yağışı sevirsiz?

– Vaxtında yağan yağışı sevirəm-, dedi.

Yadıma onun yağışa həsr etdiyi bir şeirdən bu bəndlər düşdü:

Vaxt varikən buludum

Su vermədi bir udum.

Nə sərim, nə qurudum,

Bu yağışı neylərəm.

Bir bayatı ağıdan

Sinəm küldü yanğıdan.

Payızımda ağladan-

Bu yağışı neylərəm.

Nazilib ömrüm, yaşım

Aşınıb aşım-aşım.

Göyərməz qara daşım,

Bu yağışı neylərəm…

İş yoldaşlarım sualı sual dalınca verirdilər. Musa müəllim də həvəslə cavablandırırdı. Hərdən də cavab əvəzinə səmimiyyət dolu gözəl misralarını dilə gətirirdi… Bir anda mənə elə gəldi ki, indi payız yox, baharın gözəl çağıdı. Ağaclar çiçək yağışında çimirlər, arılar şirə toplamaq üçün çiçək talası axtarırlar, bir vaxt ocaq qalanmış yerdə otlar yamyaşıldı, yenə bulaqlar öz nəğməsi oxuyur, leyləklər boş qalmış yuvalarına qayıdırlar… və baharın bu gözəlliyindən, hərarətindən yol qırağındakı qara daş da göyərib…

Söhbəti yazdı: Səməd Məlikzadə