Zalım ruzgar imkan versəydi…

0
38

Bu yazıda sizə Ağadadaş Şahbazov haqqında söhbət açacağam. Yazıma isə atamın 1966-cı ildə Ağadadaş müəllimlə bağlı qələmə aldığı və “Azərbaycan müəllimi” qəzetinə təqdim etdiyi “Arzular həqiqətə dönəndə” oçerki ilə başlamaq istəyirəm: “Mən onu lap uşaqlıq zamanlarından tanıyıram. O öz yoldaşlarına nisbətən bir qədər dəcəl, həm də narahat bir uşaq idi. O vaxt o, çox arıq, boyca çox da uca deyildi. Qarayanız bir uşaq idi. Qonşuları onun adını arıq, çevik, həm də cəld olduğu üçün “Cırtdan” deyə çağırardılar. Bu ad onun xoşuna gələrdi, çünki hərəkətlərinə münasib ad vermişdilər.

Hələ də kiçik yaşlarında böyüklərə həsəd aparırdı. Hərdən öz-özünə deyirdi:

-Kaş mənim də yaşım çox olaydı. Onlar kimi stol arxasında oturub çalışardım. Dilim söz, əlim qələm tutacaqmı? Görəsən məni də kənddə tanıyacaqlarmı?

Əsəd kiçik oğlunun bu sözlərini eşidib, oğlunun başının üstündə durdu və dedi:

-Oğul, darıxma, hələ uşaqsan, nə yaşın var ki, böyük fikirlər ardınca qaçırsan. İnşallah, böyüyərsən, məktəbə gedərsən, oxuyub öz arzularına nail olarsan.

Bu vaxt Ağadadaşın yeddi yaşı tamam olub, səkkizinci yaşdan 4 ay keçmişdi. Elə həmin il, yəni 1937-ci ildə onu məktəbə qoyurlar”.

Əzablı illər

Yazımın bu hissəsini isə Ağadadaş müəllimin 1954-cü ilin sentyabr ayının 22-də Tiflis şəhərində əsgərlik illərində yazdığı “Həyatımdan bəzi qeydlər” adlı xatiratı ilə davam etdirirəm: “Nəhayət, on bir baharı yola salıb, ata-ananın mehriban və ilkin övladı olub həyatımın bir çox  qayda-qanunlarını başa düşməyə başlayıram. 1941-ci il yetişir.  Həyatda yenicə göz açıb yaşamaq və həyata atılmaq kimi gözəl arzuları yenicə düşünürdüm… 1941-ci ilin sentyabr ayının 7-si idi. Çox yaxşı xatirimdədir. Atam mənimlə vidalaşır və cəbhəyə hazırlaşır. Mən də anamla birlikdə atamı yola salmaq üçün kəndimizdən səkkiz kilometrlikdə yerləşən rayon mərkəzinə gəlirik. Həmin gün saat 2 tamamda atam məni qucaqlayıb öpərək bizimlə son görüş keçirib cəbhəyə yola düşür… Bu hadisədən iki il keçir. Həyatımın bu gənc çağında ağır bir dövr başlanır… İndi artıq gecələr ata boynuna sarılmıram, ata öyüdlərini dinləmirdim”.

Ağadadaş müəllim belə bir həyatın bütövlükdə kənddə cərəyan etdiyini də yazır: “Həmişəki kimi küçələrdə ata qucağında atılıb-düşən uşaqlar, gənclər küçələrdən yox olmuşdular… Yamyaşıl bağların ağuşunda qaynayıb coşan cavanları ilə sevinərək fəxr edən kəndim indi qaranlıq bir məzarıstana bənzəyirdi. Hər axşam anam bizi başına toplayıb olduğundan yedizdirib yatırardı. Artıq bu axşamlarım o keçmişin axşamlarına bənzəmirdi. Yeməkdən sonra ev içərisində atılıb-düşərək çıxardığım cürbəcür oyunları tamam unutmuş və mən də daha anamın qəmli dərdlərinə şərik olaraq böyük bir insan kimi gələcək haqqında düşünürdüm. İndi əlbəttə 4 nəfər uşağının çətin və ağır illərin qurbanı olmaması üçün anamın dərin düşünməsi lazım idi. Azyaşlı olmağıma baxmayaraq, belə ağır günlərə qarşı qəlbimdə döyüntülər əmələ gəlir, məni məktəb həyatından ayırmaq və açından ölməmək üçün işləməyə çağırırdı. Lakin məktəbdən ayrı düşmək mənə ölüm kimi ağır gəlirdi”. Müharibənin başa çatmasını, daha doğrusu, 9 mayı-faşizm üzərində qələbəni        isə o belə təsvir edir:  “1945-ci ilin may ayı yetişir. Yaxşı xatırlayıram. May ayının 9-u idi. Nədənsə yuxudan tez oyanmışdım. Günəşin çıxıb-çıxmamasını təyin etmək çətin idi. Həyat köksündən yaralanmış quş kimi taqətsiz olub həzin-həzin nəfəs alırdı. Səhər yeməyini yeyib, evimizin qarşısındakı bağcada dayanıb: “Nə olaydı ki, atamdan məktub gələydi, poçtalyona muştuluq verəydim”, – deyə xəyallara dalmışdım. Anam da adəti üzrə öz işinə getməyə hazırlaşırdı.  Artıq günəş qalxıb öz nurlu şüaları ilə aləmi işıqlandırmışdı. Hətta baxdıqca insan qəlbi döyünür və həyatının belə sakit və məyusluğuna acıyırdı. Az keçmişdi ki, cürbəcür qışqırıqlar, hay-küy səsləri eşitdim. Birdən: “Müharibə qurtarıb”, – deyə qulağıma ucadan bir səs gəldi. Bu intizarla gözlənilən sözün kim tərəfindən deyildiyini anlaya bilmədim. Məndə yeni bir təbəssüm oyandı, nə edəcəyimi heç özüm də bilmədim. Sevindiyimdən qeyri-ixtiyari ağlamağa başladım. Az keçmədi ki bağçalardan, çöllərdən camaat axışıb işdən qayıtdılar. Kəndi səs-küy almışdı, böyük bir bayram keçirilirdi.

Bu gün bütün varlıq gülür, küçələrdə, evlərdə xoş söhbətlər, məktəblilərin ura səsləri, radioların gurultulu şad xəbərləri kəndi zəlzələyə salmışdı. Küçədə dura bilməyib tez evə qayıtdım. Əlavə olaraq bu şad xəbəri bacılarıma və anama söyləyib: “İndi bəlkə bizim də atamız qayıdacaqdır”, – deyib anamın boynundan qucaqladım. Təssüflər olsun ki, ümidlərim boşa çıxdı. Atam cəbhədən qayıtmadı”.

Zənnimcə, Ağadadaş müəllim bu sətirlərlə müharibə illərinin Alpanını mahir  bir rəssam kimi çəkə bilib.  Odur ki, onun həmin illərlə bağlı qeydlərinə geniş yer verməyi düşündüm.

…Bəli, elə bu kimi səbəblərdən Ağadadaş məktəbdən ayrılmalı olur. Özünün dediyi kimi, yaşayış şəraitinin mümkünsüz olduğundan 1945-ci ildən 1948-ci ilə qədər məktəbdən ayrı düşüb işləməyə məcbur olur.

Haşiyə

Ağadadaş müəllimin nəvəsi Şamo Şahbazovun dediklərindən: “Babam o illlərdən söhbət açanda həmişə kövrələrdi. Deyərdi ki, məktəbə gedərkən ayaqqabı tapmırdı, odur ki, məktəbə çarıqla yollanardı.  Özü də çarıq tez yırtılmasın deyə ondan özünəməxsus şəkildə istifadə etməyə çalışarmış. Belə ki,  o, evlərindən məktəbin həyətinə çatana qədər ayaqyalın gedərmiş, ora çatandan sonra isə yaxınlıqdakı arxda yuyunub çarıqlarını geyinərmiş.

Atasının arzusu

…Ağadadaş Şahbazov bundan sonra orta məktəbi bitirir və ikillik Quba Dövlət Pedaqoji İnstitunun dil-ədəbiyyat fakültəsinə qəbul olunur. Onun müəllimliyi seçməsi isə təsadüfi olmur. Belə ki, o, bununla atası Əsəd İbadulla oğlunun arzusunu reallaşdırır.

Ağadadaş müəllim birinci kursda oxuyarkən, yəni 1950-ci ilin fevralın 27-də anası Mina xanımı da itirir. O, anasını basdırarkən sadəcə bu sözləri pıçıldayır: “Ana, məni bağışla. Təəssüf ki, zəhmətinin bəhrəsi olaraq övladlıq haqqını dadızdırmağa zalım ruzgar imkan vermədi. İmkan versəydi…”

Qeyd edək ki, Ağadadaş müəllim o illərdə iki bacısını da itirib (Əsəd kişinin 6 övladı olub). Bu illərdə o, daha çətin günlərini yaşayır. İndi o, məktəbi bitirmək, həm də ailəni saxlamalı idi. Bütün çətinliklərə rəğmən, Ağadadaş müəllim Müəllimlər İnstitunu bitirir və 1951-ci ilin avqustun 21-də Şamaxının Hacıqədirli kənd 7 illik məktəbinə müəllim təyin olunur.

Lakin o, burada çox çalışmır. Belə ki, kimsəsiz ev-eşiyi onu kəndə çəkir.  Odur ki, o, Şamaxı Rayon Maarif Şöbəsinə müraciət edir və 1952-ci ilin yanvar ayının 3-də buradan işdən azad edilərək Quba Rayon Xalq Maarif şöbəsinin sərəncamına göndərilir. Elə həmin gündən də Quba rayon Qımıl 7 illik məktəbinə müəllim təyin olunur. 1952-ci ilin sentyabrın 4-də ehtiyaca görə Quba 1 saylı uşaq evinə tərbiyəçi vəzifəsinə götürülür. 1952-ci ilin dekabr ayının 20-dən 1954-cü ilin oktyabr ayının 26-dək  Qızıl Ordu sıralarında hərbi xidmətdə olur. Ağadadaş müəllim hərbi xidmətdə olarkən zabit kadları yetişdirən məktəbdə təhsil alır və ona kiçik leytenant rütbəsi verilir. Ordudan tərxis olunduqdan sonra, daha dəqiq desək, 1954-cü ilin noyabr ayının 30-da Alpan kənd orta məktəbinə dil-ədəbiyyat müəllimi təyin olunur. Bu təyinatdan 4 ay sonra isə  Bədəlova Tamara ilə ailə həyatı qurur və bu izdivacdan 6 övladı (4 oğul, 2 qız) dünyaya gəlir.

1957-ci ildə Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitunun qiyabi şöbəsində daxil olur,  1962-ci ildə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kurs keçir. Bundan sonra o, Alpan kənd orta məktəbində dərs hissə müdiri üzrə məktəb direktorunun müavini təyin olunur.  Deyilənlərə görə, məktəbdə metodiki guşə yaratmaq, açıq dərslərin planını təşkil etmək, istehsalat müşavirələrinin çağırmaq onun adı ilə bağlıdır.

Haşiyə

Yaxşı yadımdadır. Onuncu sinifdə “Vaqif” pyesini bizə daha dərindən mənimsətməyə çalışırdı. Növbəti dərsdə isə Qacarla Vaqifin qarşılaşması səhnəsini rollar üzrə oxusunu təşkil etdi.  Bu bölgüdə mənə Qacar rolunu tapşırdı. Lakin mən o zamanlar mənfi surət kimi təqdim olunan Qacar rolunda çıxış etmək istəmədim. Lakin o, qulağıma: “Əgər sən Qacarın kim olduğunu bilsəydin, etiraz etməzdin” sözlərini pıçıdayandan sonra üzünü sinfə tutaraq bildirdi: “ Mən bu rolu sənin səs tonuna uyğun gəldiyi üçün vermişəm”. Sonralar mən dərk etdim ki, Ağadadaş müəllim hələ o zaman  tarixi həqiqətlərdən də xəbərdar imiş. Amma dövrün tələblərinə görə bu kimi nüansları  dilə gətirmirdi.

…Bir sözlə, Ağadadaş müəllim öz peşəsinin vurğunu olub. Qız nəvəsi Fərahim Səməndər oğlu Rəsulovun dediyinə görə, babası müəllimliyi seçməsindən heç vaxt peşman olmayıb, o, bu sənəti hədsiz dərəcədə çox sevərdi: “Hətta babam həmişə deyərdi: “İkinci dəfə dünyaya gəlsəydim, yenə müəllim olardım”.

Fərahim müəllim, həmçinin bildirdi: “Bəzən babamla bu və ya digər yerə gedərdim. Yol boyu qarşımıza çıxanlar babamla elə ehtiramla, elə səmimi görüşərdilər ki… Onların kimliyini soruşanda babam birinin mühəndis, birinin müəllim, birinin həkim olduğunu deyərdi və fəxrlə əlavə edərdi: “Şagirdlərim olublar”. Sözün düzü, mən də müəllimliyi məhz babamın simasında sevmişəm”.

Ağadadaş müəllimin zarafat boğçasından

Ağadadaş müəllim işdən sonra həyətyanı bağ sahəsində çalışmaqdan xüsusi zövq alardı. Üstəlik, bənnalıq, dülgərliklə də məşğul olardı. Onun texnikadan da başı çıxardı. Nəvəsi Şamo Şahbazovun sözlərinə görə, babası kənddə bir neçə ilkə imza atıb: “Kəndimizdə ilk dəfə motosikletdən yararlanan və maqnitofon işlədən mənim babam olub. Hətta maqnitofonla bağlı babam mənə bir əhvalat da söyləmişdi. Deyirdi ki, maqnitofon alan gün bir neçə müəllim dostumla evimdə bir məclis qurdum və heç kimə heç nə demədən onların səslərini yazdım. Məclis başa çatan kimi həmin lenti səsləndirdim. Dediyinə görə, məclis iştirakçıları bundan şoka düşürlər. Babam  bu əhvalatı o qədər məzəli danışardı ki, gülməkdən uğunub getməmək mümkün deyildi.

Ümumiyyətlə, Ağadadaş müəllim zarafatı sevən bir şəxs olub. Bu yazını hazırlayarkən məsləhətləşdiyim Zabit Babayev onun dəfələrlə məzəli söhbətlərinin şahidi olduğunu dilə gətirdi: “Məsələn, o, öz işinin öhdəsindən gələ bilməyənlər barədə deyərdi: “Sovet hökuməti olmasaydı, filankəs kimilər mənim keci saxlayanlarım olacaqdılar”. Özü də kimsə onun zarafatından inciməzdi.

Bu yerdə bir məsələyə aydınlıq gətirmək yerinə düşərdi. Niyə məhz o keçi deyərdi? Bu da səbəbsiz deyil. Belə ki, Ağadadaş müəllimin atası Əsəd kişi keçi saxlamaqla ailəsini dolandırardı. Atası cəbhəyə yollanandan sonra isə Ağadadaş müəllim özü bu işlə məşğul olub.

Ağadadaş müəllimin söz xəzinəsindən daha birni də təqdim etmək istəyirəm. Onu da atamdan eşitmişəm. Deməli belə. Günlərin bir günü müəllimlərdən biri dərsə hazırlıqsız gəlməyə adət edən və şuluqluğu ilə digər şagirdlərdən fəqrqlən oğlu Bakiri cəzalandırmağı, daha doğrusu, döyməyi Ağadadaş müəllimə tövsiyə edir. Ağadadaş müəllim də həmin müəllimə deyir ki, vallah, sənin dediyin üsulu dəfələrlə sınaqdan çıxarmışam, amma heç bir xeyiri yoxdur: “Bakir döyüldükcə kökəlir. Qorxuram ki, uşaqlarını kök görmək istəyənlər bu üsulumdan yararlanarlar. Bunun da düşər, düşməzi ola bilər. Odur ki, daha bu üsuldan əl çəkmişəm”.

Qeyd edək ki, 81- illik ömrünün 57 ilini müəllimliyə həsr etmiş Ağadadaş Şahbazov 2011-ci ildə vəfat edib.

Və sonda tarixi bir naxış

Zabit müəllimin dediyini görə, Alpanın inzibati  ərazisi 1920-ci illərə qədər şimalda Qusar çayına qədər uzanardı. İndi “Zareçka” adlanan Qusarçay sahilindəki qəsəbə bir zamanlar alpanlı Bağış bəyin mülkü olduğundan ora “Bağış bəyin düzü” adı ilə tanınardı. Həmin əraziyə gedərkən bizim tərəfin adamları Qusarçayı keçəndə əziyyət çəkərdilər. Ona görə də Sovet hökuməti yeni yarananda Ağadadaş Şahbazovun nənəsi, kəndimizin ilk firqəçi qadını hesab olunan Möhtərəmə o yerdə körpü inşa edilməsi məsələsini qaldırıb və buna nail olub. Ağadadaş müəllimin nəvəsi Şamo Şahbazov babasının nənəsinin o illərdə deputat olduğunu bildirməklə yanaşı, onun əsl adının Yadigar olduğunu da bildirdi.

Qvami Məhəbbətoğlu (Rəsulov)