Zabit Babayev: “Tarix belə biganəlikləri bağışlamır”

0
362

Babayev Zabit Bəcan oğlu 1952-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirib. O, Alpan kəndində bir sıra məsul vəzifələrdə (Quba ərazi partiya komitəsinin katibi, Sabir adına sovxozun direktoru, Quba Rayon İcra Hakimiyyətinin başçısının Alpan İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi) çalışıb. Zabit Babayev həm də Alpan kənd məktəbində tarix müəllimi kimi fəaliyyət göstərir. “Qədim Quba” və “Ermənilər və haylar. Erməni problemi” kitablarının müəllifidir.

Kəndimizin tarixinin bugünkü nəslə çatdırılmasında onun danılmaz əməyi var. O elə bu gün də bu istiqamətdə araşdırmalarını davam etdirir.  Söhbət “Qədim Quba” və “Ermənilər və haylar. Erməni problemi” kitablarının müəllifi Zabit Babayevdən gedir. Bu günlərdə bizi maraqlandıran bir neçə sualla ona müraciət etdik. Beləliklə, müsahibimiz Zabit Babayevdir.

-Zabit müəllim, tarixsiz millət olmadığı kimi, tarixsiz insan da yoxdur. Odur ki, deyirəm, bəlkə elə söhbətimizə sizin şəcərənizlə tanışlıqdan başlayaq?

– XIX əsrin ikinci yarısında Hülakü sərkərdəsi Atlıxanın nəslinin bir neçə nümayəndəsi bəy titullu şəxslər arasında öz ictimai mövqelərini qoruyub saxlaya bilmişdilər. Bunlar Babay nəslindən olanlar idi. Bu nəslin nümayəndələrindən Əlirza, Şixirza və Aşurun adlarını xüsusi qeyd etmək istərdim.  Onların hər birinin geniş torpaq sahələri olub. Bu, kəndimizdəki mövcud  toponomlərdə də özünü göstərir. Məsələn, “Əlirzanın yeri” (hazırda Tofiq Qubatovun pay torpağıdır), “Aşurun yeri” (qaçqınlar evindən kvartal yola qədər olan ərazi), “Şixirzanın yeri” (Aşağı gavalılıq  və ətraf əkin sahələri olan ərazi).

XIX əsrin 90-cı illərində Həcc ziyarətindən qayıdarkən Qara dənizdə quldurların  basqınına məruz qalaraq öldürülən Əlirzanın iki oğul övladı -Bəkir və Seyidrza olub. Əlirzanın kiçik oğlu Seyidrza Quba şəhərində yaşayıb və ötən əsrin 60-cı illərində vəfat edib. Böyük oğlu Bəkir isə gənclik illərində Xaçmazın  “Alekseyevka” kəndində yaşayıb.  1930-cu ildə un üyüdən dəyirman daşının parçalanıb Bəkirə dəyməsi nəticəsində o, həyatını itirib. Elə orada, Alekseyevka kəndində də dəfn olunub. Bu hadisədən sonra Bəkirin iki qızı – Nazan, Həva və yeganə oğlu Bəcan Alekseyevkadan Alpana qayıdıblar. Nazan Həsənqala (Qusar) kəndinə ərə köçüb, Həva isə Alpan kəndində ailə qurub. Atam Bəcan kişiyə gəldikdə isə, o kəndimizdə uzun müddət dəmirçi kimi fəaliyyət göstərib.

 -Siz kəndimizin ilk tarixçisi deyilsiniz. Yəni sizə qədər də tarix müəllimlərimiz olub… Amma nədənsə Alpan, əgər belə demək mümkünsə, onların əhatə dairəsinə düşməyib.

– Mənə qədər olan tarix müəllimlərimiz sovet tarix elminin şablon məlumatlarını mənimsəyib tədris etməklə məşğul olublar. Buna görə onları qınamıraım. Çünki o zamanlar dövrün tələbləri belə idi. Yeri gəlmişkən, onların arasında yalnız Məmməd Rüstəmbəyli tədqiqat işi ilə məşğul olub. O da Qubada sovet hakimiyyətinin yaranmasını araşdırıb. Sovet ittifaqı dağılandan sonra isə tarixçilərimizin Azərbaycan tarixinin öyrənilməsinə maraqları artdı. Mən də əgər belə demək mümkünsə, onların səsinə səs verdim. Nəticədə, əldə etdiyim məlumatlar əsasında Qubanın, eləcə də qədim kəndimizin kiçik tarixçəsini yazdım.

– Qubanın ilk müfəssəl tarixini əks etdirən  “Qədim Quba” və “Ermənilər və haylar. Erməni problemi” adlı kitabların müəllifisiniz. Araşdırmalarınız, tariximizlə bağlı məqalələriniz, kitablarınız bizi çox mətləblərdən agah edib. Səhv etmirəmsə, “Qədim Quba” kitabı 1996-cı ildə, yəni 24 il öncə qələmə alınıb… Həmin kitabın ikinci nəşrinə hazırlamaq fikrinə düşsəydiniz, ora Alpanla bağlı əldə etdiyiniz hansı yeni materialları əlavə edərdiniz?

-“Qədim Quba” kitabının yazılmasından sonra Quba rayonunun, o cümlədən Alpan kəndinin tarixi ilə bağlı yeni araşdırmalar aparıldı və bir çox faktlar üzə çıxarıldı. Düşünürəm ki, indi daha fundumental Quba tarixini yazmaq olar. Lakin nə gizlədim,  bu da müəyyən vəsait tələb edir. Bu vəsaitə isə təminat verən yoxdur. Yadıma düşmüşkən, bir vaxtlar Quba rayon İcra Hakimiyyətinin başçısı olmuş Ərzuman Əliyev bizi bu işlə məşğul olmağa həvəsləndirdi. Amma sonra nədənsə bu işi yarımçıq saxladı. Bir sözlə, Quba tarixini yenidən yazsaydım, orada Alpanla yanaşı, bütün kəndlərin yığcam tarixini də əks etdirərdim.

-Bəlkə, əldə etdiyiniz yeni faktları əsasında Alpanla bağlı yeni bir kitabı yazmağa başlayasınız. O ki qaldı onun nəşrinə. Bəlkə, elə bu yazı vasitəsi ilə həmkəndlilərimizə müraciət edək: qoy onlar bu məsələdə yardımçı olsunlar?

– Elə olan təqdirdə məmuniyyətlə…

 -Hərdən özünüzə kəndimizin tarixi ilə bağlı hansı sualları və yaxud sualı verirsiniz?

– Kəndimizin ərazisindəki kütləvi saxsı qırıntıları olan yerlərin böyük yaşayış yeri olduğu məni şübhələndirmir. Ancaq məni narahat edən bir sual bu kütləvi dağıntının nə zaman, nə üçün baş verməsidir. Tarixdə isə belə müəmmalı məsələlər çoxdur.

– Məndə  olan məlumata görə, indiyədək Alpan kəndinin ərazisində, demək olar ki, heç bir arxeoloji qazıntı işləri aparılmayıb. Bir tarixçi kimi bu barədə nələr düşünürsünüz?

-Alpanda arxeoloji qazıntıların aparılmasına keçən əsrin 50-ci illərində cəhd olunub. Hətta bu ərazinin qədim tarixə malik olduğu da müəyyənləşdirilib. Bu haqda 1976-1987-ci illərdə kiril əlifbası ilə nəşr olunmuş “Azərbaycan Sovet Ensiklopediyası”nda da məluma öz əksini tapıb. Digər bir məlumat isə bundan ibarətdir: ötən əsrin 80-ci illərində Leninqraddan gəlmiş etnoqraf və arxeoloqlar Alpan ərazisində olublar. Onlar Qalacıq ərazisinin eramızdan əvvəl I minilliyinə aid ərazi olduğunu bildiriblər. Mən hələ ötən əsrin 70-ci illərdə kəndimiz haqqında  tanınmış arxeoloq Rəşid Göyüşova da müraciət etmiş və kəndimizdə arxeoloji qazıntılara ehtiyac olduğunu nəzərinə çatdırmışdım. Yeri gəlmişkən, o vaxt Rəşid müəllim Şabranda (Dəvəçidə) tədqiqatlar aparırdı. Söz vermişdi gəlməyə, amma nədənsə gəlmədi. Amma mən hələ də ümidimi itirməmişəm. Düşünürəm ki, nə vaxtsa Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Alpana gələcək və arxeoloji tədqiqatlar aparacaqlar.

-Zabit müəllim, XVI əsrin yadigarı Subaba türbəsinin hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Baxımsızlıq ucbatından aşınmaya məruz qalmış türbə, başqa sözlə desək, tarix yox olmaq üzrədir. Bəs bu istiqamətdə hansı addımlar atılır?

– Subaba türbəsi barədə dəfələrlə məsələ qaldırmışıq. Hər dəfə maddi vəsait olmamasını qeyd ediblər. Halbuki buna elə böyük vəsait lazım deyil. Görünür, hələ də bu abidənin əhəmiyyətini dərk etmirlər. Amma bircə onu deyə bilərəm ki, tarix belə biganəlikləri bir kimsəyə bağışlamır.

– Yeri gəlmişkən, bu ilin may ayında faşizm üzərində qələbənin 75 illiyi qeyd olunacaq. Böyük Vətən müharibəsi illərində kəndimizin neçə sakini ordu sıralarına çağırılıb? Onlardan neçəsinə öz yurduna qayıtmaq nəsib olub?

-İkinci Dünya müharibəsində kəndimizdən 400 nəfərdən çox insan iştirak edib. Onlardan təqribən 160 nəfər döyüşlərdə həlak olub. Allah rəhmət eləsin!

Qvami Məhəbbətoğlu (Rəsulov)