Zərifə Salahova (85) + Miniatür Kitab Muzeyi (15) = 100

879

Ölkəmizdə dünyada analoqu olmayan bir muzey var: Miniatür Kitab Muzeyi. İçərişəhərdə fəaliyyət göstərən bu muzey onun təşkilatçısı, daha doğrusu, Əməkdar mədəniyyət işçisi, “Şöhrət” ordenli Zərifə Salahovanın adı ilə də tanınır. Artıq 15 ilə yaxındır ki, bu özəl muzey fəaliyyət göstərir. Dahi rəhbər Heydər Əliyevin qayğısı sayəsində ərsəyə gəlmiş Miniatür Kitab Muzeyində dünyanın 70-ə yaxın ölkəsində, o cümlədən ölkəmizdə çap olunmuş 6 mindən çox miniatür kitab toplanıb. Onların hər biri Zərifə xanımın gərgin axtarışları nəticəsində əldə olunub. Muzeydə 1998-ci ildə Bakıda nəfis tərtibatla nəşr olunmuş “Heydər Əliyev. Əsrin müqaviləsi” kitabı ( Bu kitabda ümummilli liderin həyat və fəaliyyəti, 1994-1998-ci illərdə yeni neft strategiyası ilə bağlı imzalanmış müqavilələr, xarici şirkətlərin siyahısı öz əksini tapıb), habelə 1815-ci ildə Londonda buraxılmış “İngiltərə tarixi” və digər nadir nüsxələr diqqəti xüsusilə cəlb edir. Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatının dərci olan 4 mikrokitab hesab edilir. Onlardan birinin ölçüsü 0,75×0,75 mm və 3-nün ölçüsü isə 2×2 mm təşkil edir. Onların cildi qoyun dərisindən düzəldilib. Adi gözlə nöqtə kimi görünən kitabın oxunması üçün özünün lupası var. Burada olan kitabların çoxunun yaşı 100 ildən artıqdır. Muzeyin ən “qocaman” kitabı isə 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan Müqəddəs “Qurani- Kərim”in nüsxəsidir.
Onu da qeyd edək ki, Azərbaycana məxsus Miniatür Kitab Muzeyinin kolleksiyası böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına da düşüb. Zərifə Salahovaya təqdim olunan “Guinness World Records” sertifikatı hazırda muzeyin içərisində divardan asılaraq nümayiş etdirilir. Təbii ki, bu muzeyin beynəlxalq əlaqələrinin genişləndirilməsinə və Azərbaycan mədəniyyətinin, milli mənəvi irsimizin dünyada təbliğinə və tanınmasına bir vəsilədir. Yeri gəlmişkən, ulu öndər Heydər Əliyev Zərifə Salahovanın bu sahədəki fəaliyyətini dəyərləndirərkən deyib: “Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə xanım Salahovanın fəaliyyəti yüksək qiymətə layiqdir”.
İki gün öncə Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, respublika “Kitab” Cəmiyyətinin sədri, Əməkdar Mədəniyyət İşçisi Zərifə xanımın 85 yaşı tamam oldu. Amma bu il daha bir tarixlə də əlamətdar olacaq. Belə ki, bu il Miniatür Kitab Muzeyinin təşkilinin də 15 iliyini arxada qoyacaq. Məlumat üçün bildirək ki, Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-də UNESCO-nun qərarı ilə bütün dünyada hər il qeyd edilən Beynəlxalq Kitab və Müəllif Hüquqları Günündə fəaliyyətə başlayıb.
Qvami Məhəbbətoğlu