”Zərgərlikdə iş nə qədər incə işlənirsə…”

0
464

Zərgərlik xalqımızın ən qədim el sənətlərindəndir. Bu sənət nümunələrini qoruyub yaşatmaq hər birimizin borcudur. Unutmayaq ki, müasir dövrdə qloballaşma prosesi gedir. Yəni xalqlar və ölkələr sürətlə bir-birinə inteqrasiya edirlər. Belə bir şəraitdə hər bir xalqın öz milli kimliyini qoruyub saxlaması, başqa xalqların onun mədəniyyət nümunələrini mənimsəməsinin qarşısının alınması əhəmiyyət kəsb edir. Hər bir xalq özünün milli və mənəvi dəyərləri, adət-ənənələri ilə yaşayır və tanınır. Odur ki, bu sərvətlərin qorunub gələcək nəsillərə ərməğan olunması mühüm rol oynayır.

Azərbaycan xalqı da tarixən qədim, eyni zamanda zəngin milli və mənəvi dəyərlərə malik olub. Mədəni irsimizin daşıyıcısı olan zərgərlik də əsrlər boyu formalaşıb və daha da inkişaf edərək bu günümüzə gəlib çatıb. Hazırda  zərgərlik məmulatlarının hazırlanması elektron cihazların köməyi ilə aparılsa da, onlar əllə işlənmiş zinət əşyalarını əvəzləyə bilmir. Mingəçevirli usta Fərman Məmmədov və Rauf İbrahimov kimi zərgərlərin hazırladığı nümunələr xüsusi zərifliyi, özünəməxsus naxışları ilə seçilir.
   Fərman Məmmədovun  bu sənətə uşaqlıqdan marağı olub, zərgərliyin sirlərinə yiyələnməyə başlayıb. Rəngarəng əl işləri ilə bu sənəti inkişaf etdirməyə, qədim naxışlarımızı yaşatmağa çalışib. Müsahibimiz 36 yaşlı Fərman Məmmədov 20 ilə yaxşndır ki, bu sənətin necə deyərlər fədaisidir. Mingəçevir sakini olan Fərmanı parıldayan metallara olan məhəbbəti sonda zərgər olmağa sövq edib. Bu sənəti Rusiya Federasiyasında öyrənən müsahibimiz deyir ki, zərgərlik sənətinin incəliklərindən biri də görmə qabiliyyətinin yaxş olması ilə əlaqədardır. Ondan sonra gördüyün işə diqqətlə yanaşmalısan. Necə deyərlər, zərgər dəqiqliyin olmalıdır. Zərgər onu da bildirir ki, bu sənətdə metalları yaxşı tanımalı, onlarla davranmanı bilməli, hətta qiymətli metallarla dil tapmağı da bacarmalısan: ”Elə  zərgərlərin dilləri ilə desək, bilməlisən ki, hansı metal hansı xasiyyətdədir.Bəlkə mən də zərgər olmasaydım, bu işlərə bu  qədər  maraq göstərməzdim. Amma ümumi götürəndə insanlar dəyərli işlərə o qədər də qiymət vermirlər. Əl əməyi başqadır. Bir üzüyə çoxlu vaxt və əmək sərf edirsən. Müasir dövrdə çoxları bahalı və “brend” markalara üstünlük verirlər. Sadəcə, “brend” olduğuna görə həmin malı almaq nə dərəcədə düzgündür? Təəssüf ki, çoxları keyfiyyətə deyil, bahalı olana qiymət verirlər. Mənim əsərlərimə də münasibət eynən belədir. İşlərə baxan kimi deyirlər ki, ən bahalı hansıdır? Ən bahalısını göstərəndə də deyirlər ki, niyə ən böyüyü baha deyil? Başa düşmürlər ki, zərgərlikdə iş nə qədər incə işlənirsə, o qədər də qiymətli olur”.

Digər müsahibimiz  zərgər Rauf İbrahimov bildirir ki, son vaxtlar bu sənətə tələbat azalıb: ”Əvvəllər bir gündə 100-150 dollar pulumuz olanda deyirdik ki, bu gün işləməmişik. 10 -15 şəyirdim olub. Hazırda onlar da öləkinin müxtəlif bölgələrində çalışırlar. Zərgər Fərman isə  deyir ki, tələbat azaldığından indi zərgərlərin çoxu dükanlarda təmir işləri ilə məşğul olur: ”Amma mən hələ də öz sənətimi zərgər olaraq yaşadıram. Düzdü, təmir üçün müraciət edən müştərilərimiz də var. Əl işi ilə zavod istehsalı müqayisə edilə bilməz. Ona görə də bəzi müştərilərim əl işinə daha cox maraq göstərirlər. Hazırda hazırladığım müxtəlif çeşiddə boyunbağı və digər qızıl əşyaları zavod istehsalından fərqləndiyi üçün müştərilər bu çeşiddə olan əşyalara üstünlük verirlər. Qızış zəncir  hazırlamışam. Birinci növbədə müştəri sifariş verəndə mən onun verdiyi qızılın tərkibini yoxlayıram. Əgər onun tərkibi 585 əyardırsa, mən o sifarişi qəbul edirəm”

Onu da qeyd edim ki, zərgərin işi göz nuru, əl əməyi ilə başa gəlir. Amma insanı dəyərli edən onun üzərindəkilər yox, daxili aləmidir məncə”.

Esmira Hidayətova, Mingəçevir