Zər tutanlar…

0
558

Yenə qonşular başladılar oyuna. Düşdüm aşağı, görüm, bu gün kim udub, kim uduzacaq. Məndən iki qat aşağıda yaşayan Mahir, bir qat yuxarıdakı Çingiz ilə oynayırdı. Qalanlar dövrə vurub him-cimlə oyunu qızışdırır, növbə gözləyirdilər.

– Zər, mən ölüm, bir qoşa?

– Ya zər, insaf elə, bircə dənə yek, bağlayım yolunu…

Zərlər Mahirin üzünü güldürmədi. Lakin Çingizin etimadını doğrultdu. Bununla da Mahir pis vəziyyətə düşdü. Bu zaman qonşumuz Həsən kişi ucadan gülərək: “Marsın mübarək, Mahir bəy”, – dedi. Bu gülüş Mahiri yerindən oynatdı:

– Qonşu, sənin bu gülüşün mənə bir olmuş əhvalatı xatırlatdı.

Və o, ovcunda zərləri oynada-oynada söhbətini davam etdirdi:

– Deməli belə… Günlərin bir günü heykəltəraş Akif Əsgərov məşhur opera müğənnisi Bülbülün Bakıda ucaldılacaq heykəli üzərində işləyərkən emalatxanasına iki nəfər gəlir. Heykələ baxmaq üçün gələnlərin biri rəssam olur, o biri isə yox. Akif Əsgərov gələnlərdən soruşur ki, heykəl necədir, Bülbülə oxşayır? Rəssam müsbət cavab versə də, tanımadığı adam nədənsə üz-gözünü turşudub, qaş-qabağını sallayır. Emalatxananı tərk edəndə isə o, birlikdə gəldiyi rəssama: “Bu nədir? Yekə ağsaqqal kişidir, amma məni dolayır. O boyda heykəli mənə göstərib: “Bülbülə oxşayır”, – deyir. Hirsindən əlavə də edir: “Yox bir “solovey”ə oxşayır!” Sən demə, həmin adamın heç musiqi tariximizdə özünəməxsus yer tutmuş Bülbülün kim olduğundan xəbəri belə yoxmuş. Vallah, qonşu, xətrinə dəyməsin, indi sən də həmin o adamın günündəsən, sən heç marsın nə olduğunu bilirsən ki? Vallah, bu barədə nərd sahəsində ad çıxarmış qonşumuz Kəramət fikir söyləsə idi, səsimi çıxarmazdım. Nədən ki, o kişi, həqiqətən, nərdin xiridarıdır. Sən isə…

Qonşular Mahiri sakitləşdirməyə çalışdılar:

– Mahir, zərini at…

Mahir əlini oyundan çəkmədən üzünü mənə tutub dilləndi:

– Müəllim, bayaqdan gözüm səni axtarır. Sənə bir sualım var. Bir mənə de görüm, bizim iş adamları niyə belə edirlər? O gün internetdən oxuyuram ki, bəs filan iş adamı banka yüz milyon atıb, bu birisi milyardlarla pulu girovsuz kredit verib… Başqa birisi aldığı krediti təyinatı üzrə xərcləməyib? Elə ki belələri haqqında həbs-qətiimkan tədbiri seçilir, qısa müddətdə aldıqlarını qaytarırlar. Məgər onlar aldıqları kreditləri istintaq təcridxanalarına düşmədən ödəyə bilməzlər? Gərək mütləq adları hallansın? Vallah, bu məsələdə nə isə bir əmma var e… Yoxsa bizim iş adamları bu yolla reklam olunmaq fikrinə düşüblər? Odu e… dünən də daha bir iş adamı həbs olundu. Mənə elə gəlir ki, artıq şou iş adamlarına da sirayət edib. Belə getsə, onlar üçün də sırf bir televiziya kanalının açılmasına ehtiyac olacaq.

Mən karıxdığımdan bir söz deyə bilmədim:

– Mahir, gül kimi istirahətimi pozma, zərini at, oyununu oyna…

Bu cavabım, deyəsən, Mahirin xoşuna gəlmədi. Odur ki dilləndi:

– Mən oynayıram e… Mənə elə gəlir ki, iş adamları da oynayırlar. Amma adi adamlardan fərqli olaraq, onlar oynayanda zər tuturlar.

Bu zaman Çingiz söhbətə müdaxilə edərək dilləndi:

– Ay Mahir, zərini at da… Nə düşmüsən müəllimin üstünə? Görünür, iş adamlarımızın zər tutmalarının sübuta ehtiyacı var da… Əks halda onların əli gətirməz axı…

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here