Zərərli vərdiş – internet asılılığı

0
621

Günümüzdə hər yaş qrupundan olan insanlar internetdən istifadə edirlər. Lakin internetin üstünlüyündən hər kəs düzgün faydalana bilmir. Xüsusilə, bu qrupa uşaq və gəncləri aid etmək olar. Belə ki, müxtəlif oyunlarla və tanışlıq “çatları” ilə günün böyük bir hissəsini kompyuter qarşısında keçirən yeniyetmə və gənclər özləri də bilmədən internetin əsirinə çevrilirlər. Bu isə onların internet asılılığı deyilən sindromla üzləşdiklərindən xəbər verir. Keçən əsrin 90-cı illərində psixiatr İvan Qoldberq tərəfindən ilk dəfə gündəmə gətirilən internet asılılığı hazırda vətəndaşlarımız üçün də aktuallıq kəsb edir. Çünki ölkə əhalisinin 41 faizi internet istifadəçisidir və bu göstərici ilbəil artır. Bəs internet asılılığının əlamətləri nədir və ondan necə qorunmaq olar?

 “Xəstəlik deyil, zərərli vərdişdir”

Psixoterapevt Elmir Əkbər deyir ki, internet asılılığı xəstəlik deyil, zərərli vərdişdir: “Beynəlxalq Səhiyyə Təşkilatı internet asılılığını alkoqolizm, narkomaniya kimi zərərli vərdişlər siyahısına daxil edib. Biz buna xəstəlik deyə bilmərik. Çünki internet asılılığı insanın iradəsi əsasında yaranır, kənardan məcburiyyət olmur. Xəstəlik desəydik, onları məsuliyyətdən azad etmiş olardıq”. E. Əkbərin sözlərinə görə, əgər insan telefon və televiziya kimi internetlə də çox təmasda olarsa, o zaman onda psixoloji dəyişikliklər müşahidə etmək mümkündür. Belə ki, onda narahatlıq əlamətləri görünər. “Saatlarla virtual aləmdə dolaşan insan həm maddi, həm də mənəvi cəhətdən sıxıntı keçirdiyi halda, mövcud vəziyyətdən yeganə uduşlu çıxan internet provayderləridir”, – deyə qeyd edən həmsöhbətim interneti informasiya əldə etmək baxımından etibarlı mənbə hesab etmədiyini də dedi.

“Söhbət interneti həyatının ayrılmaz tərkib hissəsinə çevirən insanlardan gedir”

Bəs necə müəyyən etmək olar ki, insan bu zərərli vərdişin qurbanı olub? Psixoterapevt bunun üçün insanın 1-3 gün ərzində internetdən istifadəsinə qadağa qoyulmasının kifayət etdiyini bildirdi. Onun sözlərinə görə, bu vaxt kəsiyində internet asılılığı olan şəxsin hərəkətlərində qəribəlik müşahidə olunur. Elmir müəllim “kompyuter qarşısında keçirilən saatların miqdarı internet asılılığının göstəricisi sayıla bilərmi?” sualını belə cavablandırdı: “Bu, saatla ölçülmür. Ola bilər ki, bir gün altı saat internetdən istifadə edən şəxs növbəti gün heç kompyuterə yaxınlaşmasın. Söhbət interneti həyatının ayrılmaz tərkib hissəsinə çevirən və hər gün kompyuter qarşısında oturan insanlardan gedir. Məhz belə insanların psixoloji təsirə düşmək ehtimalı çoxdur”.

 “Cəmiyyətə adaptasiyada çətinlik çəkir və ünsiyyət qura bilmir”

İnternet asılılığının əlamətlərinə toxunan müsahibim: “İnsanın qəribə davranışları, mənasız baxışları olur. Cəmiyyətə adaptasiyada çətinlik çəkir və ünsiyyət qura bilmir. Qapalı həyat tərzi keçirir” , – deyə bildirdi və onu da sözlərinə əlavə etdi ki, uzun müddət kompyuter qarşısında oturan kəs dəhşətli depressiyaya düşə bilər. Onun sözlərinə görə, bəziləri internet sayəsində problemlərinin həll ediləcəyini fikirləşirlər. Belə insanların həqiqətləri görə bilmədiklərini söyləyən Elmir müəllim onların real aləmdən uzaq düşdüklərini vurğuladı. Psixoterapevt bildirdi ki, həyatında boşluq olan, sağlam həyat tərzi keçirməyən, təbiətlə ünsiyyətdə olmayan insanların bu zərərli vərdişə yiyələnmə ehtimalı daha böyükdür.

 “Psixoloqa müraciət etmək lazımdır”

Elmir müəllim internetdən asılı vəziyyətə düşənlərin əksəriyyətinin gənclər olduğunu nəzərə alıb, bu zərərli vərdişə düçar olmamaq üçün məsləhətlər də verdi: “Valideynlər istəklərini gənclərin istəklərindən üstün tutmamalıdırlar. Onlarla söhbət edib, hansı işə həvəs göstərdiklərini soruşmalıdırlar. Ata-ana təşəbbüs göstərib övladlarını düzgün yola istiqamətləndirməlidirlər”. İnternet aludəçisinin ciddi müalicəyə ehtiyacı olduğunu deyən həmsöhbətim bu zaman psixoloqa müraciət edilməsinin vacibliyini nəzərə çatdırdı. O, sırf internet asılılığını müalicə edən mərkəzin açılmasını məqsədəuyğun hesab etsə də, hazırkı şərtlərdə bunun mümkün olmadığını da diqqətə çatdırdı.

Sağlamlığa vurduğu ziyanlar

Nevropatoloq Ellada Qurbanovanın sözlərinə görə, uzun müddət internetdən istifadə zamanı əsas yük mərkəzi sinir sisteminin üzərinə düşür: “Belə ki, insan o qədər lüzumsuz informasiya qəbul edir ki, bu da yaddaş pozuntusuna səbəb olur. Yorğunluq yaranır, boyun, onurğa və bel əzələlərində ağrılar müşahidə olunur. Çünki insan kompyuter qarşısında saatlarla hərəkətsiz oturur. Bu, gözlərə də mənfi təsir göstərir”. Qapalı şəraitdə internetdən istifadənin beyində karbon qazının miqdarını artırdığını deyən nevropatoloq bunun qidalanma pozuntusuna və iştahasızlığa səbəb olduğunu söylədi. Nəticədə, mədə-bağırsaq və qəbizlik problemləri ortaya çıxa bilər. Ellada xanım internet asılılığının psixoloji dəyişikliklərə də səbəb olduğunu vurğuladı: “Həyata baxış tərzləri dəyişən bu insanlar başqalarına qarşı aqressiv davranırlar, özlərindən razı olurlar. Xüsusilə, döyüş səhnələri ilə dolu olan internet oyunları psixologiyaya daha neqativ təsir göstərir”. Həmsöhbətim, xüsusilə, gənclər arasında internet aludəçilərinin sayının artdığını qeyd etdi. Onun sözlərinə əsasən, gənclər düşdükləri vəziyyəti qəbul etmək istəmirlər. “Kompyuter otağının havası təmiz olmalıdır. İdman hərəkətləri ilə məşğul olmaq lazımdır. Lazımsız informasiya qəbulunu dayandırın. İnternetə ayırdığınız saatların miqdarını isə tədricən azaldın” , – deyə Ellada xanım bu problemdən əziyyət çəkənlərə tövsiyələrini verdi.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here