Zərərlə işləyən bankların sayı artıb

547
Azərbaycanda fəaliyyət göstərən 45 kommersiya bankından 37-i 2014-cü ili mənfəətlə, 8-i isə ziyanla başa vurub. 
Bu barədə Mərkəzi Bankdan məlumat verilib. Xatırladaq ki, 2014-cü ilin 11 ayının yekunlarına görə, zərərlə işləyən bankların sayı 5 idi. Bəzi banklar Mərkəzi Bankın məcmu kapitalla bağlə tələbini yerinə yetirmək üçün əldə etdikləri mənfəəti kapitalın artırılmasına yönəltdiyi üçün ili ziyanla başa vurmalı olub. İl ərzində bankların mənfəəti 375,33 milyon manat, zərəri isə 4,79 milyon manat olub. Bununla bağlı, bank fəaliyyətində ümumi mənfəət 370,54 milyon manat təşkil edib. Statistikaya əsasən, 37 bankın hər birinin qazancı orta hesabla 10,14 milyon manat olduğu halda, qalan 8 bank orta hesabla 0,6 milyon manat itki ilə üzləşib. 2013-cü illə müqayisədə, 1 banka düşən orta mənfəət isə 3,16 milyon manat artıb, 1 bank üzrə orta ziyan isə 0,59 milyon manat azalıb.

Kreditlərin 13,5 milyard manatı milli valyutada, 5 milyard manatı isə xarici valyutada ayrılıb

2014-cü ilin yekunlarına görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları (BOKT) 18,5 milyard manat kredit verib. Bu, 2013-cü illə müqayisədə 20,2% çoxdur.

Kreditlərin 6 milyard 143,8 milyon manatı və yaxud 33,1%-i dövlət bankları, 11 milyard 873,6 milyon manatı və yaxud 64%-i kommersiya bankları, qalan 525,2 milyon manatlıq hissəsi isə BOKT-lar tərəfindən verilib. Kreditlərin 13,5 milyard manatı milli valyutada, 5 milyard manatı isə xarici valyutada ayrılıb.

2014-cü ildə ən sürətli artım nəqliyyat və rabitədə qeydə alınıb. Bu sahəyə ayrılan kreditlər 45,5% artıb. Sənaye müəssisələrin aldığı kreditlər isə 34%-ə yaxın artaraq 2 milyard manatı keçib. Ötən il istehlak kreditlərinin artımı da davam edib, hətta ümumi dinamikanı da üstələyib – 24,4%. Amma ən ciddi artım daşınmaz əmlakın tikintisinə və alınması üçün götürülən kreditlərdə baş verib. 2013-cü illə müqayisədə bu sahəyə ayrılan kreditlər 37% artaraq 1,22 milyard manata çatıb. Son 1 ildə ticarət və xidmət sektoruna ayrılan kreditlər 20,8%, fermerlərin maliyyələşdirilməsi isə 15,5% artıb. İnşaat və əmlak sektoruna ayrılmış kreditlərdə isə artım zəifdir – cəmi 8,1%. Energetika sektoruna verilmiş kreditlərin həcmi isə əksinə, 32% azalıb.

İstehlak kreditləri  7,7 milyard manata çatıb

Ötən il istehlak kreditlərini azaldılması üçün Mərkəzi Bankın gördüyü tədbirlər nəticə verməyib. 2014-cü ildə istehlak kreditlərinin artımı davam edərək 7,7 milyard manata, onun ölkə üzrə ümumi kredit portfelində payı 42%-ə çatıb. Müqayisə üçün bildirək ki, 2013-cü ilin sonunda istehlak kereditlərini bazar payı 40,3% idi. Kreditləşmənin məbləğinə görə, 2-ci yeri ticarət və xidmət sektoru tutub. Kreditlərin 14,5%-i və yaxud 2,7 milyard manatı bu sahəyə ayrılıb. Təxminən elə bu qədər, yəni 2,6 milyard manat kredit isə inşaat və əmlak sektoruna verilib. Bu, ümumi kredit portfelinin təxminən 14%-idir. Sənaye müəssisələrin aldığı kreditlər isə 2 milyard manatı keçərək ümumi kreditlərin 11%-ə yaxınlaşıb.

Ötən il kənd təsərrüfatına verilən kreditlərin həcmi 0,85 milyard manata çatıb ki, bu da ümumi kredit portfelinin 4,6%-dir. Nəqliyyat və rabitə sektoru isə ümumi kreditlərin 4%-ni mənimsəyib. Kreditlərin cəmi 1%-i energetika və təbii ehtiyatlara ayrılıb.

Son 1 ildə problemli kreditlər 183,5 milyon manat artıb

2014-cü ilin yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin (problemli kreditlər) məbləği 976,3 milyon manat olub. Bu, ötən ilin noyabr ayı ilə müqayisədə 5,2 milyon manat və yaxud 0,5% azdır. Son 1 ildə isə problemli kreditlər əskinə 23,1% və yaxud 183,5 milyon manat artıb. Problemli kreditlərin ümumi kredit portfelində payı isə 5,1%-dən 5,3%-ə yüksəlib. 2014-cü ilin noyabr ayının yekunda isə bu rəqəm 5,4% olub.

Əmanətlərin 61,5%-i milli valyuta ilə yerləşdirilib

2014-cü ilin yekunlarına görə, Azərbaycan əhalinin banklardakı əmanətləri 7 milyard 188,4 milyon manat təşkil edib. Bu, 2013-cü illə müqayisədə 12,4%, ötən ilin noyabr ayına nisbətən isə 1,4% çoxdur. Əmanətlərin 61,5%-i və yaxud 4 milyard 422,4 milyon manatlıq hissəsi milli valyuta ilə yerləşdirilib. Son 1 ildə manatla yerləşdirilən əmanətlərin məbləği 13,7% artsa da, son 1 ayda 1,3% azalıb.

Xarici valyuta ilə yerləşdirilən əmanətlər isə 2013-cü illə müqayisədə 10,3%, 2014-cü ilin noyabr ayı ilə müqayisədə isə 6,2% artıb. 2014-cü ilin yekunlarına görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin illik faiz dərəcəsi orta hesabla 8% olub.  2013-cü ilin yekununda orta faiz dərəcəsi 8,3% olub. Beləliklə, əhalinin əmanətləri üzrə gəlirlilik azalıb.

Ötən il milli valyutada yerləşdirilmiş əmanətlərə görə illik orta hesabla 7,6% divident ödənilib. 2013-cü ilin yekununda bu rəqəm 7,8% olub. Xarici valyutada yerləşdirilmiş əmanətlər üzrə gəlirlilik isə 9%-dən 8,6%-ə düşüb.