“Zəmanət olmayan yerdə də insan çalışır ki, pulunu yastıq altına yığsın”

480

Bizdə “yastıq altı” anlayışı əvvəldən olub. Bunu “qara gün” üçün pul saxlayan dədələrimizdən, nənələrimizdən bilirik. Müşahidələr göstərir ki, indiki nəsildə də belə istək var. İnsanlar “yastıq altı”na nə isə yığmaq istəyirlər. Bəs görəsən bu nə ilə bağlıdır? Mövzu ilə bağlı bəzi ziyalıların fikirlərini öyrəndik. “Yeniavaz”a bu barədə danışan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirdi ki, “yastıq altı”na yığmağın səbəbi ölkədə olan iqtisadi çətinliklərdir: “Əslində həmişə eyni problem olub. Hamı “qara gün”ə özü üçün nə isə ehtiyat saxlamaq istəyir. Bu təbii bir şeydir. İndiki zamanda banklara etibar yoxdu. Məsələn, Qərb ölkələrində kimin nə əmanəti var banklara qoyur. Bilir ki, qoyulan əmanət demək olar ki, itməyəcək. Bizdə də son zamanlara qədər insanlar pullarını və digər əmanətlərini banklarda saxlayırdı. İndi isə bankların çoxu iflasa uğrayıb. İnsanlar heç nəyə güvənmirlər. Zəmanət olmayan yerdə də insan çalışır ki, yastıq altına yığsın. Ümumiyyətlə götürəndə isə yastıq altına yığmaq ölkə iqtisadiyyatına mənfi təsir edir. Əslində bütün əmanətlər sığortalanmalıdır. Bu problemlərimizdən biridir. Məsələnin psixoloji səbəbi odur ki, insanlarda inam, güvən anlayışı itib. Artıq heç nəyə güvənmirlər”.

“Yastıq altı”na yığmaq istəyi etibarsızlıq və inamsızlıqdan yaranır”

Həmişə maraqlı fikirləri ilə diqqət çəkən tanınmış həkim Vasif İsmayıl da mövzu haqda danışdı. Həm də maarifçi olan Vasif doktor bildirdi ki, “yastıq altı”na yığmaq istəyi etibarsızlıq və inamsızlıqdan yaranır: “İnsanlar ölkə sisteminə etibar etmirlər. Ona görə belə qorxuları var. Keçmişdə Azərbaycanda mərkəzləşdirilmiş hökümət olmayıb. Uzun müddət xanların, bəylərin ümidinə qalmışıq. Bu “yastıq altı” anlayışı türkiyəlilərdə də var. Osmanlı dövləti də bəyliklərdən ibarət idi. Onlarda da padşahın yanına hər kəs gedib çıxa bilmirdi. Hamı öz bəyinə müraciət edirdi. Qanunlar müxtəlif yerlərdə müxtəlif şəkildə idi. İnsanlar heç vaxt mərkəzi hökümətə etibar etmirdilər. Ona görə də malını, dövlətini “yastıq altı”nda saxlayırdılar. Bugün də eyni şəkildə davam edir”.

“Yastıq altı” ifadəsi xalqın mədəniyyəti ilə bağlıdır”

Mövzu ilə bağlı jurnalist, publisist Coşqun Eldaroğlu ilə də danışdıq. Jurnlist bildir ki, “yastıq altı” ifadəsi xalqın mədəniyyəti ilə bağlıdır: “Yaşlı nənələr üstlərində, corablarında pul saxlayırdılar. Bu ifadə də belə şeylərdən qalıb. 100 il əvvəl indiki kimi olmayıb, banklar olmayanda insanlar pullarını hər hansı şəkildə saxlayırlarmış. Qədimdə qızıl basdırırlarmış, çünki, qızılı hardasa saxlamaq çox çətin məsələ idi. İndi elə şeylər mümkün deyil. Bu da o vaxtlardan qalan adətdi. Elə indi də yaşlı arvadlar pul saxlayırlar. Gerçəkdən pul saxlayanda pulu nəyinsə altına qoyurdular. Yəni, bu həm də həyat tərzinin ifadə formasıdır. “Yastıq altı” ifadəsinin içində də bir həsəd var. “Filankəsin yastığının altında pul var” tipli sözlər o deməkdir ki, filankəsin pul yığmaq imkanı var”.

“Biz imkanı olan adamlara da xeyli həsəd aparırıq”

Publisist, insanlarda olan qorxulardan da danışdı. Dedi ki, insanlar həyatın fəlsəfəsini anlamağa çalışmırlar: “Məsələn, ölən adam olanda yaxınları onun qəbrinin üstünü mərmərdən ucalda bilmirsə, bu ayıb sayılır. Azərbaycanlılar mülkiyyətçidi. Hamı istəyir ki evi olsun. Azərbaycanlıların hamısında ortaq bir ev alıb kirayə vermək arzusu var. Kimə verəcəklər bilmirsən. Məsələn, ata evim, dədə baba evi deyirlər. Hansısa avropalı belə şeylərlə oynamır. Mən xalqı aşağılamıram, amma bu bizim xarakterimizdi.. Deyirik ki, maşallah onun evi, maşını var. Bu ifadələr deyilib, bizə də gəlib çatıb. Qısası bu bizim xalqın xarakteridi, ona görə istəyirik ki, nəyimizsə olsun, bizdən övladlarımıza qalsın. Biz nə qoyub gedəcəyimizdən narahat olan xalqıq”.

“Kim deyir ki, oğlum incəsənət adamı olacaq?”

Coşqun Eldaroğlu, insanların bu məsələlərdə narahatçılığının hökümətlə əlaqəsindən də danışdı. Qeyd etdi ki, azərbaycanlılar hökümətdən heç nə istəmirlər: “Məsələn, fikir verin Azərbaycanda qohumçuluq kultu çox möhkəmdi. Çünki, heç kimə güvənmirlər. Deyirlər ki, qohumla əlaqəni kəsmək olmaz xeyirdə, şərdə iştirak etmək lazımdı. Bu ona görədir ki, hökümətdən, dövlətdən heç nə gözləmirlər, güvənmirlər. Heç istəmirlər də, açığı nə isə görməyiblər də. Belə tələbləri də yoxdur. Amma uşaqdan çox şey gözləyirik. Məsələn, ata, ana istəyir ki, uşağı həkim olsun. Niyə istəyir? Ona görə ki, yaşlananda onlara baxsın. Kim deyir ki, oğlum incəsənət adamı olacaq? Belə bir şey yoxdur. Klassiklərin əsərlərini də oxuyanda görürük ki, kəndin böyüyü olan kəndxudadan kəndlilər ciddi nə isə tələb etməyiblər. Kəndxuda yeyib, içib, gəzib, özü üçün keyf edib”.

Rasim Məmmədli