“İqtisadi və Sosial Maarifləndirmə Mərkəzi” ictimai birliyi həyata keçirdiyi layihənin yekunları ilə bağlı hesabat açıqlayıb
“Dini radikalizmə qarşı mübarizə istiqamətində regionlarda tədbirlərin təşkili” layihəsinin başa çatması ilə əlaqədar təşkil olunan tədbirdə bir sıra ictimaiyyət fəalları, “Mingəçevir”, “Mingəçevir işıqları” qəzetlərinin, “Alpaninfo” və “Yeniavaz” saytlarının, eləcə də “Report” İnformasiya Agentliyinin təmsilçiləri iştirak edib.
Layihənin ümumi məram və məqsədi, eləcə də həyata keçirilmiş maarifləndirmə xarakterli tədbirlər nəticəsində əldə olunan müsbət nəticələr barədə danışan mərkəzin sədri Əliqismət Kərimov “dini radikalizmlə mübarizə prosesinə azacıq da olsa fayda verə bildiksə, deməli, zəhmətimiz hədər getməyib” söyləyib.
Ardınca çıxış edən layihənin aparıcı nümayəndəsi, Bələdiyyə üzvü Zahid Qasımlı Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliiyə dəstəyi ilə “Dini radikalizmə qarşı mübarizə istiqamətində regionlarda tədbirlərin təşkili” layihəsinin icra dönəmi barədə ətraflı məlumat verib. Qeyd edib ki, nəzərdə tutulan dörd ay ərzində təbliğat və təşviqat işlərinə ölkənin ən qabaqcıl elmi mərkəzlərinin mütəxəssisləri cəlb olunub. AMEA-nın Şərqşünaslıq İnstitutundan, “İrşad” İslam Araşdırmaları Mərkəzindən, həmçinin tanınmış qeyri-hökumət təşkilatlarından dəvət olunan ekspert mütəxəssislərin köməyi ilə dini radikalizm meyllərinə qarşı mübarizə prosesində vətəndaşlarıın proflaktik yöntəmlə daha barışmaz mövqe tutması üçün məqsədyönlü iş aparılıb. Layihə ərzində “ARB” telekanalında, yerli və respublika əhəmiyyətli qəzetlərdə məzmunlu müzakirələr aparılıb və informasiyalar yerləşdirilib. Eyni zamanda kütləvi tirajla təsiredici ideoloji bükletlər buraxılaraq müxtəlif vətəndaş zümrələri arasında yayılması təmin edilib.
Dini ictimaiyyət arasında, tələbə və şagird auditoriyalarında və ayrı-ayrı məhəllələrdə təşkil olunan maarifləndirmə xarakterli görüşlər də yetərincə faydalı məqamları ilə yadda qalıb.
Zahid Qasımlı onu da əlavə edib ki, layihə ərzində gündəmə gətirilən mövzular aktuallığını heç zaman itirməyəcək və bu səbəbdən də növbəti fəaliyyət dönəmlərində yenidən həmin mövzulara müraciət edəcəklər.
Bundan sonra çıxış edən tanınmış ekspert Çingiz Nəzərov layihənin cəmiyyət üçün önəmli məqamlarından bəhs edib.
Tədbir səmimi dialoq şəklində davam edib. İştirakçı şəxslər yeni ideyalar səsləndirib, təkliflər verib və onlara qaranlıq qalan məslələrlə bağlı layihə təmsilçilərinə suallar ünvanlandırıb.
Qeyd edək ki, tədbirə dəvət alan media nümayəndələri xüsusi fəallığı ilə diqqət mərkəzinə düşüb. Onlar mərkəzin rəhbər təmsilçilərinə və ekspertlərə çoxsaylı məzmunlu suallar ünvanlandırıb.
Şəhərin kafelərindən birində çay süfrəsi arxasında baş tutan hesabat tədbiri ümumən faydalı və maraqlı müzakirələrlə sona çatıb.
Esmira Hidayətova, Mingəçevir