Zəfərimizin söz meydanı

0
40

İstanbulun fəth ediləcəyini Peyğəmbər Əfəndimiz (s.a.s) müjdələmiş və bu fəthi reallaşdıracaq komandanı öz mübarək sözləri ilə öymüşdü: “İstanbul mütləq fəth ediləcəkdir. Onu fəth edən komandan nə gözəl və onu fəth edən əsgər nə gözəldir”.

Bu misilsiz missiyanı yerinə yetirmək, uca şərəfə nail olmaq Fatih Sultan Mehmetə və onun əsgərinə qismət oldu. İstanbul uğrunda şanlı müharibə cəmi əlli üç gün (6 aprel-29 may, 1453) davam etdi. Qısa müddət davam etməsi (27 sentyabr – 10 oktyabr) və qabiliyyətimizlə başa çatması baxımından Qarbabağ uğrunda apardığımız Vətən müharibəsi, Şuşanın işğaldan azad edilməsi və İstanbulun fəthi arasında çox oxşarlıqlar görmək mümkündür. Döyüş meydanındakı qələbələrlə yanaşı, söz meydanında da qazanılan zəfərlər belə paralelllərdəndir.

Tarixə qızıl hərflərlə yazılmış İstanbulun fəthi, bu zəfərin qazanılmasının səbəbləri arasında milli birlik, millətin hökmdara, hökmdarın da millətə etibarı, sarsılmaz inamı xüsusi yer tutur. Bu qüdrətə söykənərək “Ya mən İstanbulu alacağam, ya İstanbul məni” demişdi Fatih Sultan Mehmet. Prezidentimiz, Ali Baş Komandnımız İlham Əliyev “Qarabağ Azərbaycandır!” – dedi, onu dəstəkləyən xalq və əsgər də  “Ya Qarabağ, ya ölüm!” deyib başladı vətənimizin ərazi bütünlüyü uğrunda haqq savaşına.

Fatih Sultan Mehmetin həm də poliqlot olduğu məlumdur. O, türkçənin yanında yunanca, ərəbcə, latınca, farsca, ibranicəni ana dili kimi danışırdı. Rumca və serbcə də bildiyi düşünülür. (https://listelist.com/fatih-sultan-mehmet/)

***

Müzəffər ordumuzun cəbhədəki şücaətləri Ali Baş Komandanımız möhtərəm İlham Əliyevin müharibədən əvvəl beynəlxalq informasiya cəbhəsinin söz meydanında qazandığı qələbələrin davamı idi.

Hələ 3 oktyabr 2019-cu il “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış edərkən İlham Əliyev Dağlıq Qarabağ probleminin ciddiliyi, Azərbaycan üçün törətdiyi faciələrə beynəlxalq qurumlar tərəfindən “xala xətrin qalmasın” münasibəti bəsləmərindən bəhs edərək, bu yanaşmanın işğalçı ölkənin baş nazirini ərköynləşdirdiyini təkzibolunmaz dəlillərlə sübut etdi. Bu qudurğanlığa BMT-nin astagəl yanaşmasının “həmin təşkilatın səmərəliliyi ilə bağlı bir çox suallar doğurduğunu”, “münaqişə nəticəsində Azərbaycanın humanitar fəlakətlə üzləşdiyini” Prezidentimiz  İlham Əliyev qətiyyətlə bildirdi.

Həmin görüşdə İlham Əliyev Ermənistanın baş nazirinin öz fitnəkar əməllərindən usanmaqdansa, “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”, – deyərək meydan suladığını da diqqətə çatdırdı. Prezidentimiz bütün dünyanın gözü qarşısında fikrini əsaslandıraraq: “Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə, açıq-aydın tərzdə Paşınyan və onun havadarlarının dərsini verdi.

İlham Əliyevin bu fitnəyə qarşı cəsarətli çıxışı qardaş Türkiyə mediasında da rəğbətlə qarşılanmış, geniş işıqlandırılmışdı. Dövlət rəhbərlərinin, xüsusilə də Rusiya Federasiyasının presidenti Vladimir Putinin bu çıxışa, hətta bədən dili ilə, böyük diqqət yetirdiyinin şahidi oluruq.

Paşinyan isə bu dərsdən nəticə çıxarmaq əvəzinə Şuşamızda yallı getməyə “cəsarət” etdi. O, əsrlər boyunca ermənilərin yaxın dostu olmuş dəli şeytanın dediyi ilə oturub durdu. Özünü beynəlxalq jurnalist adlandıran zavallı Paşinyan durğu işarələrini də yaxşı bilmirmiş. O, başa düşməli idi ki, bu sadə işarə (!) bir çox mənaları ilə yanaşı, həm də,  xəbərdarlıq ifadə edir.

Vətən müharibəsinin başlandığı günə qədər, Prezident İlham Əliyev əslində bütün dünyanı yaxın gələcəkdə Ermənistanın uydurma “öz müqəddəratını təyin etmək hiyləsini” sümüyünəcən yandırıb, Azərbaycanın öz haqqını bərpa etmək uğrunda, hamı tərəfindən qəbul edilmiş beynəlxalq qanunlar çərçivəsində mübarizəyə başlayacağı haqqında xəbərdar ediridi. Otuz ilə yaxın yaşanmış səbir və təmkinin birdən-birə tükənəcəyinə heç kəs inanmırdı. Çox boyük siyasi, diplomatik gedişlərlə hazırlanmış fundament sentyabrın 27-ni labüd etdi.

***

Müharibə başlanan andan öz işğalçılığını əbədiləşdirmək kimi xəstə sevdaya düçar olmuş Ermənistanın halına yananlar əl-ayağa düşüb, var gücləri ilə tərəfləri səbir, təmkin göstərməyə, qarşıdurmadan çəkinməyə, illər boyunca qısır qalmış danışıqlar prosesinin bərpasına çağırmağa başladılar. Dərdimizə mənfur “Might is right” (Güclü haqlıdır) prinsipi ilə yanaşan bu havadarları yerində oturtmaq, özlərini öz əlləri ilə vurub susdurmaq o qədər də asan deyildi. Ali Baş Komandanımızı yüksək səviyyəli beynəlxalq kürsülərdə son dərəcə mədəni, alicənab, düşmənə belə centlməncəsinə lazımı cavab verən bir lider kimi görməyə alışmış siyasi rəhbərlər sentyabrın 27-dən başlayaraq möhtərəm Prezidentimizi polad iradəli, oz xalqının haqqı uğrunda mübarizədə dönməz qətiyyət göstərən, bu nadir xarakterə həm ölkəsini, həm də dunyanı inandıra bilən bir sərkərdə kimi gördü. Hər kəsi öz dilində “başa salmağı” məharətlə bacaran İlham Əliyev söz, informasiya cəbhəsində də qazanılan zəfərlərlə igid əsgərlərimizə ruh yüksəkliyi verib, arxa cəbhədə xalqın qələbəyə inamını artırır, zəfər günümüzü görmək istəməyənlərə də göz dağı veriridi. Bütün müsahibələrində dünyanın ən nüfuzlu media nümayəndələrini, özü də İlham Əliyevin təbirincə desək, “özlərini prokuror kimi aparan” jurnalistləri onların gözləmədikləri elmi, tarixi faktlara əsaslanan sərt, kəskin cavabları ilə həm təccübləndirə, həm də məyus edə bildi. Müharibə günlərində Prezidentimiz başda olmaqla bütün komanda rus, ingilis, türk dillərində öz ana dilləri kimi danışaraq dünyanı apadığımız müharibənin haqq işimiz uğrunda olduğuna inandırdı.

Sovet dövründə də yaşamış bir insan kimi deməliyəm ki, uzun müddət (1957–1985) SSRİ xarici işlər naziri işləmiş Andrey Gromıko o zamanlar beynəlxalq kürsülərdə ingiliscə danışanda bir sovet vətəndaşı kimi mən də qürur duyurdum. Müharibə dövründəki informasiya cəbhəsində qazandığımız uğurlarda xarci dil bilməyimizin də əhəmiyyətini fəxrlə izlədik. Yeri gəlmişkən, keçən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas etdi. 2020-ci ildə İlham Əliyev bu böyük insanın vəsiyyətini yerinə yetirərək Vətənimizin ərazi bütunlüyünü təmin etdi. O ki qaldı dil məsələsinə, ötən əsrin 70-ci illərində Bakıda ayrıca Xarici Dillər Universitetinin yaradılmasına, o, ayrı bir qəhrəmanlıq idi. Keçmiş milli respublikaların bütün addımlarını çox diqqətlə izləyən sovet rejimi zamanı belə bir universitet açmaq böyük hünər tələb edirdi. (Bu universitetin birinci məzunlarından biri olmaqla (1973-1978) bu gün də fəxr edirəm. R. S) Heydər Əliyevin uzaqgörənliyi bu gün öz şanlı bəhrəsini verməkdədir.

***

Deyirlər ki, Albert Eynşteyn şagird olduğu zaman riyaziyyata nifrət edirmiş. Dayısı Yakob ona özünü polis nəfəri kimi fərz edib, riyazi məsələlərdə tanımadğı bir X adamı axtarırmış kimi axtarış aparmağı tapşırır. Tezliklə onda riyaziyyata məhəbbət oyanır.  Eynşteyn riyaziyyata qarşı münasibətini dəyişdirməsəydi, bu gün dünya onu böyük alim kimi tanıyardımı? Bir az da sadə formada ifadə etsək, Azərbaycanın illəri əridən səbri, təmkini, beynəlxalq hüquq və normalara yüksək dərəcədə hörmət, etimad göstərməsi Ermənistanı yumşalada, islah edə bilmədi. Burada deyirlər ki, məsləhət dinləməyəni müsibət başa salar. Öz məğlubiyyətini qəbul edəndən sonra Ermənistan onu acınacaqlı vəziyyətə salan qüvvələrin fitnələrinə uymayıb, təkcə özünü deyil, bütün insanları sevməyi öyrənməlidir. Əks təqdirdə nəinki hal-hazırda yaşadığı ərazi, bütün dünya ona dar gələcək.

***

Allah tarix boyunca şəhid qanı ilə şərəflənmiş yurdumuzu, müzəffər ordumuzu, Ali Baş Komandanımızı, istiqlalını canından çox istəyən xalqımızı qorusun! Allah şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbir, qazilərimizə də şəfa versin. Amin!

 

Rahib Sədullayev (Alpanlı)

ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi