Şəhərlərin yaşıl “ağciyəri“ olan parklar insanların sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Parklar yayın cırhacırında sərinlik bəxş edir. Azərbaycanın hər guşəsində olduğu kimi Mingəçevirdə də parkların abadlaşdırılmasına böyük diqqət yetirilir, yeniləri salınır. Hətta Mingəçeviri mübaliğəsiz parklar şəhəri adlandırmaq olar, çünki şəhərin hər bir yerində bir park yerləşir. Necə deyərlər, parkın biri bitir, digəri başlayır.
Mingəçevirdə təməli qoyulan daha bir parkın abadlaşdırılmasına başlanılıb. Azərbaycan xalqının, müzəffər ordunun 2020-ci ildə Qarabağın işğaldan azad olunmasında qələbə qazanıb bizə zəfər bəxş edən insanların şərəfinə şəhərin H. Əliyev prospektində daha bir istirahət güşəsi yaradılır. İcra başçısı bildirib ki, bu ərazidə böyük bir yaşıllıq salınacaq. Ümumiyyətlə, bu ərazidə daha böyük tikintilər başlanacaq. Mingəçevir Dövlət Universitetinin müasir kampusu tikiləcək.
10 min tələbənin təhsil ala biləcək bir universitet tikiləcək. Ətrafı da abadlaşdırılacaq, yeni parklar salınacaq. Parkda fəvvarə, oturacaqlar, uşaq əyləncə mərkəzi, söhbətgah, yaşıllıq salınacaq. Artıq parkda işlərə start verilib. İcra başçısı İlham İsmayılov görülən işlərlə yaxından tanış olub, öz tapşırıqlarını verib.
Esmira Hidayətova, Mingəçevir