Zəfərimiz antimilli şuranı niyə narahat edir?

0
23

Həmişə ölkədə xaos, anarxiya, dərəbəylik yaratmaq istəyən antimilli şura və onun ətrafına cəm olmuş 3-5 nəfər öz xain, satqın missiyasını Vətən müharibəsi dövründə də icra edib, necə deyərlər, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Belə ki, müharibə dövründə siyasi və milli birliyin təcəssümü olan siyasi partiyaların birgə bəyanatına qoşulmayan, nəticədə  öz xəstə ambisiyaları ilə üz-üzə qalan antimilli şuranı və AXCP  ictimai rəyi çaşdırmağa hesablanmış planları ilə  xalq arasında hakimiyyət əleyhinə fikir formalaşdırmağa, başqa sözlə desək, “ikinci cəbhə” açmağa cəhdlər göstəriblər. Lakin onların niyyəti gözlərində qalıb. Elə bu səbəbdən antimilli şuranın “fəalları” – ermənipərəst Əli Kərimli, Amerikada bardaş qurub mühazirələr oxuyan, müxalifətin “professoru” Cəmil Həsənli və digərləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün ərzində erməni işğalında olan ərazilərimizi azad etməsini, daha doğrusu, zəfərimizi heç cür həzm edə bilmirlər. Axı Şuşaya, Ağdama, Kəlbəcərə, Laçına, Zəngilana, Qubadlıya, Füzuliyə, Cəbrayıla, Xocavəndə, Suqovuşana və digər ərazilərimizə qayıtmağımıza necə sevinməmək olar? Şübhəsiz, buna ancaq manqurtlar belə reaksiya verə bilərlər. Sosial şəbəkələrin vitrinlərindəki  bu fiqurlar – manekenlər  Vətən müharibəsində əldə etdiyimiz zəfərlərimiz ətrafında erməni dəyirmanına su tökməkdə hələ də davam etməkdədirlər. Təbii ki, onların bu kimi əməlləri möhtəşəm zəfərimizə kölgə salmaqdan, Qarabağın azadlığı uğrunda şəhid olmuş döyüşçülərimizin ruhuna hörmətsizlikdən başqa bir şey deyil.

Hələ bütün bunlar azmış kimi, bugünlərdə Azərbaycanda “mühacir alveri”nin “qurucu və baniləri”ndən biri sayılan Əli Kərimli “Facebook” səhifəsində bildirib ki, guya dövlətimiz şəhidlərə, eləcə də qazilərə kifayət qədər diqqət yetirmir. Halbuki indiyədək 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Keçən il daha 1500 şəhid ailəsi üçün yeni evlər nəzərdə tutulurdu. Bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il yanvarın 15-dək həllini tapacaq, həmin ailələr evlərlə təmin ediləcəklər. Bu proqram 2021-ci ildə də davam etdiriləcək. Üstəlik məcburi köçkünlər üçün nəzərdə tutulmuş  4700 mənzilin də şəhid ailələrinə ayrılması barədə göstəriş verilib. İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər hazırlanıb və Prezidentin Sərəncamı ilə dekabrın 31-də şəhid ailələrinin aylıq təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılıb. Milli Qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb. Eyni zamanda, İkinci Qarabağ müharibəsi döyüşlərində iştirak etmiş və şəhid olmuş vətəndaşlarımızın ailələri ilə bağlı son bir ayda görülmüş işlər 7 min şəxsi əhatə edir. 1100-dən çox şəhidin 2700-dən çox ailə üzvünə sosial ödənişlər, yəni təqaüd, müavinət və pensiya təyin olunub. 2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilib, 2700 nəfərə isə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib. Bu xidmətlər hazırda davam etdirilir.

Göründüyü kimi, bütün bunlar və qeyd etmədiyimiz digər faktlar bir daha xəbər verir ki, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində olan prioritet məsələlərdəndir. Göstərilən bu qayğını görməmək, dərk etməmək  isə sadəcə Əli Kərimlinin həm mənəvi, həm də siyasi korluğundan xəbər verir.

Ermənilərə sözün həqiqi mənasında cani-dildən xidmət edən Əli Kərimli,  həmçinin 10 noyabr razılaşmasının şərtlərini  yanlış yöndə şərh etməklə xalqımızın qələbəsini şübhə altına almağa da cəhdlər göstərməkdədir.  Elə bu kimi səbəblərə görə Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə  dövlət başçımız bu başıpozuq dəstəni  çox haqlı olaraq antimilli şura kimi xarakterizə edib. Həqiqətən də, özünə şərəfli bir ifadədən istifadə edərək ad qoymuş antimilli şuranın nə millət, nə də xalq anlayışları ilə heç bir əlaqəsi yoxdur. Buna görə də onun “milli şura” deyil, “antimilli şura” adlandırılması daha doğru və ədalətlidir.

Yeri gəlmişkən qeyd edək ki, onların bu kimi cəfəng fikirləri sosial şəbəkələrdə həmişə ciddi narazılığa səbəb olur. İnsanlar onların səsləndirdikləri xain fikirlərə etiraz edir və özünü müxalifət adlandıran marginalları kəskin qınayırlar. Bu isə o deməkdir ki, antimilli şura heç vaxt cəmiyyətimizdə özünə yer etməyib və edə də bilməyəcək. Çünki xalqımız onları çoxdan tarixin arxivinə atıb. Amma həmin ünsürlər  yenə də bu reallıqla barışmaq istəmirlər. Şübhəsiz, bu da səbəbsiz deyil. Görünür, ermənipərəst havadarları pul kisələrinin ağızlarını açmaqla onları şirnikləndirməkdə davam edirlər.  Bu antimilli ünsürlərin isə belə “şirni” üçün sinov getdikləri  kimsəyə sirr deyil.

Qvami Məhəbbətoğlu, “İki sahil”