Zəfər bayramın mübarək, Türkiyə!

45

“Zəfər bayramı” qardaş Türkiyədə 30 avqust 1922-ci ildə böyük öndər Mustafa Kamal Atatürkün komandanlı­ğı ilə Dumlupınarda zəfərlə nəticələnən “Böyük hücum” qəhrəmanlarının xatirəsini anmaq üçün rəsmi şəkildə qeyd edilən milli bayramdır. Bu bayram hər il avqustun 30-da Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətində qeyd edilir. Bəs bu il 100 illiyi qeyd edilən böyük zəfərdə nələr baş verib?

Sakarya şəhər döyüşlərindən sonra ictimaiyyətdə və Türkiyə Bö­yük Millət Məclisində hücuma qarşı səbirsizlik yaranmışdı. Bütün bunları nəzərə alan Mustafa Kamal Paşa 6 mart 1922-ci ildə Böyük Millət Məclisinin gizli iclasında vəziyyətdən narahat olanlara belə dedi: “Ordu­muzun qərarı hücumdur. Amma biz bu hücumu təxirə salırıq. Səbəb isə odur ki, hazırlığımızı tam başa çatdırmaq üçün bir az daha vaxt lazımdır. Yarım hazırlıqlı, yarı tədbirli hücum heç hücum etməməkdən daha pisdir”. Atatürk insanların beynindəki şübhələri yox etməyə çalışarkən, bir tərəfdən də ordunu hücuma hazırlayırdı.

1922-ci il iyunun ortalarında baş komandan Qazi Mustafa Kamal Paşa hücum qərarı verdi. Burada əsas məqsəd dağıdıcı meydan döyüşləri aparmaq, düşmənə qəfil və qəti zərbələr endirmək idi. Atatürk türk millətini və ordusunu addım-addım hədəfə çatdırdı. Qərbi Anadolunu türk ordusundan müdafiə etməyi planlaşdıran yunan ordusu, təxminən bir il Gəmlik körfəzindən Biləcik, Əskişəhər və Afyonun şərqində Menderes çayının ardınca Egey dənizinə əsaslanan müdafiə xəttini möhkəmləndirirdi. Xüsusilə Əskişəhər və Afyon bölgələri həm is­tehkam, həm də qoşun sayı baxımın­dan daha güclü saxlanılmış, hətta Afyonun cənub-qərbindəki bölgə bir-birinin arxasında beş müdafiə xətti olaraq təşkil edilmişdi.

Türk Ordusunun hücum planına görə, 1-ci Ordu Afyonun cənub-qərbindən şimala doğru hücuma keçərkən, Afyonun şərq və şima­lındakı 2-ci Ordu qüvvələri düşmən qüvvələrinin 1-ci Ordu istiqamətində hərəkətə keçməsinin qarşısını almalı idi. Bundan sonra 2-ci Ordu ani hücumla müəyyən bir nəticə əldə etdikdən sonra Döhər bölgəsində düşmənin ehtiyat qüvvələrini öz üzərinə çəkməyə çalışacaqdı.

Süvari Korpusu Ahır dağlarını keçərək, düşmənə yanlardan və arxadan güclü zərbə vuraraq, onların İzmirlə olan teleqraf və dəmir yolu əlaqəsini kəsdi. Beləliklə, yunan or­dusuna ölümcül zərbə vurulmalı idi.

Qeyd edək ki, iki ordu insan və silah-sursat baxımından az-çox bərabər olsa da, pulemyot, top, təyyarə və xüsusən də motorlu nəqliyyat baxımından yunanlar qat-qat üstün idi. Yalnız süvarilərin sayında türklər üstələyirdi.

Əlbəttə, tankların və avtomobillərin olmadığı bir dövr üçün süvarilərin rolu çox böyük idi. Beləliklə, Mustafa Kamal Paşa 1922-ci il avqustun 19-da Ankaradan Akşəhərə getdi və 26 avqust şənbə səhəri hücum əmri verdi.

Səhər saatlarında Atatürk Baş Qərargah rəisi Fevzi paşa və Qərb Cəbhəsi Komandanı İsmet paşa ilə birlikdə döyüşə rəhbərlik etmək üçün Kocatəpədəki yerini tutdu. Böyük hücum da məhz buradan başlandı. Hücum saat 04:30-da artilleriya atəşi ilə başlandı. Düşmənin mühüm nöqtələrinin saatyarımlıq intensiv artilleriya atəşinə tutulmasından sonra – təxminən saat 06:00-da Tınaztəpəyə yaxınlaşan piyadalar məftil çəpərlərdən yan keçərək yunan əsgərlərini süngü hücumları ilə təmizlədi və sonra həmin təpəni ələ keçirdilər.

Saat 9-da Belentəpə, daha sonra Kalecik-Sivrisi düşməndən təmizləndi. Hücumun birinci günündə əsas ağırlıq 1-ci Ordu­nun üzərinə düşürdü. Onlar Böyük Kaleciktəpədən Çiğiltəpəyə on beş kilometrlik ərazidə düşmənin ön xətt mövqelərini ələ keçirdilər. 5-ci Süvari Korpusu düşmənin arxasın­dan keçərək, nəqliyyat qollarına hücum etdi. Daha sonra 2-ci Ordu ön cəbhədə kəşfiyyatı fasiləsiz olaraq davam etdirdi.

Avqustun 27-si – bazar günü səhər saatlarında türk ordusu bütün cəbhədə yenidən hücuma keçdi. Bu hücumlar daha çox süngü hücum­ları və fövqəlbəşəri səylərlə həyata keçirilirdi. Afyon Böyük Zəfərin şanlı və şərəfli qurtuluş carçısı oldu. Baş Komandanlığın və Qərb Cəbhəsi Ko­mandanlığının qərargahları Afyona köçürüldü.

Bazar ertəsi, avqustun 28-də və çərşənbə axşamı – avqustun 29-da uğurlu keçən hücum əməliyyatı düşmənin 5-ci diviziyasının mühasirəyə alınması ilə nəticələndi. Avqustun 29-na keçən gecə vəziyyəti dəyərləndirən komandanlıq dərhal hərəkətə keçməyi və döyüşü tez başa vurmağı tövsiyə etdi. Beləliklə, düşmənin geriyə çəkilmə yolları­nın kəsilməsi qərara alındı. Bunun sayəsində düşmən döyüşməyə məcbur qalacaq və təslim olmağa məcbur ediləcəkdi. Bu qərar tez və müntəzəm həyata keçirildi. 30 avqust 1922-ci il çərşənbə günü hü­cum əməliyyatı Türk Ordusunun qəti qələbəsi ilə nəticələndi. Böyük hücu­mun son mərhələsi türk hərb tarixinə Baş Komandan döyüşü olaraq həkk olundu.

1922-ci il avqustun 30-da Baş Komandan döyüşünün sonun­da Qazi Mustafa Kamal Paşanın Zəfərtəpədən başçılıq etdiyi döyüşdə düşmən ordusunun böyük hissəsi dörd tərəfdən mühasirəyə alına­raq tamamilə məhv edildi və ya əsir götürüldü. Anadoludakı yunan qüvvələrinin də aqibəti eyni oldu. Qalanlar isə üç qrup halında geri çəkildi.

Bu vəziyyət qarşısında Mustafa Kamal Atatürk Şıköydəki xaraba bir evin həyətində türk ordusuna tarixi “Ordular, ilk hədəfiniz Aralıq dənizidir. İrəli!” əmrini verdi. Atatür­kün şəxsən komandanlıq etdiyi üçün Baş Komandanlıq döyüşü kimi tarixə düşən Böyük hücum müvəffəqiyyətlə başa çatdıqdan sonra yunan orduları İzmirə qədər izlənildi.

1922-ci il sentyabrın 9-da İzmirin düşməndən təmizlənməsi ilə türk tor­paqları yunan işğalından azad edildi. İşğalçı qoşunlar ölkə sərhədlərini gec tərk etsələr də, 30 avqust simvo­lik olaraq ölkə ərazisinin geri alındığı günü əks etdirir. Bu, eynilə Ağdam, Kəlbəcər və Laçının daha sonra bo­şaldılmasına baxmayaraq, Şuşanın azad edilməsinin Zəfər Günü kimi qeyd olunmasını xatırladır.

Hazırda Türkiyə dünyanın ən güclü dövlətlərindən biridir. Qlobal problemlərin həllində söz sahibi olan qardaş ölkə dünyanı narahat edən Rusiya–Ukrayna müharibəsində də tərəflərin sülhə razılaşmaları üçün səylərini əsirgəmir. Belə ki, dünyanın bir çox ölkəsinin sadəcə sanksiyalar tətbiq etməklə kifayətləndiyi bir vaxt­da, Türkiyə Ukrayna və Rusiya xarici işlər nazirlərini Antalyaya dəvət etmiş və həqiqətən də, bu məsələdə istəkli olduğunu göstərmişdi. Türkiyənin bu addımı dünya ictimaiyyəti tərəfindən olduqca yüksək qiymətləndirildi. Belə ki, ekspertlərin dediklərinə əsasən, Türkiyə bütün dünyaya göstərdi ki, qlobal güc mərkəzləri də Türkiyənin nüfuzu və mövqeyi ilə ayaqlaşmaq məcburiyyətindədir.

“Xalq qəzeti”