Yüzlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİM

0
58

“Müharibə başlayan kimi adiyyəti üzrə rəsmi müraciətlər etdim ki, könüllü olaraq torpaqlarımızın işğaldan azad olunması uğurunda döyüşlərə gedim. Axı 30 ilə yaxındır hamımız bu arzu ilə yaşayırdıq. Xülasə… Yaş həddi səbəbilə təəssüf ki, aparmadılar. Amma şəhərdə oturub, gözləyə də bilmirdim. Demək olar ki, hər gün fikrim cəbhədə idi. Tam altı gün sonra qərar verdim ki, gedə bilmirəmsə, o zaman mən də arxa cəbhədə xidmət göstərərəm. Elə də etdim. Bütün dostlarıma, tanışlarıma zəng edib, dəstək istədim. Yarısı xaricdə, yarısı isə Azərbaycanda olmaqla bu təşəbbüsümü böyük şərəflə yerinə yetirməyə başladım. Müharibənin getdiyi bütün qaynar nöqtələrdə əsgərlərimizə, ailələrinə və eyni zamanda risk altında olan ətraf rayonlara yardımlara başladıq. Bir müddət yardımları dostum Vüqar Ələkbərovla birgə aparırdıq, daha sonra Vüqar koronavirusa yoluxduğu üçün tək getməli oldum. Bəzən mənzil başına qədər, bəzən isə müəyyən məsafədə olan postlara qədər.”

Müsahibəmin  qəhrəmanı  BMU-nun İnformasiya Hesablama Mərkəzinin müdiri, müəllim Ruslan Məmmədovun zəngimi açan kimi ilk sözü belə oldu: “Xanım, mən hazırda Xocavənddəyəm, burada danışmaq bir az çətindir, yaxşı eşidilmir, şəhərə qayıdan kimi yığacam sizi.” Danışdığımız kimi də oldu.

Ruslan bəylə müsahibəyə başlayanda bildirdi ki, mən ön xəttə borcumu yerinə yetirmək, hərbçilərimizə dəstək üçün getdim və gedirəm də. İgidlərimiz bu soyuqda bizim üçün qanını, canını fəda edirsə, biz də xalq olaraq onların yanında olmalıyıq. Çünki bu vətən də, bu torpaq da hamımızındır.

Ruslan Məmmədov deyir ki, döyüşlər başlayandan bu günədək Füzuliyə,  Qubadlıya, Zəngilana, Tapqaraqoyunluya, Goranboya, Ağdama, Xocavəndə, Suqovuşana, Böyük Tağlara və Tuğ kəndinə, Murova və bir sıra yüksəkliklərdə qurulan postlarımıza ümumilikdə 30-a yaxın səfəri olub:

“Qələbəmizə qədər adətən tibbi ləvazimatlar, isti geyimlər, qızdırıcılar və bu kimi yardımlar aparırdıq. İndi isə postlara geyimlərlə yanaşı qida məhsulları da əlavə etmişik. Doğrusu, əsgərlərimizə dövlət tərəfindən hər cür şərait yaradılıb, amma, biz yenə də yardımlarımızı əsirgəmək istəmirik.”

“Yardımlarımız tək əsgərlərimizə deyil, eyni zamanda düşmənin hədəfi olan rayon və şəhərlərimizə – Tərtər, Bərdə, Gəncə və oralardan müvəqqəti təhlükəsiz ərazilərə köçürülən vətəndaşlarımıza da oldu.”

Bəli, bu addımlar torpağa sevgini, vətənə, millətinə sədaqəti diqtə edir. Şaxta, çovğun bilmədən, relyefi olduqca çətin olan ərazilərdə əsgərlə bir olmaq bir ölkəni bütöv etməkdir. Hamımız bir yumruq olduq. Ali Baş Komandanın siyasi xətti ilə yürüyüb, yenilməz ordumuzla irəlilədik. Cavanından yaşlısına qədər bir an belə tərəddüd etmədik:

“Bu yaxınlarda əsgərlərimiz üçün şaxtadan qoruyucu bir sıra tibbi vasitələr alırdım. Həmin ərəfədə aptekdə olan yaşlı bir ana məndən soruşdu ki, bunları əsgərlərimizəmi alırsan, oğul?! Hə dedim və ana kövrək halda cibindən 5 manat çıxarıb, əczaçıya verdi ki, bu pula nə düşürsə verin, mən də bir neçə əsgərimi şaxtadan qoruyum. Sizi inandırım ki, ananın verdiyi o 5 manatda sanki minlərlə döyüşçümüzə çatacaq şəfqət, istilik, şəfa var idi.”

Müsahibim deyir ki, əsgərimiz ailəsindən nigaran qalmasın deyə yaxınlarını axtarıb, tapıb onlara da həftəlik ərzaq yardımları verirdik, kirayədə yaşayanların aylıq ödənişlərini edirdik:

“Müharibənin qızğın vaxtlarında gecə saatlarında bir zəng gəldi. Telefonu açdım və kövrək səslə bir nəfər mənə dedi: “Ruslan bəy, sizinlə danışan səhər evinə yardım apardığınız ananın oğludur. Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Bundan sonra mənim gözüm arxada qalmayacaq. Sayənizdə daha nikbin, daha rahat oldum. Mən evə qayıdan kimi  ilk sizinlə görüşmək istəyirəm”.  İnanın ki, bu, başqa bir hisdir və bunu ifadə etmək olmur. Həmin əsgərimiz qayıdanda gedib, qarşıladıq və onunla birlikdə evinə getdik. Çox təsirli və kövrək anlar idi. Bu yaşadıqlarımızın sadəcə çox qısa bir hissəsidir. Hamısını danışsam  gün kifayət etməz.”

 

Məlumat üçün bildirim ki, Ruslan Məmmədov Qubadlıdandır. Səfərlərinin birində də öz ata-baba yurduna gedib, evlərini tapıb. Ən əsası isə doğulduğu torpağa qayıtmaq üçün ilk sıralarda gözləyir. Azərbaycan belə vətənpərvər oğulları, igidləri ilə hər daim ayaqda qalacaq. Yaşasın Azərbaycan! Var olsun arzularımızı çin edən Prezidentimiz və hərbçilərimiz! Qarabağ Azərbaycandır!