Yüzə çıxmağa dəyərmi?

519

Anam, bacım, qardaşım, atam, anam, axı sizə yüz dəfə demişəm ki, mən hər şikayətə qulaq asıb nə isə yaza bilmərəm. Amma siz məni buna vadar edirsiniz? Üstəlik, inciyirsiniz də… Ay Gəncədən olan Solmaz anam, axı mən necə yazım ki, neçə gündür həyətinizə gələn su xəttinə kanalizasiya suları qarışdığından sudan istifadə edə bilmirsiniz? Məcbur olub suyu maşınla alırsınız. Bu da büdcənizə xeyli ziyan vurur. Heç belə şeyi də yazıb aləmə car çəkmək olar? Əgər mən sizin sözünüzə qulaq asıb, bu barədə yazsam, Gəncə Şəhər Su – kanal Törəmə Müəssisəsinin rəhbərliyi mənə nə deyər? Məni elə həmin çirkli su ilə quru yuyub, yaş sərməzmi? Yaxud həmin sudan mənə içirməzmi? Onda mənim imdadıma çatacaqsınızmı? Ay çatdınız ha… Elə isə mən niyə bu barədə yazıb o kişilərin yanında özümü urvatsız etməliyəm, hə? Anam, yenə deyirəm, xətrinizi dünyalar qədər istəyirəm, di gəl, sizin şikayətinizdən bir kəlmə belə yaza bilmərəm. Amma öz aramızdır, o kişilər sizə deyiblər axı: “Gedin, tədbir görəcəyik…” Daha nə istəyirsiniz? Necə? Onlar hər dəfə belə deyib, sizi yola salırlar? Bəs neyləməlidirlər? Məgər onların başqa işi-gücü yoxdur? Ay anam, görünür, onların bundan daha vacib işləri var da. İndi o vacib işlərini buraxıb sizin su xətti ilə məşğul olmalıdırlar? Məncə, belə idarələr bu kimi problemləri plan üzrə aradan qaldırırlar. Amma şəxsən mənim onlara bir iradım var. Anam, gərək onlar hər dəfə sizi həmin sözlərlə yola salanda arxanızca su da ataydılar, amma onlar nədənsə bu el adətinə xilaf çıxırlar. Məncə, bunu araşdırmağa dəyər. Buna rəğmən, sizə bir dürlü məsləhətim var, ay anam. Siz həmin idarəyə arxanızca su atılana qədər gedin. Amma yenə deyirəm, sizin dediyiniz problemi yazıb, özümə problem yaradıb sonra da ilin-günün bu vədəsində xəstəliyə düşən deyiləm. Ay anam, heç bilirsən, indi dərman neçəyədir? Bizim Məşədi İbad demişkən, heç hənanın (oxu: dərmanın) yeri olmasa da bu dərman məsələsi Mingəçevirdə yaşayan Esmira bacımın bir problemini yadıma saldı. Ay anam, qoy deyim siz də biləsiniz. O gün bu bacım mənə zəng edib deyir ki, bəs bizim şəhərdə bir aptek var, adı da “Bəxtiyar”. İlk baxışda adama elə gəlir ki, buradan dərman alan hər kəs bəxtiyar ola bilər. Amma ay oldu a… Bunun əmması burada dərmanların qiymətlərinin çox yüksək olmasında, üstəlik, hər gün də bahalaşmasındadır. Elə bu səbəbdən bu “Bəxtiyar” kimsəyə yar ola bilmir. Üstəlik, Esmira bacım deyir ki, belə vəziyyət digər apteklərdə də bu və ya digər şəkildə özünü büruzə verir. İndi, ay Solmaz anam, gör: “Bəs deyirdilər, dərmanların qiymətləri aşağı salınıb” və ardınca da: “Pişik isə ət hanı, ət isə pişik hanı” söyləyən Esmira bacım mənə nə deyir? Deyir ki, elə isə bəs endirim Mingəçevirdəki apteklərdə niyə özünü göstərmir, olmaya həmin qərar bizim şəhərə şamil olunmayıb, nə olar, bununla bağlı bir yazı yazıb həmin apteklərə bir qulaqburması ver də… Dedim, yox e… ay Esmira bacım, sənin üçün nə desən edim, amma məndən belə bir nəsnə xahiş etmə. Çünki mən şikayətlər əsasında nəsə yazmağı tövbə etmişəm. İndi sənə görə tövbəmi sındırım? Bu dünya dağıla ha… belə bir şey etmərəm. O gündən bəri bu xanım daha mənə salam vermir.

Elə bu sözləri Solmaz xanıma demişdim ki, o dilləndi: “Belə getsə, elə mənim də salamıma möhtac qalacaqsan”. İndi qalmışam odla su arasında. Bilmirəm, Solmaz xanımın şikayəti əsasında bir yazı hazırlayım, yoxsa yox? Yazmasam, bu mənim itirəcəyim yüzüncü adam olacaq. İndi siz deyin, belə şeylərə görə yüzə çıxmağa dəyərmi?