Yusif Ələkbərov: “XXI əsr jurnalist ömrümüzə də yeni naxışlar vurub”

543

Yusif Mirbağır oğlu Ələkbərov – “Azərbaycan işıqları” qəzetinin aparıcı redaktoru. Onun iş otağı Mingəçevir şəhərində yerləşir. Bu da səbəbsiz deyil. “Azərenerji” ASC-nin enerji istehsal edən bir neçə müəssisəsi bu şəhərdədir. Bundan başqa, Mingəçevir Su Elektrik Stansiyası və Azərbaycan İstilik Elektrik Stansiyası bu ünvandadır. Üstəgəl, Yüksək Gərginlikli Regional Elektrik Şəbəkəsi və digər obyektlər…

İş otağındakı kitab şkafında Yusif Ələkbərovun ən çox xoşladığı, tez-tez müraciət etdiyi müəlliflərin əsərləri ilə yanaşı, həm də onun müəllifi olduğu kitablar və ön söz yazdığı 50, həmçinin redaktoru olduğu 40-dan çox kitab sıralanıb.

Kabinetin sağ cinah divarında isə onun təltifləri diqqəti cəlb edir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının imzaladığı Fəxri Fərman, Azərbaycan Jurnalistlər Birliyinin, “Avrasiya” Fondunun Azərbaycan nümayəndəliyinin Diplomu, Həsən bəy Zərdabi diplomu, “Qızıl Qələm” media mükafatı və digər təltiflər…

Şəhla Cəfərovanın yağlı boya ilə çəkdiyi iri portreti də otağa daxil olanların diqqətini cəlb edir.

Ömrünün 35 ilini fasiləsiz olaraq peşəkar jurnalistikaya həsr etmiş Yusif Ələkbərov həm də keçməkeşli həyat yolu olan maraqlı müsahibdir.

– Yusif müəllim, necə oldu ki, Mingəçevirə gəldiniz?

– Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra təyinatla 3 il kənddə müəllim işlədim. Həm orta məktəbin yuxarı siniflərində, həm universitet illərində, həm də müəllimlik dövründə jurnalist kimi fəaliyyət göstərməyi arzulamışdım. Buna rəğmən respublikanın çox çeşidli mətbuat orqanlarında – qəzet və jurnallarda yazılarım dərc olunmuşdu. Mingəçevirə 1980-ci ildə gəlişimin ilk aylarında “Mingəçevir işıqları” qəzeti ilə də əməkdaşlıq edirdim. Bir dəfə qəzetin redaktoru, respublikanın Əməkdar jurnalisti Fidail Abdullayev məni işə dəvət etdi. İllərlə ürəyimdə bəslədiyim arzuma çatmaq üzrə idim. İki il korrektor, on il məsul katib işlədim. Sovetlər İttifaqı süquta uğradıqdan sonra bu qəzetin bazasında “Azərenerji” ASC-nin “Azərbaycan işıqları” qəzetinin nəşrinə başladıq. 10 il də bu qəzetdə məsul katib oldum. 2003-cü ildə qəzetin redaksiyası Bakıya köçürüldükdən sonra ailə vəziyyətimlə əlaqədar Mingəçevirdə qalası oldum. Bu 12 il ərzində qəzetin bölgə müxbiri, aparıcı müxbiri oldum və aparıcı redaktoru kimi fəaliyyətimi bu gün də davam etdirirəm.

– Siz məsul katibliklə bərabər, həm də 10 il “Kür” Ədəbi Birliyinə rəhbərlik etmisiniz…

– Mingəçevirdə istedadlı qələm sahibləri çoxdur. Onları bir mərkəzdə birləşdirmək bizim başlıca məqsədimiz olub. Bu birliyə respublikanın 30-35 rayonundan həvəskar müəlliflər öz bədii nümunələrini göndərir, çox vaxt da birliyin məşğələlərində iştirak edirdilər. Təsəvvür edin, ildə 3 mindən çox bədii poeziyanın müxtəlif janrlarında yazılmış əsərlər alırdıq. Bu nümunələrdən il ərzində ən azı 500-600-ü çap olunurdu. Digər rayonların redaksiyaları bizə qibtə ilə yanaşırdılar. Kür sahili boyunca sıralanmış istirahət və mədəniyyət yerlərində kitabxana, məktəb, fabrik və zavodlarda tez-tez oxucularla bədii görüşlər keçirirdik. Bunun son yekunu olaraq Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialı yaradıldı.

– Peşəkar qələm sahibi kimi sizin müxtəlif qəzet və jurnallarda çap edilən yazılarınız mövzu rəngarəgliyini, qaldırdığınız problemlərin aktuallığına, həmçinin yazı üslubuna görə digər müəlliflərin yazılarndan yetərincə fərqlənib. Bunun sirri nədədir?

– Peşəmə məsuliyyət hissi ilə yanaşmağım, yazılarımın oxunaqlı və cəlbedici olması üçün tələskənliyə yol verməməyim, “yüz ölçüb bir biçməyim”.

– İlk dəfə jurnalistika ailəminə gələn gənc qələm sahiblərinə də himayədarlıq etmisiniz, qayğı göstərmisiniz…

– Bilirsiniz, yazısına baxan kimi duyumum, fəhmim mənim o gənclər haqqda fikir yürütməyimə imkan yaradıb. Rəhmətlik Qaraş İsmayıl, Telman Bayramoğlu, Məqsəd Nur, Samir Quliyev, Ehtiram Muradov, Aynur Talıbova, Yeganə Cəbrayılqızı və bir çox başqalarının ilk addımlarına xeyir-dua vermişəm.

– Uzun müddətdir ki, bədii publisistika ilə də məşğul olursunuz. İndiyədək “Ömrün davamı”, “Şəhərin şəfəqləri”, “Şubay lətifələri”, “Mümkünlüyün xaricində”, “Xoşbəxt taleli şəhər” kitablarınız işıq üzü görüb…

– Qələmə aldığım həyat materiallarının mərkəzində Mingəçevir şəhəri, bu şəhərin füsunkarlığı, Kür çayının gətirdiyi ab-hava, insanların qurub-yaratmaq eşqi dayanır. Bu kitablarda əsasən, Mingəçevirin ictimai siyasi həyatında, mədəni və ədəbi mühitində baş vermiş mühüm hadisələrdən bəhs edir. Oxucu bu kitablarda energetiklər şəhərinin yaxın tarixi, zəngin insan obrazları ilə tanış olurlar. Bütün bunların əhatə dairəsi bir şəhərlə, onun insanları ilə bağlı olsa da, burada yeknəsəklik yoxdur, yazıların hamısı janr etibarı ilə bir-birindən fərqli və mövzu baxımından rəngarəngdir.

”Şəhərin şəfəqləri” kitabı Mingəçevirin qurucu qadınlarına həsr olunub. Müxtəlif peşə, sənət adamlarının Mingəçevirdə fəaliyyəti öz əksini tapıb. Bu yazıların əksər qəhrəmanı bu gün də şəhərin həyatında- təhsilində, səhiyyəsində, elm sahəsində mühüm rol oyunayır. “Şubay lətifələri” kitabında Mingəçevirdə 50 ildən artıq müəllim işləyən Şubay Ağamirovun duzlu-məzəli, maraqlı və gözlənilməz cavabları ilə zəngin olan lətifələri toplanıb. Sovet dövrünün maarif və təhsil sahəsindəki qüsurları, nöqsanları, kəsir və çatışmazlıqları bu lətifələrin əsas məzmununu təşkil edir. Kitab şəhərdə və ətraf rayonlarda böyük rəğbət və məhəbbətlə qarşılandığına görə ikinci dəfə, 10 ildən sonra 2013-cü ildə zənginləşdirilmiş, təkmilləşdirilmiş şəkildə, nəfis formada yenidən çap edildi.

On altı il birgə çalışdığım, uzun illər “Mingəçevir işıqları” qəzetinin, “Azərbaycan işıqları” qəzetinin redaktoru olmuş Fidail Abdullayevin xatirəsinə həsr etdiyim “Ömrün davamı” publisistik kitabım 2009-cü ildə nəşr olundu. Hazırda bu kitabın ikinci hissəsi sayılacaq “Ölümdən əvvəlki həyat” üzərində işlərimi tamamlamaq üzrəyəm.

”Mümkünlüyün xaricində” kitabımın qəhrəmanları müstəqil respublikamızın adını, şöhrətini dünya miqyasında ucaldanlar, onun bayrağını dalğalandıran, himninin dünyanın mötəbər yarışlarında səslənməsinə şərəflə xidmət edənlər barəsindədir. Kitabda həmçinin mingəçevirli alimlərin, şairlərin həyatından bəhs edən yazılar da verilib.

”Xoşbəxt taleli şəhər” kitabı isə Mingəçevirin şəhər statusu almasının 65 illiyinə həsr olunub. Burada bədii və publisistik yazıların qəhrəmanları Mingəçevirə üz tutan adlı-sanlı adamlar, sənətkarlar, alim, şair və müğənnilərdir.

– Jurnalistikada kifayət qədər təcrübəniz var. Bu gün mətbuatımızda nə yaxşıdır, nə çatışmır…

– Müstəqillik həyatımızın müxtəlif sahələrində olduğu kimi, jurnalistikaya da azadlıq və sərbəstlik gətirdi. Onu dar çərçivədən və nəzarətdən xilas etdi. Amma çox təəssüf ki, qəzet janrları, rəngarənglik yoxa çıxıb. İndi çox səhifəli qəzeti və qəzetləri 10-15 dəqiqəyə oxumaq mümkündür. Çünki oxucu çox vaxt orada öz tələbinə, zövqünə uyğun yazı tapmır. XXI əsr jurnalist ömrümüzə də yeni naxışlar vurub. Onun da tələb və baxışları yenilənib. Amma biz – Azərbaycan jurnalistləri Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əbdürrəhim bəy Haqverdiyev qələminin ardıcılları müstəqiliyinə əbədi qovuşmuş Azərbaycan mətbuatının ülvi ideallarını qorumağa borcluyuq!

– Yusif müəllim, qarşıdan 60 illik yubileyiniz gəlir. Arzularınız, istəkləriniz…

– Həyatımdan narazılığım yoxdur. Bir məqsədə, bir amala – xalqıma, dövlətimə və dövlətçiliyimizə xidmət etməyi özümün mənəvi borcum sayıram.