Yüngül sənayenin “ağır” problemi

0
410

Allahverdi Cəfərov
İnsanların gündəlik olaraq istifadə etdikləri məhsulların arasında kibritin xüsusi yeri var. Bütün dünyada olduğu kimi uzun illərdir Azərbaycanda da kibritdən geniş şəkildə istifadə olunur. Mətbəxdə qadınların və eləcə də kişilərin vazkeçilməz “köməkçilərindən” biri məhz kibrit hesab olunur. Düzdür son zamanlar artan texnoloji yeniliklər kibritin də istifadə meydanını bir qədər daraldıb. Ancaq buna baxmayaraq hələ də kibritdən gündəlik olaraq istifadə olunur və böyük ehtimalla hələ uzun illər istifadə olunacaq. Bunu ölkəyə idxal olunan kibritin miqdarına nəzər saldığımız zaman da açıq şəkildə görmək mümkündür. Məsələn, ötən il xarici ölkələrdən Azərbaycana 1647,64 ton kibrit gətirilib. Bu isə təxminən 150 milyon qutu kibrit deməkdir. Ancaq təəssüflə qeyd etməliyik ki, ölkədə kibritə bu qədər yüksək tələbat olduğu halda istehsalına maraq yoxdur. Kibrit istehsalının olmaması səbəbindən hər il böyük məbləğdə valyuta ölkədən xarici çıxarılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə idxal olunan 1647,64 ton kibrit üçün 1 milyon 736 min dollar vəsait ödənilib. Bunun təxminən yarısı – 839,2 min tonu Belarusdan gətirilib və bunun üçün 796,7 min dollar vəsait xərclənib. Məlumat üçün qeyd edək ki, son bir ildə Belarusdan idxal olunan kibritin çəkisi azalsa da, dəyəri yüksəlib. Belə ki, 2014-cü ildə Belarusdan 1135,4 ton kibrit gətirilib və 346,3 min dollar ödənilib. Rəqəmlərdən belə görünür ki, son bir il ərzində Belarusdan gətirilən kibritin dəyəri dollar ifadəsində 3 dəfədən çox artıb. Əgər 2014-cü ildə ölkəyə gətirilən kibritin 1 kiloqramı 30 sent təşkil edibsə, 2015-ci ildə bu rəqəm 95 sentə bərabər olub. Nəzərə alsaq ki, 2015-ci ildə milli valyutamız devalvasiyaya məruz qalıb o zaman idxal olunan kibritin dəyəri manat ifadəsində daha çox – 5 dəfədən çox artıb. İdxalda ikinci sırada qərarlaşan Rusiyadan gətirilən kibritin qiymətində də kəskin artım qeydə alınıb. 2014-cü ildə Rusiyadan idxal olunan 312,5 ton kibrit üçün 81,7 min dollar ödənilibsə, ötən il 754,8 ton kibrit üçün 845 min dollar xərclənib. Göründüyü kimi 2014-cü ildə Rusiyadan gətirdiyimiz kibritin 1 kiloqramı 26 sent olduğu halda, 2015-ci ildə gətirdiyimiz kibritin 1 kiloqramı bundan təxminən 4 dəfə çox – 1,12 dollar təşkil edib. Onu da qeyd edək ki, kibriti əsasən Belarus və Rusiyadan idxal etsək də, digər ölkələrdən də kibrit gətirilir. Məsələn, ötən il Ukraynadan 39,3 min dollar dəyərində 20,9 ton kibrit idxal olunub.
Hər il Azərbaycanda kibrit satışından 600 min manat qazanc əldə olunur
Açıqlanan rəqəmlərdən belə görünür ki, ötən il ölkəyə idxal olunan kibritin 1 qutusu üçün 1,1 sent və ya 1,3 qəpik (2015-ci ildə dolların orta məzənnəsi 1,2 manat olub-red.) ödənilib. Bu məbləğin üzərinə 0,3 qəpik həddində vergilər, nəqliyyat və digər xərcləri də əlavə etsək, o zaman bir qutu kibritdən təxminən 0,4 qəpik qazanc əldə olunur. Hazırda kibritin pərakəndə satış qiymətinin 2 qəpik olduğunu nəzərə alsaq, o zaman ölkəyə gətirilən 150 milyon qutu kibritdən təxminən 600 min manat qazanc əldə olunduğunu söyləmək olar. Göründüyü kimi, kibrit idxal olunmasına baxmayaraq ondan kifayət qədər gəlir götürmək mümkündür. Əgər kibrit ölkə daxilində istehsal olunarsa bu zaman gəlirin daha çox olacağı şübhəsizdir. Eyni zamanda kibritin yerli istehsalının təşkili olkədən xarici valyutanın çıxışını dayandıracaq, daha çox iş yerlərinin açılmasına səbəb olacaq. Bunun üçün ölkədə kifayət qədər geniş imkanlar mövcuddur. Bildiyimiz kimi Sumqayıt Kimya Sənaye Parkı məhz bu istiqamətdə fəaliyyət göstərmək məqsədilə qurulub və zəruri infrastrukturla təmin olunub. Üstəlik burada yeni müəssisə açmaq istəyənlər üçün bir-sıra güzəştlər nəzərdə tutulub. Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərmək istəyənlər 7 il ərzində əmlak vergisindən, torpaq vergisindən, mənfəət vergisindən və eyni zamanda idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar. Kibritin hazırlanması üçün lazım olan kimyəvi maddələrə gəldikdə isə qeyd edək ki, bunlar kimya sənayesində geniş yayılan maddələrdir. Yəni bu işə başlamaq istəyən iş adamları bu maddələri asanlıqla əldə edə bilərlər. Kibritin hazırlanmasında istifadə olunan kimyəvi maddələrdən əsasən 2 yerdə kibrit çubuğunun uc hissəsində və kibrit qutusunun kənarlarında istifadə olunur. Maraqlanan üçün həmin maddələrin siyahısını və kibritin tərkibindəki miqdarını təqdim edirik.
“Spiçki” olaraq tanıdığımız kibriti vaxtı ilə dünyada ən çox SSRİ istehsal edirdi
Məlumat üçün onu da bildirək ki, bu qədər geniş yayılmasına baxmayaraq kibritin tarixi bir o qədər də çox deyil. İlk dəfə kibritin 1805-ci ildə fransalı Jan Lui Şansel tərəfindən tapıldığı bildirilir. Taxta çöplərinin üzərinə bertolle duzu (Kalium xlorat) ilə şəkər tozunun qarışığı çəkildikdən sonra həmin çöpləri kükürd turşusuna batırarkən yaranan kimyəvi reaksiya nəticəsində alov əmələ gəlirdi. Amma insanlar güclü təsirə malik olan kükürd turşusunu öz üzərlərində gəzdirə bilmirdilər. Belə olan halda 1830-cu ildə Fransa və Almaniyada müasir kibritə bənzər kibritlər istehsal edilməyə başlandı. Bu kibritləri ağ fosfordan hazırlayıblar. Ancaq ağ fosfor da həm tez alışan, həm də zəhərli olduğu üçün kibritin daha da təkmilləşməsinə ehtiyac vardı. Nəhayət Karolinq Universitetinin professoru Qustaf Erik Paş kibrit çöplərinin uclarına çəkilən zəhərli ağ fosforu, təsirsiz qırmızı fosforla əvəz edir. Hal- hazırda istifadə etdiyimiz müasir kibrit sənaye üsulu ilə ilk dəfə İsveçli Yuhan Lundstremə məxsus fabrikda istehsal olunub. Rusiyaya kibrit ilk dəfə 1837-ci ildə gətirilib və “taxta mismarlar” mənasını verən “spiçki” adı qoyulub. Elə bizlərin də daha çox “spiçki” olaraq tanıdığımız kibriti vaxtı ilə dünyada ən çox SSRİ istehsal edirdi.