Yunanların “xeyr” cavabı neftin qiymətini aşağı saldı

0
601
Bazar günü ölkədə baş tutan referendumda yunan xalqının 61%-nin Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunun təkif etdiyi qənaət tədbirlərinə “yox” cavabı verməsi Avropa iqtisadiyyatını yeni böhrana sürükləyə bilər ki, bu da öz növbəsində dünya iqtisadiyyatı üçün xoş heç nə vəd etmir. 
Məlum olduğu kimi, həftənin bazar günü Yunanıstanda Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunun təqdim etdiyi razılaşma planı ilə bağlı keçirilən referendumda “xeyr” qərarı çıxıb. Referendumda iştirak etmiş seçicilərin 61%-i Avropa Komissiyasının Yunanıstana təkif etdiyi qənaət tədbirlərinə “yox” deyib. Ekspertlər belə hesab edirlər ki, bu nəticədən sonra Yunanıstanın Avrozonada qalması çətin olacaq. Yunanıstanın Avrozonadan çıxması ehtimalı artıb. Avropa Parlamentinin sədri Martin Şults, səsvermədən əvvəl verdiyi açıqlamada, “xeyr” çıxması halında Yunanıstanın başqa bir pul vahidinə keçməsi lazım olduğunu söyləmişdir. Şults, “Yunanıstan, bu referendumdan sonra hələ də Avroda qalacaqmı? Belə olmalıdır, amma əgər yunanlar referendumda “xeyr” desə, o zaman başqa bir pul vahidinə keçmələri lazımdır, çünki Avro ödəniş vasitəsi olmayacaq”,- deyib.

Avropa Parlamentinin sədri, yeni bir pul vahidinə keçdiyi an o ölkənin Avrozonadan çıxmış olacağını vurğulayıb. Qeyd edək ki, Yunanıstanın “Drahmi”yə qayıtması versiyası da müzakirə olunur. Referendumdan sonra, almaniyalı rəsmilər “Sipras və hökuməti Yunan xalqını tənhalığa aparır”. “Sipras son körpüləri də dağıtdı”, “Sipras bir fəlakətə yol açdı” açıqlamalarını veriblər. Onlar, Yunanıstanın xilasetmə proqramını rədd etməsindən sonra yeni müzakirələri təsəvvür etməyin çətin olduğunu söyləyiblər. Yunanıstanın Avro Bölgəsinin qaydalarını pozduğunu iddia edən alman rəsmilər, ölkənin blokdan ayrılmasının lazım olduğunu söyləyiblər.

 Yunanıstanın maliyyə naziri Yanis Varoufakis istefa verib

Dünən Yunanıstanın maliyyə naziri Yanis Varoufakis istefa verdiyini açıqlayıb. Yanis Varoufakis bildirib ki, istefasının səbəbi Avrozonanın bəzi üzvlərinin onu arzuolunmaz hesab etməsidir. Varoufakis “Yunanistanda bazar günü keçirilən referendumun nəticələrinin açıqlanmasından qısa bir müddət sonra bəzi Avro Qrupu iştirakçılarının bəlli seçimləri ilə bağlı xəbərdar edilmişəm və toplantılarındakı mövcudluğumu bitirirəm. Bu səbəbdən Maliyyə Nazirliyindən ayrılıram. Aleksis Tsiprasa dəstək olmağı vəzifəm hesab edirəm”,- açıqlamasını edib. O, referendumdan “bəli” nəticəsinin çıxdığı təqdirdə istefa verəcəyini açıqlamışdı. Lakin referendumdan “xeyr” nəticəsi çıxıb. Varoufakis referendumun nəticəsi məlum olandan sonra, “Xalq beş ildir ki, davam edən riyakarlığı rədd etdi”, açıqlamasını vermişdi.

 “Afinada baş verənlər həm Avropa və həm də yunanlar üçün yaxşı dərs oldu”

Yunanıstanda keçirilən referenduma münasibət bildirən iqtisadçı-ekspert Qubad İbadoğlu açıqlamasında bildirib ki, Yunanıstandakı referendum Avropa Birliyi ilə danışıqlar üçün qapını açıq saxladı: “Yunanlar referundum “yox” deməklə baş nazir Aleksis Tsiprasın danışıqlarda mövqeyini möhkəmləndirsə də qeyri-müəyyənlik davam edir. Bu qeyri-müəyyənliyin ilk zərbəsin dünyanın ikinci böyük iqtisadiyyatına malik olan Çin alıb. Bu gündən Çin valyutası və şirkətlərinin səhmləri dəyərini itirməyə başlayıb. Bu proseslərin digər bazarlara təsiri də istisna olunmur. Dünən (Srağagün-red.) Afinada baş verənlər həm Avropa və həm də yunanlar üçün yaxşı dərs oldu. Bir tərəfdən işləməkdən başqa hər şeyə razı olan, aldıqları borcları öz qazancları kimi xərcləyən yunanlar, digər tərəfədən isə dəyərsizləşən yunan iqtisadiyyatdan mənfəət qazanmaq istəyən xarici investorlar passiv biznesə sərmayələri ilə bütövlükdə bu ölkənin gələcəyinə ciddi şübhələr yaradıblar. Odur ki, Avropa Birliyin rəhbərlərinin sabaha (bu günə-red.) planlaşdırılan görüşündə müzakirələrin ağır keçəcəyi gözlənilir. Hətta həmin görüşdə kredit şərtləri yumşalsa da belə Yunanıstan borclarını qaytarmaq məcbudiyyətindədir. Əslində borc probleminin həllinin ən doğru yolu da budur. Yunanlar başa düşmədilər ki, xərclədikləri pullar onların deyil, özgəninki olub və bu pullar istiənilən halda və nəvaxtsa geri qaytarılmalıdır. Məbləğ isə balaca deyil, söhbət 240 milyard avrodan gedir. Ümumilikdə isə yunanların borcları 320 milyard avro dəyərində qiymətləndilir ki, bu da ÜDM-in 178 faizi deməkdir”.

 Dünən brent nefti 2,5% ucuzlaşıb

Yunanıstanda keçirilmiş referendumdan “xeyr” cavabının çıxması ilə neft də ucuzlaşıb. Dünən brent neftinin barrelinin qiyməti 58,84 dollar səviyəsini görüb. Ümumiyyətlə, dünən brent nefti 2,5% ucuzlaşıb. Digər tərəfdən, İran Xarici işlər naziri Cavad Zərif nüvə müzakirələrində yekun razılaşmaya yaxın olduqlarını, ancaq bəzi texniki və mətn problemlərinin davam etdiyini deyib. Razılıq təmin olunarsa, İranın neft ixracının önündəki manelər götürüləcək və qlobal neft təklifi bolluğu daha da şiddətlənəcəkdir.

Xatırladaq ki, 6 may 2015-ci il tarixində brent neftinin qiyməti 69,02 dollara yüksəlmişdi. Son 2 ayda neft 10 dollar ucuzlaşıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here