“Yunanıstanla bağlı qərar yaxın günlər ərzində qəbul ediləcək”

688

Yunanıstanla bağlı qərar yaxın həftələr yox, günlər ərzində qəbul ediləcək. Bu barədə Almaniya kansleri Angela Merkel bildirib.

Qeyd edək ki, Angela Merkel Aİ-nin növbədənkənar sammitində iştirak etmək məqsədilə Brüsselə səfərə gəlib.

“Biz hadisələrin inkişafını müzakirə edəcəyik, istənilən halda, bizdə yekun mənzərə yoxdur. Lakin mən deməliyəm ki, söhbət həftələr yox, günlərdən gedir. Yunanıstan baş nazirinin bizə nə demək istədiyini eşidəcəyik”, deyə Merkel bildirib.

Yunanıstan islahatlar proqramını Brüsselə iyulun 9-dək təqdim etməlidir

Avrozona sammiti Yunanıstanın üzərinə iyulun 9-dək islahatlar proqramının Brüsselə təqdim edilməsi ilə bağlı öhdəlik qoyub. Bu barədə sammitin 5 bənddən ibarət yekun sənədində bildirilib.

“Birincisi, Avrozona liderləri bütün səylərini avro zonasında maliyyə sabitliyinin təmin olunmasına səfərbər edəcəklərinə dair razılığa gəliblər”, deyə sənəddə bildirilir.

“İkincisi, baş nazir Aleksis Tsipras Yunanıstanda keçirilən referendumun nəticələrinə uyğun olaraq, Avropa Sabitləşdirilmə Mexanizmi haqqında müqavilənin çərçivəsində və konkret şərtlərin icrası əsasında (islahatların aparılması – red.) üzərinə yardım proqramı barədə yeni sorğunun təqdim edilməsinə dair öhdəlik götürüb” deyə sənəddə qeyd olunub.

“Üçüncüsü, sammit iştirakçıları təcili olaraq Yunanıstanın öhdəliklərinin (beynəlxalq kreditorlar qarşısında) icrasını və qüvvədə olan Avropa normalarını təmin edə biləcək mümkün razılaşmanın hazırlanması ilə bağlı razılığa gəliblər”, deyə sənəddə bildirilir.

“Dördüncüsü, Afina üzərinə iyulun 9-dək detallı, konkret və əhatəli islahatlar proqramının təqdim edilməsi ilə bağlı öhdəlik götürüb. Bu proqram sonradan Avroqrupun müzakirəsinə çıxarılacaq”, deyə sənəddə bildirilir.

Yekun sənədin 5-ci bəndi Aİ liderlərinin yekun qərarın verilməsi məqsədi ilə iyulun 12-də Brüsseldə təkrar sammit keçirmək qərarına gəldiyini bildirir.