“Yunanıstana 3 il ərzində 86 milyard avro ayrılacaq”

0
499

Avrozonaya daxil olan dövlətlərin iyulun 12-də keçirilən zirvə toplantısında Yunanıstan hökumətinin kreditorlar qarşısında öhdəlikləri yerinə yetirmək barədə vədinin əvəzində bu ölkəni avrozonada saxlamaq qərara alınıb.

Bu barədə görüşdə iştirak edən mənbə bildirib. Mənbə deyib ki, toplantıda Yunanıstana üçüncü yardım paketinin təqdim olunmasına dair razılığa gəlinib. Bunun əvəzində Aleksis Tsipras hökuməti iyulun 14-nə qədər parlamentdə Avropa İttifaqı ilə razılaşdırılmış 6 qanun layihəsini qəbul etməlidir. Söhbət özəlləşdirmə, təqaüd və vergi islahatları, o cümlədən ƏDV sisteminə yenidən baxılmasından gedir. Üç illik kreditləşmə proqramı iyulun 15-də Avroqrupun növbəti görüşündə təsdiqlənməlidir. İlkin məlumata görə, Afinaya veriləcək kreditin ümumi həcmi 90 milyard dollar olacaq.

“Yunanıstan Avropaya

aid olmaqda davam edəcək”

Almaniya Prezidenti Yoahim Qauk bu ölkənin televiziya kanalı olan ZDF-də yayımlanan “Berlin Direkt” proqramında Avropanın bu günə qədər bir sıra maliyyə böhranı yaşadığını, ancaq Yunanıstandakı vəziyyət kimi bir hadisə ilə qarşı-qarşıya qalmadığına bildirib.

“Yunanıstanın Avro qrupunda olmaması halında Avropa parçalana bilərmi” sualını cavablandıran Almaniya Prezidenti “bunu düşünmək istəmirəm, Yunanıstan Avropaya aid olmaqda davam edəcək” deyib.

Müzakirələrdə itirilən etimadın yenidən qazanılması üçün bir çox addımların atılmasının lazım olduğunu deyən Yoahim Qauk vurğulayıb ki, yeni yardım paketinin verilməsi istiqamətində qərar alınacağı təqdirdə, Yunanıstan və bu ölkədəki təşkilatlarla güvənin inkişaf etdirilməsi vacibdir.

Almaniya Prezidenti maliyyə böhranı yaşayan Yunanıstanla bağlı müzakirələrdə Baş nazir Angela Merkelin mövqeyini də müdafiə edib. O bildirib ki, A.Merkel qaydaların açıq şəkildə gözardı olunmasını istəyir.

“Yunanıstan banklarının təkrar kapitallaşdırılması üçün 25 mlrd. avro lazımdır”

Yunanıstana yardım proqramı 3 il ərzində 86 mlrd. avronun ayrılmasını nəzərdə tutur. Bunu Almaniya kansleri Angela Merkel avrozona ölkələri liderlərinin Brüsseldə keçirilən sammitindən sonra bəyan edib. Merkel bildirib ki, avrozonaya daxil olan ölkələr Yunanıstanın borc yükünü yüngülləşdirməyə hazır olsalar da, borcun silinməsindən söhbət getmir. O əlavə edib ki, Yunanıstan banklarının təkrar kapitallaşdırılması üçün 25 mlrd. avro lazımdır. Merkel həmçinin qeyd edib ki, Yunanıstan parlamenti iyulun 15-dək ƏDV islahatı, Milli Statistika Agentliyinin yenidən qurulması və pensiya sistemində dəyişikliklərlə bağlı müvafiq qanunlar qəbul etməlidir. Onun sözlərinə görə, yalnız bundan sonra avrozona ölkələrinin milli parlamentlərində Yunanıstana üçüncü yardım proqramına dair səsvermə keçirilə bilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here