Yumurta davası

“Az aşım, ağrımaz başım” atalar sözünü günümüzdə az eşitsək də, hər zaman olduğu kimi, bu sözün indi də böyük əhəmiyyəti var. Bu hikmətdən hər birimizin asanlıqla çıxara biləcəyimiz nəticə “az yeyənin azarı da az olar”dır. 
Müasir tibb elmi də bir sıra xəstəliklərə məruz qalmamaq üçün az yeməyi məsləhət görür. Ramazan orucunu tutanlar o Aylar Sultanının günləri ötdükcə insan vücudunun nə qədər yüngül, qıvraq olduğunun və ruhi rahatlıq içərisində yaşadığının şahididir. Nəfsin tərbiyəsində Ramazan orucunun əhəmiyyəti danılmazdır. Nəfsdən söz düşmüşkən, bir əcnəbi lətifəsi ilə davam edək sözümüzə.

Bir şotlandiyalı dostları ilə o qədər yeyib-içir ki, oturduğu yerdən qalxa bilmir. Yoldaşları qoluna girib, onu güclə evinə aparırlar. Evinə çatdığını görən şotlandiyalı dostlarına deyir:

– Sizdən bir xahişim var. Xahiş edirəm, sizinlə yeyib-içdiyimi arvadıma deməyin.

Dostların təəccüblə baxdıqlarını görüb, adam zorla nəfəs alaraq əlavə edir:

– Sizinlə yeyib-içdiyimi bilsə, şam yeməyimi verməyəcək.

Nəfsin acgözlüyü həmişə insanı xar etmiş, ən güclü pəhləvanları belə dizə gətirmişdir. Nəfsə tabe olmaq baş ağrısı, ağır xəstəliklər yaratmışdır. Allahın yaratdığı dünyanı düşünən insanlar üçün arzuolunmaz hala salan da məhz nəfsdir. Materialist dünyanın simasını istədiyi formaya salmaqda olan nəfs yüyənsiz, hürkmüş at kimi taleyindən xəbərsiz sahibini şeytanın gözəl göstərdiyi istənilən səmtə aparır. Elə buna görədir ki, nə təbiətdə təbiilik qalıb, nə də insanda insanlıq yerindədir. İnsanı “insan” sözünün mənasına yadlaşdıran nəfsi, əndazədən çıxaran qüvvə isə mənəvi aclıqdır. Mənəvi aclığın səbəbkarı da fiziki toxluqdur. Bura bir ibrətamiz hekayətin yeridir:

İbrahim Ədhəm Həzrətləri ilə Şeyx Bəlxi Həzrətləri rastlaşırlar. Şeyx Bəlxi Həzrətləri soruşur:

– Nə edirsiniz?

– Tapanda yeyirik, tapmayanda şükür edirik.

– Bəlxin itləri də belə edirlər.

– Bəs siz nə edirsiniz?

– Biz isə tapanda başqalarına veririk, tapmayanda şükür edirik.

Bəli, aramsız olaraq mədənin yüklənməsi mənəviyyatın aclığına səbəb olurmuş. Bu həqiqət tarixin yaddaşında yüksək mənəviyyat abidələri kimi qalan insanlar üçün bir yaşam düsturu olubsa, bizim kimi sıravi adamların canavarlaşması o qədər də təəccüblü deyil. Sözardı olaraq daha bir hekayət oxuyaq:

Leysilər sülaləsinin hökmdarı Yəqub ibn Leys ağır xəstələnir. Ona məsləhət görürlər ki, zəmanəsinin məşhur sufilərindən olan Səhl ibn Abdullahdan onun üçün dua etməsini xahiş etsin. Səhl ibn Abdullah əmirin sağalması üçün dua edir.

Yəqub ibn Leys sağalandan sonra Səhl üçün pul göndərir. Lakin Səhl ibn Abdullah pulu geri qaytarır və əmirə də belə bir  xəbər yollayır:

– Mən indiyə kimi nə əldə etmişəmsə, sərvətlə yox, fəqirliklə əldə etmişəm. Əgər dünya malına aludə olsaydım, heç bir duam qəbul olmazdı.

Müqəddəs Quran deyir: “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?” (Ənam -6/32)

Bu hələ harasıdır? Mənəvi zənginliyə bir şeylər öyrənmək və ya uzun ömür yaşamaqla da yüksəlmək olmur: Bir gün doqquz yaşlı Volteri bir keşişə təqdim etdilər. Keşiş Volterə:

– Sən mənə Allahın harada olduğunu de, mən sənə bir portağal verim! – dedi.

Volterin cavabı isə belə idi:

– Sən isə mənə Allahın harada olmadığını de, mən sənə iki portağal verim!..

Bilmirəm, astronomlar dünyanın kənardan, kosmosdan hazırkı vəziyyətinin fotosunu əldə ediblər, ya yox, məncə, yaşadığımız zavallı planet oradan ancaq od-alov içərisində, tüstüyə bürünmüş halda görünər. İnsan oğlu fərdi, şəxsi xoşbəxtliyi üçün nələr etmirki?! Şam kimi yanıb əriməkdə olan dünyanın durumu çoxlarının vecinə deyil. Onları məşğul edən yalnız dünyanı ələ keçirmək, onu istədiyi kimi idarə etmək, bölmək, bölüşdürməkdir. Bütün cahangirləri yola salan dünyaya sahib olmaq həvəsi köhnəlmək bilmir. Bu fani sevdaya mübtəla olanlar gələcək nəsilləri düşünmədən dünyanı xarabazara çevirməkdədirlər. Onların vəziyyətinə uyğun daha bir Şotlandiya lətifəsi ilə qüvvət verək sözümüzə.

Şotlandiyalının toyuğu ingilisin bağçasında yumurtlamışdı. Biri: “Toyuq mənim, yumurta da mənimdir”, – deyir. O birisi də toyuq və yumurtanın ona aid olduğunu iddia edir. Nəhayət, şotlandiyalı bu mübahisənin bitməyəcəyini görüb, bir təklif irəli sürür. Təklifə görə, qonşular növbə ilə bir-birinə təpik vuracaq və zərbədən yıxılan qonşulardan hansı yerdən daha tez qalxarsa, yumurtaya sahib olacaqdı. İngilis razılaşır. Birinci şotlandiyalı zərbə endirməli olur. O, evə gedib əsgər çəkmələrini geyinib gəlir, yaxşıca dartınıb qarşısında dayanmış ingilisə möhkəm bir təpik vurur. İngilis aldığı zərbənin təsirindən yerə yıxılır, yarım saat sonra güclə qalxa bilir. İngilis hazırlaşıb öz növbəsini yerinə yetirmək istəyərkən şotlandiyalı yumurtanı ona uzadıb deyir:

– Al, sənin olsun. Bir yumurta üçün dəyməz.

Uca Yaradan həmişə tamahı, qüruru ilə dünyaya meydan oxuyanların arzularını gözlərində qoymuşdur.

Bu sətirlərin sahibi də köhnəlməkdə olan ömür sarayının pəncərəsindən dünyaya boylanaraq, burada yaşamağın nə qədər məsuliyyətli olduğunu duyduqca bir zaman qələmə aldığı aşağıdakı sətirləri yazmaq xəcalətini verib:

 

Dəli könül, al səhərdən

Qərib duman, çən istəmə.

Dünya şirin, bal, şəkərdən,

Yalvarsa da sən istəmə.

 

Qoy axsın alnımın təri,

Zər canım, ara Zərgəri,

Ucal, uca zirvələri,

Öz boyuna tən istəmə.

 

Nə ağla, nə döy başını,

Sünbül kimi əy başını,

Əzizlə, dost-qardaşını,

Bircə saman, dən istəmə.

 

Yenə göydən ulduz axdı,

Sönüb getdi kimin baxtı?

Rahib, bil ki, ölüm haqdı,

Şəhid ol, kəfən istəmə!

 

Allah qəlblərimizə üzərindəki və təkindəkilərlə birlikdə insanlara əmanət olaraq bəxş etdiyi Yer kürəsinin mövcud vəziyyətinə acımaq hissi doldursun, nəfsimizə sahibi, hər birimizə haqqın, həqiqətin qulu, insanlığa layiq bütün gözəlliklərin aşiqləri, Allahın göstərdiyi doğru yolun yorulmaz yolçusu olmağı, insani dəyərlərin dərdi ilə yaşamağı nəsib etsin. Amin!

Rahib Alpanlı