“Yüksək pensiya almaq istəyənlər əməkhaqlarının tam qeydiyyatına çalışacaqlar”

457

“Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir”. Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu fikirləri jurnalistlərə açıqlamasında səsləndirib. Onun sözlərinə görə, beynəlxalq təcrübə bir daha təsdiq edir ki, pensiya sistemlərinin səmərəliliyi bu sistemlərin hazırkı cəlbediciliyi və sosial imtiyazlar təqdim edilməsi ilə deyil, uzunmüddətli perspektiv üçün maliyyə dayanıqlığına malik olmaqla ölçülür.

Sədr ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın əhəmiyyətindən də bəhs edib. O, vurğulayıb ki, sənəd ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır: “Bu yöndə aparılacaq islahatların əsas vəzifələri qismində pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması, əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması çıxış edir.

“Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrası təyin olunan pensiya məbləği ilə ödənilən sığorta haqqının məbləğinin uyğunluq təşkil etməsinə, pensiya təminatı sistemində yığım potensialının və sosial ədalətin güclənməsinə imkan verəcəkdir. Bununla yanaşı, pensiya təminatı sistemi ilə bağlı qanunvericilikdə sosial sığortaya dair prinsiplər daha da təkmilləşdiriləcək, sistemin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olunacaqdır”,-deyə E. Mehdiyev qeyd edib.

Fond sədri bildirib ki, hazırda vətəndaşların pensiya kapitalı ödənilən cəmi sosial sığorta haqqının 50 faizinin fərdi hesablarda qeydə alınması ilə formalaşdırılır, digər 50 faizi isə sistemin ümumi xərclərinin, o cümlədən pensiyaçılar üçün bərabər məbləğlərlə ifadə olunan baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir: “Məhz bu hal yüksək əməkhaqqından sosial sığorta haqqı ödənilməsinə marağı azaldır. Bunun tənzimlənməsi, eləcə də qeyri-leqal əmək ödənişlərinin iqtisadi üsullarla aradan qaldırılması işləyənlərin fərdi hesablarında onlar üçün ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğinin əks etdirilməsini tələb edir. Bu qaydanın tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əməkhaqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Digər tərəfdən, hazırda aktiv iştirakçıların marağını azaldan bir sıra hallar, məsələn, 5-10 il yüksək məbləğlə sosial sığorta haqqı ödənildiyi halda, staj tələbinin 12 il olması səbəbindən pensiya hüququnu qazana bilməmə kimi hallar tam aradan qaldırılacaq. Minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə, ümumiyyətlə, staj tələbi qoyulmayacaq”.

Pensiya məbləğlərinin nəzərdə tutulan artımı qaydalarına da aydınlıq gətirən E.Mehdiyev: “Əmək pensiyalarının baza hissəsinin minimum pensiya göstəricisi ilə əvəz olunması pensiyaların bütün məbləğinin hər il indeksləşdirilərək artımına imkan verəcək. Yeni qaydaların tətbiqi pensiyanın minimum həddi də daxil olmaqla bütün məbləğinin hər il indeksləşdirilərək artırılmasını nəzərdə tutur”,-deyə qeyd edib. Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi hazırda fəaliyyət göstərməkdədir. Elman Mehdiyev bildirib ki, ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin və qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaqdır. Bu əsasda məcburi dövlət sosial sığortası ilə yanaşı, könüllü sosial sığortanın inkişafı vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanlar yaradacaq.

 

Nicat İntiqam