“YUĞ”da “Fəna” olacaq

Azərbaycan Dövlət “YUĞ” Teatrında “Fəna” adlı yeni tamaşanın premyerası olacaq. Teatrdan verilən məlumata görə, tamaşa Orxan Fikrətoğlunun “İtki” hekayəsi əsasında hazırlanıb.

 

Tamaşanın quruluşçu rejissoru Mir Sahib, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatı Amid Qasımov, İffət Əsgərov, rejissor assistenti Qasım Nağıdır.

 

Tamaşada kişi rolunu Qasım Nağı, qadın rolunu Natəvan Qeybani, dost rolunu Oktay Mehtiyev, Fikrət rolunu isə Novruz Novruzlu ifa edir.

 

Özünü-özlüyünü itirmiş üç nəfər, öz fitrətlərini insan surətində görüb, onun dəvətilə özlərinə-özlüyünə qayıdırlar.

İnsan bütöv bir Həqiqətin zərrəsidir. Bunu istəsə də, istəməsə də insan O Həqiqətə bağlıdır. Bu Həqiqətin insandakı təzahürü vicdan, mənəviyyat, ruh və ya fitrət adlanır. Bəşər övladı yarandığı gündən Həqiqətə qayıdış yolunda vasitəçi olan təmiz fitrətə ya müdaxilə edir (sakral-ilahi gedişata müxtəlif maneələr yaradır), ya da müdaxilə təhlükəsi ilə yaşayır. Fitrətə müdaxilə etməmək və ya bu təhlükədən amanda qalmaq üçün insan daim özünüislah (təzkiyə) və özünütanıma (mərifət) prosesini yaşamalıdır. Ki, nəticədə Fəna (qovuşma, həll olma, Həqiqətdə yox olma)  məqamına yüksəlsin.