“YUĞ” teatrının 29-cu mövsümdə təqdim edəcəyi bu tamaşa həyatdakı işarələri duymaq üçün yeni dil təklif edir: “Quş dili”…
Bəşəriyyətin ən böyük bəlası – laqeydlikdir! İnsanın özünə olan laqeydliyi!.. Sürətlə ötüb keçən zamana diqqət kəsilməz, fikirlərini dinləməz, hissləriylə hesablaşmaz, arzularına sahib çıxmaz…
İnsanın ən böyük təlaşı – itirmək qorxusudur! İçini gəmirən vahimədən xilas olmaz, tapındığı Allahdan, yaşadığı həyatdan nə istədiyini anlamaz…
Həyatın ən vacib məqsədi – yolu tapmaqdır! Sınaqlarda sınmadan, sevgini itirmədən, əhdindən dönmədən…
Əhdə sadiq qalmağın yeganə yolu – arif olmaqdır! Yol boyu sayrışan işarələri oxumaq – cəsarət, səmimiyyət, həssaslıq istər… İşarələrin də dili var…
Hadisə gözdən uzaq bir dağ kəndində baş verir. Nə baş verir? Bir gecə kəndə Əzrayıl gəlir – Əzrayılın gəlişi həmişə hadisədir… Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz – külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir… Qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən… aşkar sınağın mükafatı isə gizli gələr həmişə… Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisiylə sınanacaq…
Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var. Məsələn biri: “nəyə görə bütün ömrünü dənizdə keçirən balıqçının öz qazanında iki-üç xırda, yöndəmsiz balıqlar qaynayır?”
Teatrın mətbuat xidməti