Yubiley tədbirlərinə start verilib

2018-ci ilin noyabrın 11-də Mingəçevirə şəhər statusu verilməsinin 70-ci ildönümü tamam olacaqdır. Bu əlamətdar tarix münasibəti ilə şəhərin bütün müəssisə və təşkilatlarında təntənəli bayram tədbirlərinin keçirilməsinə başlanılıb.

Tarixi günlərə və milli bayramlara xüsusi diqqətlə və həssaslıqla yanaşılan Mingəçevir Turizm Kollecində şəhərin 70 illik yubileyi ilə bağlı rəngarəng tədbirlərin keçirilməsi nəzərdə tutulub. Yubiley tədbirlərinə oktyabrın 24-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzinə ekskursiya ilə start verilib. Ekskursiyada “Mühasibat uçotu” ixtisası üzrə İ-32 qrupunun tələbələri iştirak edib. Ekskursiyanın təşkilatçısı tarix müəllimi Eldar Dərişov ekskursantları mərkəzdə Mingəçevir şəhərindəki quruculuq işlərinə həsr olunmuş stendlərlə tanış edib. Eləcə də mərkəzin əməkdaşları tələbələrə Mingəçevir şəhərinin sənaye energetika potensialının yaradılmasında ulu öndər Heydər Əliyevin xidmətləri barəsində ətraflı məlumatlar çatdırıb. Mərkəzin güşələrində şəhərdəki quruculuq işlərinin bütün mərhələlərini özündə əks etdirən fotosənədlər nümayiş olunub.

Daha sonra ekskursiya şəhərin “İlk qurucular” parkında davam etdirilib. Burada tələbələrə Mingəçevir şəhərinin tarixi, şəhərin salınmasında xidmətləri olan insanların həyat yolu barəsində məlumatlar çatdırılıb. Ekskursiyanın rəhbəri tələbələrin Mingəçevir SES-in tikintisi, su anbarının yaradılması və s. məsələlər barədə suallarını ətraflı cavablandırıb. Ölkənin ayrı-ayrı bölgələrini təmsil edən tələbələr ekskursiya zamanı Mingəçevir şəhərinin quruculuq tarixi barədə faydalı məlumatlar əldə edib.

Esmira Hidayətova, Mingəçevir