“Yoxdur” deməyi də bacarmaq lazımdır

652

Araşdırmalar göstərir ki, valideynlərinə dönük çıxan övladların əksəriyyəti uşaq ikən “yox” cavabı almayanlardır. Yəni valideyn övladın hər tələbini yerinə yetirdikcə əslində onu həyatın reallığından uzaqlaşdırır. Hər yaşda yaşamalı olduğu qayğılardan azad edilərək böyüyən uşaq sonradan rastlaşdığı ən adi problem qarşısında aciz qalır. Uşaq ikən istəklərinin ardı-arası kəsilməyənlər böyüyəndən sonra ən zəruri ehtiyaclarını ödəməkdə belə çətinlik çəkirlər.

İstədiyini istədiyi vaxtda əldə edən uşaqda doyumsuzluq duyğusu yaranır. Real həyatdan xəbərsiz olan bu körpənin bitib-tükənməyən istəkləri artıq tərbiyə tanımır, onlar ən bəsit bir məsələdə belə “yoxdur”, “olmaz” kimi etirazları həzm edə bilmir…

Bəzi ailələr övladlarını zəhmətə alışdırmaqdan çəkinirlər, daha doğrusu, onlara “əziyyət” vermək istəmirlər, amma əslində bu addım uşağa qarşı atılan yanlış addımlardandır. Çünki zəhmət özü də bir tərbiyədir.

İndi ailələrdə bir və ya iki uşaq böyüyür. Bu uşaqlar da hər tərəfdən qayğı ilə, sevgi ilə əhatə olunurlar. Bir şey istəyəndə onu əldə etmək üçün inad göstərirlər. Çünki uşaq da olsalar, bilirlər ki, ata almasa da, ana alacaq, ana da almasa, babadan, nənədən biri yola gəlib onun dediyini yerinə yetirəcək. Bu düşüncə əslində uşağın tərbiyəsinin pozulmasında çox mühüm rol oynayır. Tərbiyə əslində kompleks halında olmalıdır və hər kəs də uşağa qarşı necə davranmalı olduğunu yaxşı bilməlidir. Əgər ata-ana hansısa işdə övlada “yox” deyiblərsə, baba-nənə onun “kapriz”ini təmin edərək şüurunda yeni “xeyir qapısı” açmamalıdırlar.

Bəzən uşaq bir şey istəyir. İstədiyini də alandan sonra  əhəmiyyətsiz əşya kimi bir tərəfə tullayır. Halbuki bir qədər əvvəl onu əldə etmək üçün nə oyunlar çıxarırdı. Demək, uşağın istəyi o oyuncaq deyil, sadəcə, istədiyini sizə qəbul etdirməkdir. Zarafat gəlməsin, bəzən uşaqlar valideynlər üzərindəki hökmranlığını bu üsulla yoxlayırlar.

Bəzi mütəxəssislər deyirlər ki, uşaqlar heç zaman valideynlərinin kasıb və ya zəif olduqlarını hiss eləməməlidirlər. Bəlkə də müəyyən məqamlar üçün bu deyilənlər doğrudur, amma uşaq israr edəndə ona “yoxdur, imkanımız çatmır” deməyi də bacarmaq lazımdır. Bəzən uşaqla bir çox məsələni olduğu kimi açıq-aydın danışmaq, birlikdə müzakirə etmək daha doğru nəticə verir.

İstədiyi hər şeyi valideyndən qoparmağı bacaran uşaq əslində öz içindəki çalışmaq, zəhmət çəkmək duyğusunu, düşüncəsini zəiflətmiş olur. Belələri hər şeyi hazır aldıqları üçün yeniyetmə yaşına çatanda belə bütün problemlərə görə valideynləri məsul bilir, özləri heç bir yükün altına çiyin vermirlər. “Bu, sizin borcunuzdur”, “bunu almalısınız”, “məcbursunuz” kimi ifadələrlə valideynləri çətin vəziyyətə salan bu ərköyün övladlar real həyata atılanda problemlər içində boğulurlar.

Hələ kiçik yaşlarından bəzi uşaqlar o qədər ərköyün olurlar ki, öz valideynlərinə belə ağır söz deməkdən çəkinmirlər. Bu mövzuda güzəşt yoxdur, mütləq bu məsələ öz həllini tapmalıdır. Amma başa salaraq, qəlbini qırmadan, onun xətasına xəta ilə qarşılıq vermədən.

Bəzən övlada olan sevgi bu mövzuda valideynləri müəyyən qədər loyal davranmağa, güzəştə getməyə sövq edir. Amma demək olar ki, əksər hallarda bu cür yanaşma peşmançılıqla nəticələnir.