Yolu ürəyi üstdə gedən şair

Martın 7-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda çağdaş ədəbiyyatımızın tanınmış nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəmaləddin Qədimin “Yolu ürəyimin üstdə gedirəm” adlı növbəti şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Tədbirin aparıcısı, tanınmış ədəbi tənqidçi Əsəd Cahangir kitabın müəllifinin yaradıcılığı ilə bağlı fikirlərini iştirakçılarla bölüşüb. O bildirib ki,  qoşma, gəraylı kimi klassik şeir üslubundan daha çox və məharətlə istifadə edən Kəmaləddin Qədim, sözün həqiqi mənasında, təpədən dırnağa şairdir: “Elə onun sayca 11-ci kitabı olan “Yolu ürəyimin üstdə gedirəm” kitabındakı şeirlər də bunun bariz nümunəsidir”. 

O vurğulayıb ki, Kəmaləddin Qədimin şeirlərində təkcə doğulduğu kəndin deyil, bütövlükdə Azərbaycanın, eləcə də türk dünyasının ab-havası duyulur. Şairin hər bir şeiri dilinin sadəliyi, bədii hikməti, fəlsəfi düşüncəsinin dərinliyi ilə oxucunu özünə ram edir.

Kəmaləddin Qədimi poetik təbinə və istedadına güvənən şair kimi xarakterizə edən yazıçı Seyran Səxavət onun poeziyasını oxucunu özünə çəkə biləcək həqiqəti ilə seçilən bir poeziya kimi dəyərləndirib: “Bu da onun yaşadığımız həyata ayna tuta bilmək bacarığından irəli gəlir. Kəmaləddin Qədim həm də poetik təbinə və istedadına güvənən sənətkardır. Ona görə də onun qələmindən çıxan hər bir şeirin bədii tutumu, dəyəri vardır. Bir sözlə, Kəmaləddinin soyadı Qədim olsa da, o, müasir şairlərimizdəndir. Özü də çox məhsuldar şairdir”. 

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani “Üz tutub Şuşaya sarı, ulayan yalquzaq mənəm” deyən şairin yaradıcılığında Qarabağ mövzusunun da özünəməxsus yer tutduğunu vurğulayıb. Bildirib ki, onun hərbi vətənpərvərlik ruhunda yazdığı şeirləri əsgər və zabitlər tərəfindən sevə-sevə oxunur.

Filologiya elmləri doktoru Ramiz Əsgər, yazıçı Səfər Alışarlı, şair Məmməd Tahir və başqaları çıxış edərək Kəmaləddin Qədimin insani keyfiyyətlərindən söz açmaqla yanaşı, onu  yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər və yolu ürəyinin üstdə gedən şairə yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə Kəmaləddin Qədim yaradıcılığına verilən dəyərə görə minnətdarlığını bildirməklə yanaşı, “bədii sirlərindən” də söz açıb: “Mən ancaq və ancaq ürəyimin hökmü ilə yazıram. Odur ki, 

Ömür bitəbitdə, gün batabatda,

Can hansı qatdadı, ruh hansı qatda…

Başqa yol qalmayıb Allahın altda,

Yolu ürəyimin üstdə gedirəm…”

Qeyd edək ki, kitaba sevilən şairimiz Musa Yaqub “Darıxan misralar” adlı “Ön söz” yazıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”