Yolu gözəl keçmək üçün

57

 

 

Yolun mədəniyyətimizdəki kimi müqəddəs hesab olunduğu çox az mədəniyyətlər tapılar, bəlkə də heç yoxdur. Biz “Yol haqqı!” – deyib and da içirik, “Yol qənim olsun!” – deyib qarğış da edirik, “Yolunu azanları” “yola gətirməyə” də çalışırıq. Yol bizləri istədiyimiz yerə aparsa da, “Bu yol hara gedir?” – də deyirik.

O qədər də uzaq olmayan keçmişdə yol öz müqəddəsliyini qoruyub saxlamışdı. Yolda kiminsə ayağına dəyə biləcək bir daşı, bir budağı götürüb kənara qoyub, böyük bir görmüş kimi belini düzəldib sevinən yaşlı insanlar nə qədər qəribə görünərdi bizlərə. Yolun təmizliyi evin təmizliyinə tən tutulardı bir zamanlar. Yolçular yol kənarında əyləşib dincəlməyi də müəyyən mənada yola hörmət kimi dəyərləndirərdilər. Köhnə kişilər yol kənarındakı cır meyvələrə calaq edər, mer-meyvədən dadanlar da onlara xeyir-dua, rəhmət diləyərdilər. Gələk bu günə.

***

Quba-Xınalıq yolunun Xucbala-Alpan hissəsi uzun illər bərbad halda idi. Yeni, rahat yolun salınması minlərlə insanın ürəyincə olsa da, bir sıra problemlərin yaranmasına da səbəb olub. Bu gözəl yolun gecələr, dumanlı havalarda sürücü və sərnişinlərin təhlükəsiszliyi üçün quraşdırılmış yol nişanları, işıq əks etdirən vasitələr kimlərinsə ya xoşuna gəlmir, ya da onlara çox lazım olur. Yoxsa müəyyən məsafələrdə basdırılmış bu yol nişanlarının sayı gündən-günə niyə azalır?

Bəzi “insanlar” yaşıllıqlar içərisindən qıvrılaraq uzanan yolun ətrafına zibil paketləri tullamaqdan da çəkinmirlər. Tülkü-çaqqal, sahibsiz itlər də həmin paketləri parçalayıb yolu eybəcər hala salır.

Gələk kəndin işərisinə. Yolun təxminən iki kilometr hissəsi yaşayış məntəqəsinin içərisindən keçir. Hər iki tətəfdəki evlərin giriş qapıları birbaşa yola açılır. Yolun hər iki tərəfində piyadalr üçün səki yaratmaq imkanı olduğu halda bu gün də sakinlər yolun içərisi ilə yeriməyə məcburdurlar. Ona görə məcburdurlar deyirəm ki, səki yaratmaq üçün qalan ərazinin ortasından bir zamanlar suvarma suyu ilə aşıb-daşan, min hektaralarla alma bağlarına həyat verən, indi isə məişət suları ilə kirlənmiş arxlar keçir. Arxa düşməmək üçün yeganə çıxış yolu asfalt yolda yeriməkdir. Bir neçə kəndi birləşdirən yol hər an təhlükə məkanı ola bilir. Xoşbəxtlikdən ölüm hadisəsi baş verməsə də, artıq bu yolun tarixində bir  neçə qəza qeydə alınıb. Nə sürət həddinə məhəl qoyan var, nə də belə ciddi bir vəziyyətlə maraqlanan.

Yolun hamar və rahat olması o demək deyildir ki, idarə etdiyin maşını hər yerdə istədiyin sürətlə sürəsən. Maşını sən idarə etsən də, səni ağlın idarə etməlidir. Bu yolun gözəlliyinə bir qədər də gözəllik qata biləcək səkilər yaratmaq “imkan xaricindədir”sə də, kəndin içərisindən keçən hissəsində ya “tramplinlər” quraşdırmaq, ya da kameralar yerləşdirmək olar.

***

Təkcə yolun gözəl olması kifayət deyil, bu gözəlliyi qorumaq, daha da zənginləşdirmək məsuliyyəti yolçuların üzərinə düşür. Bir ibrətamiz hekayətdə deyildiyi kimi:

Bir kral xalqı üçün geniş bir yol çəkdirməyə qərar verdi. Yolu istifadəyə verməzdən əvvəl xatirələrdə qalacaq bir yarışma keçirmək istədi. Kral arzu edən hər kəsin bu yarışmada iştirak edə biləcəyini və nəticədə yoldan ən gözəl şəkildə keçən şəxsin müəyyən olunacağını elan etdi.

Yarışma günü insanlar yola axın etdilər. Hamı daha gözəl görünmək üçün əlindən gələni etmişdi. Gün boyunca insanlar yolu qət edib kralın yanına döndü və hamı da eyni şikayət ilə gileyləndi: Yolun bir yerində yolçuluğu çətinləşdirən böyük bir daş və dağıntı yığını vardı.

Günün sonunda daha bir yolcu yorğun-arğın halda final xəttinə yetişdi. Üst-başı-toz topraq içindəydi, amma krala böyük bir ehtiramla yönələrək, qızılla dolu bir kisə uzatdı və dedi:

— Yolculuğum zamanı, yolu daraldan, insanların hərəkət etməsini çətinləşdirən bir daş və dağıntı yığını gördüm. İnsanlar rahat olsunlar deyə onları yoldan götürmək üçün dayandım. Yolu təmizlərkən daşların altında qızılla dolu bu kisəni  gördüm. Düşündüm ki, yəqin bu qızıllar Sizə məxsusdur.

Kral gülümsəyərək cevab verdi: — O qızıllar sənindir.

— Xeyr, mənim deyil. — Mənim heiç bir zaman bu qədər pulum olmayıb.

— Bəli, — dedi kral. — Bu qızılları sən qazandın, yarışmanın galibi də sənsən. Çünki, yoldan ən gözəl keçən adam ardından gələnlər üçün yoldakı əngəlləri qaldıran adamdır!

***

Əslində insan dünyaya göz açandan yol gedir. Boya-başa çatmaq da, təhsil almaq da, müəyyən bir vəzifədə çalışmaq da, ata-ana, nənə-baba olmaq da yol getməyə, daha doğrusu yoldan keçməyə bərabərdir. Hansı yol olur olsun, ləyaqətli, nümunəsi öyrənilən yolçu olmağa çalışmalıyıq ki, yollar daha gözəl olmaqla öz yolçularını xeyirli aqibətlərə çatdırsın. İnsan ömür yolundan yalnız bir dəfə keçə bilir:

 

Bir “Ol!” hikmətinə oldu bu dünya,

Haqqa salam verib doldu bu dünya.

 

İnsanlıq eşqinə gül açıb, hərdən,

Heyif ki qovrulub soldu bu dünya.

 

“Qırmızı Kitaba” düşüb yaxşılıq,

Yaman-yaramazdan boldu bu dünya.

 

Yağının başına bir “Dəmir Yumruq”,

Yurduma bükülməz qoldu bu dünya.

 

Rahib -“Allah!” deyən – bir qərib qonaq,

Axtaran tapacaq – yoldu bu dünya.

 

   PS: Əyri oturub düz danışsaq, camaatımız o qədər də fərasətsiz deyil. İllər boyunca icməli suyumuzun qıtlığından gileyləndik, kəndimizə “yeni su mənbəyi”ndən su əlavə etdilər. Kranlardan bir il “şor”, bir il“kofe” axdı, indi də ağartı qabının yuyuntusu axır, o da o qədər qıtdır ki, kəndin başından ayağına çatmır. Sakinlərin əksəriyyəti “Quyuya su tökməklə quyu sulu olmaz” məsəlini unudub həyətlərində quyu qazdırıb, filan qiymətə su alır və tükənincə arxayın-arxayın içir. Bu proses sürətlə davam etməkdədir. Bələdiyyə və icra nümayəndəliyi belə camaatdan razı qalmayıb neyləsin. Bir-iki il də gözləsələr, yolun səki problemini də camaat özü həll edəcək, təki kabinet əldən çıxmasın, vəssəlam!

 

Rahib Alpanlı (Sədullayev),

ADPU Quba filialının baş müəllimi, qabaqcıl təhsil işçisi