Yollarımızın dağılmasının səbəbi

493
“Yük avtomobilləri gecələr kolonna ilə getdiyi üçün saxlatmaq mümkün deyil” 
Yolu Bakı-Quba yolundan düşən hər kəs onun istismar müddəti başa çatmadan müəyyən bir hissəsinin yararsız hala düşməsinin şahidi olacaq. Onun da şahidi olacaq ki, yolun Bakı-Quba istiqamətindəki hərəkət hissəsinə nisbətən Qubadan Bakı istiqamətinə hərəkət hissəsi daha çox dağılıb. Qeyd edək ki, 2008-ci ildən etibarən tikilib istifadəyə verilən və istismar müddəti 30 il nəzərdə tutulan Bakı-Sumqayıt-Quba yolu indiyədək – 6 il ərzində bir neçə dəfə də təmir olunub.

“Ağırtonnajlı yük avtomobilləri yollarımızı sıradan çıxarır” 

Sözügedən məsələ ilə bağlı Bakı-Quba yolunun tikintisini həyata keçirən “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasının mətbuat xidməti ilə əlaqə saxladıq. Adıçəkilən şirkətin mətbuat xidmətinin rəis müavini Bəhruz Əliyev “Zaman-Azərbaycan”a bildirdi ki, Bakı-Quba yolunun istismar müddəti başa çatmadan müəyyən hissəsinin sıradan çıxması onun keyfiyyətsiz tikilməsi ilə bağlı deyil: “Bakı-Quba yolu şirkətimiz tərəfindən dünya standartlarının tələblərinə uyğun formada tikilib istifadəyə verilib. Yolun Quba-Bakı istiqaməti üzrə hərəkət hissəsinin tez sıradan çıxması, sadəcə, ağırtonnajlı yük avtomobillərinin hərəkəti ilə bağlıdır. Belə ki, Quba-Bakı istiqamətində hərəkət edən yük avtomobilləri normadan artıq yüklənir. Buna və yolun təhlükəsizliyinə isə biz məsuliyyət daşımırıq”.

 “Bizdən “şirinlik” alıb buraxırlar”

Mövzu ilə bağlı yük avtomobilinin sürücüləri ilə də həmsöhbət olduq. Çünki yük avtomobillərinin normadan artıq yüklənməsi yolları istifadəyə yararsız hala salmaqla yanaşı, avtomobillərin də tez xarab olmasına səbəb olur. Təbii ki, belə olan halda, yük avtomobillərinin sürücüləri əlavə xərcə düşürlər. Həmsöhbət olduğumuz yük avtomobillərinin sürücülərinin sözlərinə görə, onlar avtomobillərinin normadan artıq yüklənməsini istəməsələr də, buna məcbur olurlar: “Yük sahiblərinə bəzən reysə görə pul vermək sərf etmir. Mən hansısa yükü bir reysə apara bilmərəm desəm, başqa biri həmin yükü daşımağa razı olur. Buna görə də avtomobillərimizin yük yerlərini xərc çəkib böyüdürük. Təbii ki, yükün çoxluğu və gediləcək məsafənin uzaq olması qiymətin də artmasına səbəb olur”.

Müsahiblərimizə ünvanladığımız: “Qanunla yük avtomobillərinin normadan artıq yüklənməsinə nəzarət edən, həmçinin yollarımızın təhlükəsizliyinə məsul qurumlar sizin avtomobillərin normadan artıq yüklənərək əsas yollarda hərəkətinə icazə vermirlər. Bəs yollarımızda həddindən artıq yüklənmiş avtomobillər necə peyda olur?-sualımıza aldığımız cavab isə bizi təəccübləndirdi: “Qardaş, hər şey “şirinliyin” başındadır. Əlbəttə, yola çıxanda Nəqliyyat Nazirliyinin əməkdaşları bizi saxlayırlar. Amma bizdən “şirinlik” alıb buraxırlar”.

“Sürücülər Yol İstismar Müəssisəsinin əməkdaşlarına tabe olmurlar”

Bakı-Quba yolunun istismar müddəti başa çatmadan bir hissəsinin yararsız hala düşməsi ilə bağlı suallarımızı cavablandıran Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev də həmkarı Bəhruz Əliyev kimi ağırtonnajlı yük avtomobillərinin hərəkətini misal göstərdi: “Quba-Bakı istiqamətində hərəkət edən yük avtomobilləri normadan artıq yüklənirlər. Onlar geri döndükdə isə boş olurlar. Bu səbəbdən də yolun Bakıdan Qubaya olan hərəkət hissəsinə nisbətən Qubadan Bakıya olan hərəkət hissəsi tez sıradan çıxıb”.

Yollarımızın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə “Azəryolservis” ASC-nin yol istismar müəssisələrinin fəaliyyət göstərdiyini dilə gətirən Pünhan Mürsəliyev yollarda nəzarət məntəqələrinin olduğunu bildirdi: “2009-cu ildən bu yana Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, sözügedən məsələ ilə bağlı maariflənmə işləri başladılıb. Eyni zamanda yollarda yol istismar müəssisələrinin nəzarət məntəqələrinin sayı da artırılıb”. Yol İstismar Müəssisələrinin əməkdaşlarının yük avtomobillərinin sürücülərindən “şirinlik” alması məsələsinə belə münasibət bildirdi: “Əlinizdə buna dair konkret faktlar varsa, rüşvət alan adamın adını deyin, onun üçün lazımi tədbir görək. Hələ ki bizdə belə bir fakt yoxdur”. P. Mürsəliyevə ünvanladığımız: “Adıçəkilən yolun istismar müddəti başa çatmadan sıradan çıxmasına səbəb olaraq, ağırtonnajlı yük avtomobillərinin normadan artıq yüklənmiş halda hərəkətini göstərirsiniz. Eyni zamanda da yollarda Yol İstismar müəssisəsinin nəzarət məntəqələrinin olduğunu deyirsiniz. Bəs ağırtonnajlı yük avtomobilləri Bakı-Quba yolunda necə hərəkət edirlər? Yəni onlar nəzarət-buraxılış məntəqəsindən necə keçirlər?”-sualımıza onun cavabı belə oldu: “Bəzi yük avtomobillərinin sürücüləri nəzarət-buraxılış məntəqəsinin əməkdaşlarına tabe olmurlar. Xüsusən nəzarət-buraxılış məntəqəsindən gecə saatlarında keçirlər. Hətta elə sürücülər var ki, sözləşib nəzarət-buraxılış məntəqəsindən eyni vaxtda keçirlər ki, onları saxlamaq mümkün olmasın. Əvvəlki illərə baxanda bu sahədə müəyyən mənada irəliləyiş var. Nəzarət tədbirləri daha da gücləndirilir. Hesab edirəm ki, vəziyyət gələcəkdə daha yaxşı olacaq, nəzarət tədbirləri artıq öz effektini verməkdədir”.

Mövzu ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən də münasibət öyrənməyə çalışdıq. Lakin bir neçə gün davamlı olaraq zəng vursaq da, istəyimizə nail ola bilmədik.

 Yol tikintisinə son 10 ildə 20 milyard manat vəsait ayrılıb

Məlumat üçün bildirək ki, Bakı-Quba-Rusiya avtomobil yolu ən bahalı tikinti layihələrindən biridir. Yolun tikintisinə 2008-ci ildən başlanılıb. Rəsmi məlumatlara görə, layihəyə ümumilikdə 545 milyon 287 min 800 manat xərclənib. Həmin vəsaitin 281 milyon 861 min 800 manatı Bakı-Quba Rusiya dövlət sərhədi avtomobil yolunun 120 kilometrlik hissəsinin təmirinə sərf olunub. Yerdə qalan 263 milyon 426 min manata isə 180 kilometr uzunluğunda beton örtüklü avtomobil yolu tikilib. Ümumiyyətlə, Azərbaycanda yol tikintisi prioritet sahələrdəndir. Bu sahəyə ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, yol tikintisinə son 10 ildə 20 milyard manat vəsait ayrılıb. Belə olan halda isə dövlətin milyardlar xərcləyib hazırladığı yolları nəyəsə qurban etmək kimi insafsızlığı heç bir Azərbaycan vətəndaşına yaraşdırmırıq. ELVİN ƏLIYEV,