“Yollardakı dəmir arakəsmələr ölümləri artırır”

0
606

Bakı-Sumqayıt yolunda “Ford” markalı mikroavtobusun arxadan vurulan zərbə nəticəsində idarəetməni itirməsi və yol kənarındakı maneəyə çırpılması bir neçə insanın həyatını itirməsinə, çoxlu sayda insanın isə ağır yaralanmasına səbəb oldu. Bu qəza bir mövzunu da müzakirə obyektinə çevirdi: iddialara görə, yol kənarlarında quraşdırılan dəmir arakəsmələr kəsicidir və bu səbəbdən də qəza zamanı avtomobillərin bura toxunması insan itkilərini artırır. Dünən bu mövzu sosial şəbəkələrdə də müzakirə obyektinə çevrildi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu mövzuda yazır: “Ceyranbatan yaxınlığında baş verən qəzanın təfərrüatları tam aydın olmasa da, ən azı 3 çox ciddi təhlükənin burada rolu var. Birincisi, Bakı-Sumqayıt marşrutu ilə işləyən avtobusların, xüsusən də qəzaya düşən mikroavtobusa oxşayan əksər mikroavtobusların sürücüləri insanın edə biləcəyi bütün intizamsızlıq və tərbiyəsizlikləri o yolda edirlər. Onların əksəriyyəti “Şumaxer”dir. Sürücü vəhşiliyini görmək və müşahidə aparmaq üçün həmin yolda işləyən avtobusları müşahidə etmək yetər. İkincisi, Bakı-Sumqayıt yolu heç bir standarta uyğun gəlməyən ən təhlükəli yollardan biridir, üstəlik, bu yola 110 km/saat sürət həddi qoymanın bircə adı var: hoqqabazlıq. Üçüncüsü, ölkəmizin yollarının kənarına çəkilən və dünyanın hər yerində əsas təyinatı “QORUMAQ” olan metal sədlər real ölüm təhlükəsi doğurur. Çünki bizim yollara bu sədlər heyvan arxacının kənarına çəkilən çəpər prinsipi ilə tətbiq olunur. Amma bu texniki vasitənin harada, hansı məsafədə qoyulması, materialı, fiziki xüsusiyyətləri ilə bağlı standartlar var və s”.

Yol-qəza hadisəsi ilə bağlı fikirlərini bölüşən jurnalist Mahir Məmmədli isə fikirlərini belə ifadə edib: “Deməkdən, yazmaqdan yorulduq ki, Azərbaycanda yolları ayıran dəmir arakəsmələr çox təhlükəlidir. O, dəmir ülgüc kimi kəsir maşını. Əksər hallarda dəmirlərə çırpılan maşınlarda ölüm ona görə baş verir ki, dəmir maşının içinə girir, sürücünü, sərnişini doğrayır. İnsanları bu qədər dəyərsiz hesab etmək olarmı? Bu gün insanların ölümü ilə nəticələnən qəzada da maşın dəmir arakəsməyə çırpılmışdı. Dəfələrlə qəzalarda görmüşəm ki, o dəmir sürücünün bədənini iki yerə bölüb. Halbuki həmin qəzada sürücü ölməyə də bilərdi. Sürücü günahkardırsa, aydındır. Amma dövlət qəzalarda itkilərin sayının artmasına yox, azalmasına çalışmalıdır”.

Jurnalist Fərahim Qasımovun qəzaya münasibəti belə olub: “Maşını həmin dəmir arakəsməyə yaxın sürmək çox təhlükəlidir. Maqnit kimi maşını özünə çəkir”.

Jurnalist Şərafət Şəfanın isə fikirləri belə olub: “Divarlaramı yazaq “Yollardakı dəmir ülgücləri dəyişin!!!”

Bir çoxlarının fikrincə isə, yol kənarlarına və arakəsmələrə metal sədlər deyil, daha müasir plastmas və ya xüsusi rezin sədlər qoyulmalıdır.

Məsələ ilə bağlı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Anar Nəcəflinin fikirlərini öyrəndik. Anar Nəcəfli “Zaman-Azərbaycan”a müsahibəsində səsləndirilən fikirlərlə razı olmadığını söylədi: “Mən bu gün (dünən) hadisə yerində olmuşam, qəza yerini öz gözlərimlə görmüşəm. Məncə, deyilənlərin əsası yoxdur. Çünki həmin yerdə dəmir qoruyucu olub. Təsəvvür edin, “Ford” markalı maşının sürəti nə qədər yüksək olub ki, dəmir parçası bu qədər deformasiyaya uğrayıb. Yəqin ki, sürət saatda 70 kilometr olsaydı, belə olmazdı”.

Metal arakəsmələrin qəza zamanı təhlükə doğurmasına gəlincə, Anar Nəcəfli dedi ki, bunlardan Avropanın bir çox ölkələrində istifadə olunur: “Bəs həmin ölkələrdə niyə demirlər ki, metal arakəsmələr, yol kənarlarındakı qoruyucu dəmir hissələr qəza zamanı ölənlərin sayını artırır? Hesab edirəm ki, bizdəki bu vəziyyətin səbəbi yol hərəkəti iştirakçılarının, sürücülərin nizam-intizamsızlığıdır. Sürət həddinə əməl eləmirlər. Hər bir sərnişindaşıma ilə məşğul olan şəxs səhər evdən çıxarkən düşünməlidir ki, o təkcə öz həyatına görə məsuliyyət daşımır, həm də başqalarının həyatına görə məsuliyyəti var. Metal arakəsmələr xarici ölkələrlə müqayisədə bizdə ona görə ölümə səbəb olur ki, sürücülərimiz sürət həddinə əməl eləmirlər”. Anar Nəcəfli dedi ki, yol kənarlarında metal sədlər olan yerlərin çoxunda qoruyucu dəmirlər quraşdırılıb: “Dəmir qoruyucular ona görədir ki, hər hansı bir hadisə baş verən zaman insanları kəsib doğramasın. Düzdür, ola bilər ki, hansısa ərazilərdə təmir zamanı bu qoruyucular açılar və sonra yerinə bağlanmaz, yaxud sıradan çıxmış dəmir qoruyucunun yenisi ilə əvəzlənməsi gecikər. Etiraf edirik ki, bu halların baş verməsi mümkündür. Amma qəzalarda ölüm halları varsa, bunu tamamilə dəmir arakəsmələrlə əlaqələndirmək, yol-təsərrüfatı ilə məşğul olan qurumları ittiham eləmək doğru deyil”.

“Azəryolservis” ASC rəsmisi bir maraqlı faktı da açıqladı. Dediyinə görə, Bakı-Quba yolunda artıq dəmir arakəsmələr sökülərək yerində beton arakəsmələr çəkilir: “Bildiyiniz kimi, bu yolda tez-tez qəzalar baş verir. Bu yolda da sürücülər qaydalara, nizam-intizama, sürət həddinə əməl eləmirlər. Ona görə də belə qərara alındı ki, dəmir arakəsmələr beton arakəsmələrlə əvəz olunsun. Beton arakəsmələrin təkərləri geri itələmə xüsusiyyəti var. Ona görə də belə bir əvəzləmənin aparılması qərara alındı və icra olunur”.

Nicat İntiqam