“Yol-nəqliyyat mədəniyyəti deyilən bir şey yoxdur”

“Biz toplum olaraq güclü ideoloji basqı altında olan cəmiyyətdən çıxmışıq. Hərdən sovet dövrünü tərifləyirlər, mən tərifləmək istəməzdim, sadəcə olaraq o dövrdə çox ciddi bir ideoloji basqı var idi əhali üzərində. Bir tərəfdən əhali sıxışdırılırdısa, digər tərəfdən bu ideologiya əhalinin maariflənməsinə, mədəni səviyyəsinin yüksəlməsinə xidmət edirdi. Yəni bir ictimai qınaq institutu var idi. Bu institut həddən artıq güclü idi. Bəzi hallarda ictimai qınaq institutu hüquqi normalardan da sərt təsir göstərirdi”. Bu sözləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Samir İsayev dedi.

Samir İsayevin fikrincə, o cür ideoloji mühitdən çıxdığımız üçün dövlətin ideoloji təsiri olmadan cəmiyyət başlı-başına buraxılmalı deyildi: “Sözsüz ki, azad bazar iqtisadiyyatı, insan hüquqlarına riayət olunması, demoktariya üzərində qurulan bir əsasa keçid olduğu üçün müstəqillik illərində dövlət əhalinin ideoloji tərbiyəsinə özünün əsas istiqamətləri içərisində mühüm prioritet kimi yanaşmadı. Bunu daha çox könüllü maarifləndirmə prinsipləri ilə əvəzlədi. Faktiki, biz bu gün bunun acı nəticələrini görürük. Belə ki, bir çoxları qanundan, qanunun tətbiqindən, əxlaq normalarından, yolda özlərini aparmaq qaydalarından müəyyən qədər uzaq düşməyə başlayıblar. Biz bunu bu gün yollarımızda, küçələrimizdə, sükan arxasında oturanların davranışlarında görürük. Sözsüz ki, son bir-iki ildə ilk növbədə, yol polisinin ciddi səyi nəticəsində, Kütləvi İnformasiya Vasitələrinin səyi nəticəsində,  əhalinin maariflənməsində müəyyən bir tərpənişlər olub. Lakin mən buna sadəcə olaraq tərpəniş deyərdim. Çünki nəticə ürəkaçan deyil”.

 “Bu məsələ insanın özünün mədəniyyəti ilə bağlıdır”

Samir İsayev “sürücülük mədəniyyəti nədir?” sualımıza belə cavab verdi: “Sürücülük mədəniyyəti ilk növbədə, yolda özünü doğru-dürüst aparmaq deməkdir. Bizdə bütövlükdə götürəndə sürücülər arasında mədəni səviyyə aşağıdır. Yol-nəqliyyat mədəniyyəti deyilən bir şey yoxdur, bu məsələ insanın özünün mədəniyyəti ilə bağlıdır. Cəmiyyətimizdə baş verən proseslər, məsələn, kənd əhalisinin kütləvi şəkildə şəhərə axını, əhali arasında maariflənmənin aşağı səviyyədə olması və digər çoxlu sayda faktorlar sadalayardım ki, bütün bunlar ona gətirib çıxarır ki, bütövlükdə əhalinin mədəni səviyyəsinə mənfi təsir edir. Buna təsir edən ən mühüm fakorlardan biri də dövlətin mədəniyyətin formalaşmasına ideoloji təsirinin zəif olmasıdır”.

 ”Aqressiya göstərməklə biz öz günümüzü bərbad edirik”

Paytaxt yollarında hər gün şəxsi avtomobilini idarə edən psixoloq Təhminə Çələbi isə qəzetimizə açıqlamasında dedi ki, əslində onu yoran tıxaclar deyil: “Tıxac demək olar ki, dünyanın hər bir ölkəsində var. Amma bizdə insanların tıxac zamanı özlərini aparmaları sözün əsl mənasında adamı yorur. Bəzi insanlar sanki tıxacla əlbəyaxa çıxacaqlar. Heç kim əlini siqnaldan çəkmir. İnsanı yoran insanların aqressiyasıdır. Bəzən düşünürsən ki, gün təzə başlayıb, insanlar bu qədər əsəblə hara gedirlər, günü necə bitirəcəklər? Təbii ki, o gün mütləq neqativ nə isə olacaq. Birincisi, özlərinin əhvalı korlanacaq, ikincisi, ətraflarındakı insanları da narahat edəcəklər. Aqressiya göstərməklə biz öz günümüzü bərbad edirik”.

Həmin insanlara məsləhətlərini verən psixoloq dedi: “Həmin insanlar bir az özlərini düşünsünlər. Avtomobil insanların öz rahatlıqlarını təmin etmələri üçün nəzərdə tutulub. Situasiyanı dəyişə bilmiriksə, ona olan münasibəti dəyişmək lazımdır”.

Nicat İntiqam