Yol mədəniyyətdirsə, niyə əyri-üyrüdür?

662
Müxtəlif səbəblərlə əlaqədar tez-tez rayonlara səfər etməli oluram. 
Etiraf edim ki, təkbaşına sükan arxasında, öz düşüncələrimlə baş-başa yol getmək mənə rahatlıq gətirir. Həm olub-keçənləri analiz edirsən, həm də qarşıdakı vəzifələri, borcları götür-qoy edirsən. Hələ yol hamar, sürət həddi də stabil olursa, daha gözəl olur. Amma çox təəssüf edirəm ki, ölkəmizdə belə yolların boyu çox da uzun deyil. 3-5 kilometr getməmiş lövhə ilə qarşılaşırsan və yol işarəsinin tələblərinə uyğun olaraq, sürəti 50-yə, 60-a endirməli olursan. Sükan tutan kəs yaxşı bilir ki, saatda 100-110-la getdiyin yerdə birdən-birə 50-yə, 60-a düşmək heç də xoş deyil. Amma istəməsən də sürəti düşürməlisən, çünki hər kilometrdə başının üstündə kamera var. Təsəvvür edin ki, 10 dəqiqə içində beş dəfə sürəti qaldırırsan, endirirsən. İstər-istəməz deyinirsən. Niyə? – Çünki açıq-aşkar görürsən ki, alternativ variantlar ola-ola yol mühəndisləri əski xətanı təkrarlamağı üstün tuturlar. Bircə detal deyim. Beyləqan istiqamətində hərəkət edərkən həm Saatlı, həm də Sabirabad şəhərlərinin içindən keçirsən. Xüsusilə də, Saatlı şəhərinin tam mərkəzindən keçdiyin üçün bütün işıqlarda durmalı, sürəti 50-yə endirməli, hələ desən bazarın qabağındakı basırıqda da addım-addım irəliləməlisən.

Son illərdə ölkəmizdə yol inşaatına külli miqdarda vəsait ayrılır və demək olar ki, bütün istiqamətlərdə ya yeni yollar çəkilir, ya da köhnələr təmir edilir. Yollardakı ən böyük qüsurumuz odur ki, əksər yerlərdə gediş də, gəliş də cəmisi birzolaqlıdır. Yəni bir yük maşınının, yaxud da lafetin arxasına düşdünmü, ötüb keçmək üçün dəqiqələrlə fürsət gözləməlisən. Əgər yol birzolaqlıdırsa, təbii ki, orada yol ayırıcı çəpərlərdən söhbət gedə bilməz. Amma hər kəs yaxşı bilir ki, qəzaların əsas səbəbi yüksək sürətlə yanaşı, həm də çəpərlərin olmamasıdır. Çox sevindirici haldır ki, son illərdə Kürdəmir şəhərinin içindən yox, ətrafından dolanaraq yolumuza davam edə bilərik və mən əminəm ki, soruşsanız, sürücülərin hamısı bundan razılıq edərlər. Sürücülükdə az-çox təcrübəsi olan birisi kimi deyə bilərəm ki, avtomobil sabit sürətlə hərəkət etdikdə həm yanacağa qənaət edilir, həm də sən rahat olursan. Üstəlik də vaxta qənaət edilir və mənzilbaşına tez yetişirsən. Tam əminliklə deyə bilərəm ki, yollarda yüksək sürətin əsas səbəblərindən biri də məhz bu cür “dar boğaz”lardır. Belə ki, kəndlərin, şəhərlərin içindən çıxan kimi sürücü sürəti qaldırır ki, itirdiyi vaxtın əvəzini çıxa bilsin. Yəni bu, bir növ psixoloji məsələdir.

Sevindirici haldır ki, paytaxtdan Gəncə istiqamətinə yollarımız yenidən inşa edilir və gediş-gəliş çoxzolaqlıdır. Bu yol əslində ölkəmizin şah damarıdır. Arzu edərdik ki, digər yollar da bu cür inşa edilsin. Bütün istiqamətlərdə yollar çoxzolaqlı olsun, araya çəpərlər, yol kənarlarına fosforlu xətlər çəkilsin, yol ortasındakı gizli çalalar doldurulsun, yamaqlar elə düzlənsin ki, o fərqi nə sürücü, nə də avtomobil hiss eləsin və bir də magistral yollar yaşayış məntəqələrinin içindən deyil, ətrafından keçirilsin.

Hər kəs təsdiq edər ki, yollarımıza qoyulan xərc nə qədər olur – olsun, bir vətəndaşımızın həyatından daha bahalı ola bilməz. Amma bu da həqiqətdir ki, yol inşaatındakı qüsurlarımız bəzən ölümlərlə nəticələnir. Adi bir detalı deyim ki, arada çəpər olarsa, sürücü sükan arxasında yatsa belə, uzaqbaşı çəpərə çırpılacaq və olan özünə olacaq. Çəpər olmadığı halda isə qarşı yola çıxır və neçə insanın ölümünə səbəb olur.

Yol mədəniyyətdir, vətəndaşa olan münasibətin görüntüsüdür. Sevindirici haldır ki, son illərdə bu istiqamətdə uğurlu addımlar atılır. Amma işi elə görməliyik ki, iki il keçməmiş təmirə ehtiyac olmasın, yaxud da buradan söküb, başqa yerdə inşa etməli olmayaq. Əli Çərkəzoğlu