Yol ayırıcı çəpərləri təkmilləşdirmək lazımdır

633

Təxminən 15-20 il əvvəl ölkəmizin ən işlək magistralı olan İpək Yolu çəkilib xalqın istifadəsinə verildi və elə həmin günlərdən də müxtəlif yerlərdə təmir işləri aparılmağa başladı. 
Çox keçmədi ki, yolun az qala hər kilometrinə yamaqlar vuruldu. Hər şeylə razılaşmaq olardı, amma bir böyük problem vardı ki, həmin yol tək gediş-gəlişli idi və mənzilbaşına çatana qədər sürücü xeyli əziyyət çəkməli olurdu. Belə ki, bir yük maşınının arxasına düşdünmü, vəssalam, onu keçib normal sürətlə yoluna davam edə bilmək üçün xeyli gözləməli olurdun. Çünki qarşı tərəfdən gələn maşınlar imkan vermirdi. Bu vəziyyət tez-tez qəzaların baş verməsinə də səbəb olurdu. O yolun genişləndirilməsi çox mühüm məsələ kimi qarşıda dururdu. Hazırda bu istiqamətdə ciddi işlər görülür və həmin yolun təxminən yarıdan çoxu genişləndirilmiş vəziyyətdədir. Ümid edirik ki, yaxın gələcəkdə o iş uğurla başa çatdırılacaq və mənzilbaşına çatmaq üçün həm zaman, həm yanacaq, həm də yorğunluq baxımından sürücü xeyli qazanmış olacaq. Hələ iş tamamlanmayıb, yolların kənarı açıqdır, ortasına ayırıcı çəpərlər tikilməyib. Ona görə də fürsət varkən bir vətəndaş, yol adamı kimi öz mülahizələrimi yazıya çevirməyi özümə borc bildim. Ən çox da yolun ortasındakı ayırıcı çəpərlər haqqında danışmaq istəyirəm. Bu çəpərlər qəzaların minimuma endirilməsi üçün çox önəmlidir. Belə ki, qarşı-qarşıya gələn maşınların toqquşma ehtimalı çox azdır. Amma bir məsələ də var ki, bu çəpərlərə toxunmaq özü bir çox hallarda ağır nəticələrə səbəb ola bilir. Yerə betonlanmış sərt dəmir dirəklər və onların yaxasına bərkidilmiş dalğavari dəmirlər, mənə görə, heç də uğurlu konstruksiya deyil. Bu cür sərt, bir çox hallarda maşınları dağıdan, hətta kabinəyə qədər girən ox kimi dəmirləri elastikli troslarla əvəz eləmək həm maddi baxımdan sərfəli olar, həm də qəza hallarının minimuma enməsinə yardım edərdi. Hazırda tikilən çəpərlər tərpənmir, çünki dirəklər betonla yerə bərkidilib. Biz isə belə düşünürük ki, hər iki istiqamətə, həm də hərəkətin istiqamətinə uyğun olaraq mütəhərrik dirəklərdən istifadə olunsa, dəmir lövhələr isə troslarla əvəzlənsə, bu çəpərlərdə elastiklik əmələ gələr ki, bu da əksər hallarda qəzaların avtomobildə yüngül sıyrıqlarla tamamlanmasına şərait yaradar. Yəni zərbə eyni sərtliklə qarşılanmaz, elastikliklə dəf olunar. Hər iki çəpərin bir cərgə dayaqlar üzərində bərkidilməsi və avtomobil zərbəsi üçün hazırlanmış yaylardan bu konstruksiyada geniş istifadə edilməsi çox faydalı olardı. Bu çəpərlərin gecələr fosforla işıqlandırılması, yerdə “palasaların” eyni materialla çəkilməsi də qəzaların qarşısını alan amillər kimi sayıla bilər.

Bütün bu söylədiklərim mənim şəxsi mülahizələrimdir, amma tam əminliklə deyə bilərəm ki, bu mülahizələrim heç də əsassız deyil. Sadəcə, təklif edilən bu konstruksiyanı mühəndis zəkası ilə düşünmək və reallaşdırmaq lazımdır. Mən mühəndis deyiləm, amma bilirəm ki, ölkəmizdə bu layihəni hazırlaya, ən kiçik detallarına qədər hər şeyi ölçüb-biçə, ortaya layihə qoya biləcək çox sayda insanımız var. Bir də ki, biz niyə həmişə kiminsə işini olduğu kimi “kapirovka” eləməliyik axı? Bu işi özümüz görək.

Bakıdan Gəncəyə qədər çəkilən yol bir insanın həyatı qədər dəyərli ola bilməz. Amma bir məsələ də var ki, yolsuz da insanın bir işi aşmır. Yollarımızın geniş, səliqəli, rahat, etibarlı olması, vətəndaşın yorulmadan, istər yanacaq, istərsə də enerji itkisinə yol vermədən xətasız-bəlasız, çox zaman itirmədən mənzilbaşına çatması mühüm məsələdir.

Mən öz düşüncələrimiz yazdım, kaş ki bir işə yaraya. Vəssalam.

Əli Çərkəzoğlu