Yod ajiotajı və…

33

Biz niyə “çırmanırıq keçməyə çay gəlməmiş?”

Yəqin ki, diqqətli oxucularımız xatırlayırlar. Ötən ayın əvvəlində Rusiya-Ukrayna müharibəsində birincinin  ikinciyə qarşı taktiki nüvə silahından istifadə edə biləcəyi barədə bəyanatlarından təşvişə düşən avropalılar bu ölümsaçan silahın yayacağı radiasiyadan qorunmaq üçün dərhal müxtəlif vasitələrə əl atmağa başladılar. Həyəcanlanmış kütlə apteklərdəki bütün yodları alır, bəzi avropalılar isə hətta əleyhqazlar da tədarük edirdilər. Əslində bu addımların nüvə sılahının törədəcəyi dəhşətli fəsadların qarşısını almaq üçün yetərli olmaması məlum olsa da, hər halda avropalıların narahatlığı haradasa başadüşüləndir. Birincisi, ona görə ki, müharibə Avropanın, necə deyərlər, lap “qulağının dibində” gedir. İkincisi, Rusiya bu gün də müharibə apardığı Ukrayna ilə bərabər, əksəriyyəti NATO üzvü olan Avropa ölkələrini də  nüvə şantajı ilə təhdid etməkdədir. Bu səbəblərdən yenə də təkrar etməyə məcburuq ki, avropalıları başa düşmək olar.

Bəs bu söz-söhbət yayılar-yayılmaz apteklərə hücum çəkib torba-torba yod məhlullarını evinə daşıyan, bununla da bir neçə gün ərzində ölkədə ciddi yod qıtlığı yaranmasına bais olan azərbaycanlıları necə başa düşək? Axı, məntiqlə və  normal düşüncə ilə avropalılardan fərqli olaraq azərbaycanlıların bu dərəcədə təşvişə düşməsinə heç bir ciddi əsas yoxdur. Birincisi, o səbəbdən ki, Azərbaycan taktiki nüvə silahının istifadəsi nəzərdə tutulan Ukraynadan ən azı 5-6 min kilometr aralıda yerləşir. İkincisi, müasir informasiya texnologiyalarından istifadə edən hər bir uşağa da, böyüyə də məlumdur ki, taktiki nüvə silahının dağıdıcılıq gücü tətbiq olunduğu ərazidə yalnız 15 kilometr radiusu  əhatə edir. Deməli, Allah eləməmiş Rusiya Ukraynada  bu ölümsaçan silahdan istifadə etsə belə onun yaratdığı radiasiyanın Azərbaycan ərazisinə gəlib çatması o qədər də real görünmür. Üçüncüsü, məlumdur ki,  nüvə silahının istifadəsi zamanı ən qorxulu bioloji silah sayılan ionlaşdırılmış şüaların yaranması baş verir. Bu şüalar isə  öz növbəsində insan orqanizmində müxtəlif genetik dəyişikliklərdən, mutasiyalardan tutmuş xərçəngə kimi qorxulu xəstəliklərin yaranmasına səbəb olur. Yəni, belədə bu təhlükəli şüalanma riskini hansısa yod məhlulu ilə ram etmək heç cür ağlabatan deyil. Üçüncüsü, ən başlıcası, dezinformasiyaya uyub  bu məhlulun tədarükünü  görənlərə belə bir “bəd xəbəri” verməyə məcburuq ki, antiseptik yod məhlulu insan orqanizmini qətiyyən radiasiyadan qorumur.

Yaxşı, bütün bunları qoyaq bir kənara. Keçək əsas mətləbə. Baxaq görək bu ajiotajın sonu nə ilə nəticələndi? Başqa sözlə, tələm-tələsik yod tədarükü görənlərin bu addımı bir işə yaradımı? Yəni, Rusiya az qala bütün dünyanı təhdid etdiyi özünün nüvə şantajını reallaşdıra bildimi? Yaxud çox qısa müddətdə apteklərdən qeybə çəkilmiş yod “itkisinin” yerini doldurmaq mümkün oldumu?  Təbii ki, Rusiya nüvə təhdidlərini reallaşdıra bilmədi. Bu səbəbdən də tələm-tələsik yod tədarükü görənlərin “ehtiyat variantı” heç bir işə yaramadı. Nüvə ajiotajı ötüb keçən kimi yod mövzusu da gündəmdən çıxdı. Bəs sonra nə oldu? O oldu ki, yod ajiotajı “Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım” atalar məsəlinə  uyğun yalnız  üzdəniraq işbazların işinə yaradı. Bəli, bəli, təəccüblənməyin! Məhz izbazların işinə yaradı. Yəni, əvvəllər “su qiymətinə”, daha dəqiq desək, balaca flakonunun biri 40 qəpiyə satılan yod indi apteklərdə 1 manat 19 qəpiyə (gecə-gündüz  işbazların canlarına  “dua” oxuyun ki, insafı əldən verib 1 manat 20 qəpiyə qaldırmayıblar) xırıd edilir. Əcəb metoddur, vallah. Əvvəlcə qıtlaşdır, sonra da bahalaşdır…Adama deyən gərəkdir ki, xammal da özümüzdən, istehsal da. Belə olan halda bu nə oyundur çıxarırsınız?!

Kimdəsə şübhə yarana bilər ki, yəqin obyektiv səbəblər ucbatından hələlik qıtlığı tam aradan qaldırmaq mümkün olmayıb. Tezliklə qıtlıq aradan qaldırılar və əvvəlki qiymət bərpa olunar. Belə düşünənlərə birincisi onu demək istəyirik ki, artıq apteklərimizdə yod qıtlığı aradan qaldırılıb. İkincisi, bu  məhlula olan tələbatın ödənilməsi idxaldan asılı deyil ki, kimsə bunu dünyada yaranmış yod qıtlığı ilə əlaqələndirsin. Azərbaycanda əhalinin yoda ehtiyacı əsasən yerli istehsal hesabına ödənilir. Uzun illərdir  fəaliyyət göstərən Neftçala Yod-Brom Zavodu istehsalın həcminə və məhsulun keyfiyyətinə görə MDB məkanında birinci, dünyada isə üçüncüdür. Hazırda müəssisədə istismara yararlı 100 yod-bromlu su quyusunun 70-dən istifadə olunur. Gün ərzində  burada təqribən 1 ton yod  istehsal  edilir ki, bu da ölkə əhalisinin tələbatını tam ödəmək üçün yetərlidir.

Bütün bunlar bir daha sübut edir ki, apteklərdə yodun birdən-birə 3 üç dəfə bahalaşması heç bir halda obyektiv amillərlə əlaqələndirilə bilməz. Bəs elə isə  bahalaşmanın əsl səbəbini harada axtaraq? Bu sual ətrafında baş sındırarkən yadıma Molla Nəsrəddinin məşhur bir lətifəsi düşdü. Gecələrin birində Mollanın evinin qabağında dava düşür. Molla səsə yuxudan oyanır, yorğanı çiyninə salıb çıxır ki, görsün nə olub. Kimsə elə o saat yorğanı onun çiynindən götürür. Qaranlıq olduğu üçün Molla yorğanını götürəni görmür. Nə qədər  axtarsa da yorğanını tapa bilmir. Savaşanlar da elə bil ki, Mollanı gözləyirmişlər. Bir də baxır ki, səs-səmir də kəsildi. Küçədə heç kəs qalmadı. Molla soyuqdan titrəyə-titrəyə evə qayıdır. Arvadı soruşur:

– A kişi, dava nə üstündə idi?

Molla deyir:

– Başa düşmədim. Deyəsən, bizim yorğanın üstündə imiş. Yorğanı apardılar, dava da qurtardı…

Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur. Hə, az qala unutmuşdum.  Antiseptik yod məhlulunun insanı qətiyyən radiasiyadan qorumadığı qənaətinə gələn həkim-mütəxəssislər radiasiyaların yayılması zamanı yoddan daha çox tərkibində doymamış rabitələr olan məhsullardan, ilk növbədə, zeytun yağından  və təbii süddən istifadəni məsləhət görürlər. Möhtərəm mütəxəssislərdən acizanə surətdə xahiş edirik bu məsələni  bir daha dilə gətirməsinlər. Çünki işdi-şaiyətdi Rusiya yenidən dünyanı nüvə şantajı ilə təhdid etsə bir də baxıb görəcəyik ki, Azərbaycanın market və digər ticarət şəbəkələrində zeytun yağından və təbii süddən əsər-əlamət qalmayıb. Bu da şübhəsiz,  həmin məhsulların qiymətinin dərhal ceyranın belinə minməsi ilə nəticələnəcək.  Möhtərəm həkimlər, bir daha rica edirik belə sözləri dilinizə gətirməyin. Əks təqdirdə  rəhmətlik Sabirin  hələ təqribən 120 il bundan  bizdə kəşf etdiyi “Çırmanarıq keçməyə çay gəlməmiş” şakərimizin yenidən baş qaldırmasına bais olacaqsınız…

Əhməd Qurbanoğlu, “İki sahil”