“Yığılan məbləği sayıb halı pisləşən toy sahibi təcili yardıma zəng vurmuşdu”

0
545

Son illər rayonlarda əhaliyə daha yüksək səviyyədə səhiyyə xidməti göstərilməsini təmin etmək üçün bölgələrdə yeni xəstəxanalar inşa edilir, köhnələri əsaslı şəkildə təmir edilir və müasir tibbi avadanlıqlarla təchiz edilir. Bu baxımdan Göyçay rayonunda da son illərdə əhaliyə göstərilən tibbi yardımın daha yüksək səviyyədə təmin edilməsinə yönələn tədbirlər həyata keçirilməkdədir. Bu işdə təbii ki, Göyçay Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının da üzərinə böyük işlər, vəzifələr düşür. Çünki adətən xəstələrlə ilk təmasda olan, onların xəstəliyini müəyyən edərək müvafiq müalicə tədbirlərini həyata keçirənlər də məhz onlardır. Bütün bunları nəzərə alaraq, bizi maraqlandıran suallara cavab almaq üçün Göyçay Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Əli Əsgərovla görüşdük.

-Əli bəy, özünüz haqqında oxucularımıza bir qədər məlumat verərdiniz.

-28 oktyabr 1979-cu ildə Göyçay şəhərində müəllim ailəsində anadan olmuşam. Orta təhsilimi Göyçay Şəhər Ziya Bünyadov adına 3 saylı rus məktəbində aldıqdan sonra 1997-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olmuşam. Universiteti bitirdikdən sonra 2003-2004-cü illərdə Bakı şəhəri 5 saylı Klinik Xəstəxanada anestezioloq-reanimatoloq ixtisası üzrə internatura təcrübəsi keçmişəm. 2004-2005-ci illərdə hərbi xidmətdə olmuşam. Əmək fəaliyyətinə 2006-cı ilin aprel ayında Ucar Dəmiryol Ambulatoriyasında həkim pediatr kimi başlamışam. 2010-cu ilin yanvar ayından Göyçay Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasında (TTTYS) həkim işləyirəm. 2012-ci ilin iyul ayından TTTS-in baş həkimi kimi fəaliyyət göstərirəm.

-Rəhbərlik etdiyiniz sahə əhali ilə ən çox təmasda olunan və hər hansı ilkin yardımın göstərilməsinə ehtiyac yaranan zaman köməyə dərhal çatan bir qurumdur. Bu baxımdan Təcili Yardım Stansiyasının fəaliyyəti barədə nə deyərdiniz?

-Göyçay Rayon TTTS-də 11-i həkim olmaqla 72 nəfər əməkdaşımız əhaliyə 24 saat, fasiləsiz olaraq xidmət göstərir. 2011-ci ildə Yaponiyanın Azərbaycandakı səfirliyinin maddi dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən Təcili Tibbi Yardım Stansiyamız əsaslı təmir olunub. TTTS-in balansında 13 sanitar avtomaşın vardır. Onlardan ikisi “Mersedes Vito” markalı müasir avadanlıqlı ambulans ölkə rəhbəri, cənab Prezident İlham Əliyev tərəfindən Göyçay rayonuna səfəri zamanı hədiyyə olunub. Dərman təchizatı Səhiyyə Nazirliyi tərəfindən təmin olunur və ən yüksək səviyyədədir. Əlavə olaraq onu da qeyd edim ki, Təcili Tibbi Yardım Stansiyamız Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən elektrokardioqramma aparatları, qanda şəkər ölçülməsi üçün cihaz-qlükometrlərlə təmin olunub.

-Sizə ən çox hansı xəstəliklərlə bağlı müraciət edilir?

-Stansiyamız tərəfindən təkcə bu ilin 10 ayı ərzində 6155 çağırış qəbul olunub və 2560 xəstə ambulator qaydada müraciət edib. Çağırışlar müxtəlif olur: nevrotik reaksiya, isteriya kimi yüngül sayılan şikayətlərdən tutmuş ürəyin işemik xəstəliyi, bronxial astma, böyrək sancıları, anafilaktik şok, hipertonik kriz kimi ağır hallara qədər. Ən arzuolunmaz çağırışlar isə avtoqəzalar və bədbəxt hadisələr zamanı alınan travmatik zədələnmələrlə bağlıdır. Bundan başqa, kəskin miokard infarktı, dəm qazından boğulma, ilan və başqa həşəratların sancması və dişləməsi ilə bağlı xüsusi təcrübə, taktika və intiusiya tələb edən çağırışlar da olur.

– Çağırışla xəstə yanına gedərkən hər hansı qeyri-adi hadisələrlə qarşılaşmısınızmı?

– Çağırışlara gedərkən bir çox qeyri-adi hadisələrlə qarşılaşırıq. Toy edib axşam toy qutusuna atılan məbləği sayıb halı pisləşən ev sahibi, təyyarənin uçuşundan qorxub təşvişə düşən, məktəbli övladının gündəliyində qeyri-kafi qiyməti görüb əsəbiləşən ana, yuxuda mərhum ərini görən qoca nənə və bu ahəngdə bir çox qeyri-adi çağırışlarımız olub.

– Göyçayın kəndlərindən daxil olan çağırışlara gedərkən xəstənin yaşadığı evi müəyyən etmək üçün hansısa problemlərlə üzləşirsinizmi?

– Onu da bildirim ki, Göyçay şəhərindən başqa Göyçay kəndləri də xidmət ərazimizə daxildir. Kənd çağırışlarına gedərkən ünvanın tapılmasında müəyyən çətinliklər yarana bilir. Ancaq mobil rabitə sayəsində, dispetçerlərimizin peşəkarlığı, sürücülərimizin kənd ərazilərini yaxşı tanımasına görə kənd çağırışlarında ünvan tapılması problemi aradan qaldırılır.

-Yalandan və ya ciddi əsas olmadan təşvişə düşüb ağır xəstələndiyini düşünərək sizə müraciət edən olubmu?

-Əvvəllər yalançı çağırışlar çox olurdu. Amma əhalinin maarifləndirilməsi və hüquq-mühafizə orqanları ilə sıx əməkaşlıq nəticəsində demək olar ki, yalançı çağırışlar olmur. Lakin bir çox hallarda özünü xəstə hesab edib çağırış verən insanlarda müayinə zamanı elə bir ciddi halın müşahidə olunmadığı üzə çıxır. Həmin vətəndaşlarla maarifləndirmə işləri aparılır və əsaslı çağırış vermədiyi izah olunur.

– Stansiyanızın texniki təchizatı necədir? Heç olubmu ki, birdən-birə 5-6 və ya daha çox çağırış olsun və bu zaman xəstə yanına getməyə maşın çatışmasın?

-Yuxarıda da vurğuladığım kimi, stansiyamızın texniki təchizatı yaxşıdır. Buna baxmayaraq, eyni zamanda 5-6 çağırış olarkən çətinliklə üzləşə bilirik. Bu zaman dispetçerlərimizin coğrafi bilikləri, kəndi yaxşı tanımaları, taktikaları köməyimizə yetir. Məsələn, çağırış briqadası Göyçayın Ərəbcəbirli kəndində olarkən həmin kəndin yaxınlığında olan Mirzəhüseyinli kəndinə çağırış verilərsə, dispetçer xidmətindən Ərəbcəbirli kəndində olan briqadaya Mirzəhüseyinli kəndinə getmək göstərişi verilir. Ən böyük problemlərimizdən biri çağırış verərkən bəzi vətəndaşların səbirsizliyi və çağırışı düzgün verməmələridir.

– Sonda Təcili Tibbi Yardım Stansiyasının baş həkimi kimi oxucularımıza tövsiyələriniz nə olardı?

-Hadisə zamanı səbirli olun və soyuqqanlılığınızı saxlamağı bacarın. Belə olan halda xəstəyə yardım etmək üçün daha düzgün və doğru addımlar atmış olacaqsınız. Çağırış edərkən dispetçerin bütün suallarına təmkinlə cavab verin. Bu, çox vacibdir. Təcili yardım briqadası ünvanınızı tapmağa çalışdığı halda, sizə zəng vurmaq üçün mütləq öz telefon nömrənizi də verin. Təcili yardım maşınını qarşılamaq üçün mütləq küçəyə çıxın. Yaşadığınız yeri tapmaq çətin olduğu halda (özəl ev, yeni binalar, kənd yeri və s.) bu xüsusilə vacibdir. Bu yolla siz vaxta xeyli qənaət edərək, təcili yardım briqadasının lazım olan ünvana daha tez çatmasına kömək etmiş olarsınız. Sonda isə Göyçay əhalisinə, ümumiyyətlə bütün Azərbaycan xalqına gözəl, sağlam, mənəvi rahatlıq dolu bir ömür arzulayıram.

Asif Mustafa, Pərviz Əliyev, Göyçay