Yerli istehsal hesabına əhali keyfiyyətli dərman məhsulları ilə təmin ediləcək

551

Xəbər verdiyimiz kimi, bir müddət öncə əczaçılıq sənayesində yerli istehsalın təşkil edilməsi məqsədi ilə Pirallahı Sənaye Parkında artıq 2 dərman istehsalı zavodunun təməli qoyulub. Bəs bu və digər dərman zavodlarında hansı dərmanlar istehsal olunacaq?

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 2016-cı ilin noyabrında təməli qoyulan Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” əczaçılıq zavodunda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq: “İnvestisiya dəyəri 74 mln. ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Zavodun 2019-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur”.

Nazirlikdən o da bildirilib ki, bu ilin yanvarında təməli qoyulmuş Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” əczaçılıq zavoduna ilkin mərhələdə 20,6 mln. ABŞ dolları investisiya qoyulacaq və müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək: “İlkin olaraq zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitəsi istehsal olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 mln. ədəd həb və kapsul təşkil edəcək. Avropanın aparıcı şirkətlərinin mühəndis-layihələndirmə işlərindən, qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq. “Caspian Pharmed” zavodunun tikintisi 2018-ci ildə başa çatdırılacaq. Bu müəssisələrdə 300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Növbəti mərhələdə istehsalın həcmi daha da genişləndiriləcək”.

Nazirlikdən o da bildirilib ki, bu ilin martında Pirallahı Sənaye Parkının ərazisində daha bir zavodun təməli qoyulacaq: “Bu müəssisələr Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır.

Bundan başqa, hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra aparıcı şirkətlərlə də danışıqlar aparılır”.