Yerin dərinliyində nəhəng okean aşkarlanıb

342
Elm adamları dünyanın dərinliklərində bütün okeanlardan üç dəfə çox suya sahib okean kəşf ediblər. Alimlər nəhəng okeanı zəlzələlər nəticəsində əmələ gələn seysmik dalğaları araşdırarkən aşkarlayıblar. Yer qabığı ilə nüvəsi arasında yerləşən mantiyanın 700 km dərinliyində tapılan okean “ringwoodite” olaraq adlandırılan mavi daşların arasında yerləşir.
Araşdırmanı aparan ABŞ-ın Norsvestern Universitetinin professoru Stiven Yakobsen 500-dən çox seysmik dalğanı ölçmək üçün 2000-ə yaxın seysmometr cihazından istifadə etdiklərini bildirib: “Bəzi dalğaların çox zəif hərəkət etdiyini müşahidə etməyə başladıq. Apardığımız araşdırmalar zamanı bunun səbəbinin sulu qayalar olduğunu müəyyənləşdirdik. Daha geniş tədqiqatlar nəticəsində yerin dərinliyində nəhəng okean aşkarladıq”.

Qeyd edək ki, bu kəşf suyun Yer kürəsinə, dünyaya çırpılan quyruqlu ulduzlar vasitəsilə əmələ gəldiyi anlayışını da şübhə altına alıb. S. Yakobsen bu kəşfin okeanların əsl mənbəyinin haradan gəldiyini göstərdiyini bildirib: “Suyun yalnız dağ zirvələrində və yer səthində olmadığı üçün çox şanslıyıq. Biz bu sulu qayalar üzərində araşdırmamızı davam etdirəcəyik”.

Məlumat üçün bildirək ki, Kanadanın Alberta Universitetinin elm adamı Qraham Pirson hələ 3 ay bundan əvvəl “Nature” elmi jurnalında “ringwoodite” daşlarının su ilə əlaqəsi barədə məqalə yazmışdı. Q.Pirson vulkan püskürməsi nəticəsində yer səthinə çıxan adıçəkilən mavi daşlar üzərində araşdırma apararaq, yerin dərinliklərində, mantiyanın üst və alt qatlarında bol miqdarda suyun ola biləcəyini qeyd etmişdi.