Yeri cənnətlik olan müəllim

0
443

Sovet dövründə sözün həqiqi mənasında müəllimin böyük hörməti vardı. Belə hörmət sahibi olanlardan biri də ibtidai sinif müəllimi Şahbaba Hacıyev idi. Bəli,  o da çox sevilirdi. Təkcə ona görə yox ki, öz işinin xiridarı idi. Təkcə ona görə yox ki, sinfin ən şıltaq şagirdini belə özünün mənalı baxışları ilə ram edirdi. Fikrimcə, Şahbaba müəllim ona görə çox sevilirdi ki, o, öz pedaqoji bilikləri əsasında hər parta arxasında oturan şagirdin həm də ürəyinə yol tapa bilirdi. Elə bu səbəbdən valideynlərin əksəriyyəti öz uşaqlarını onun sinfində görmək istəyirdilər. Yəni o,  ibtidai siniflərdə təhsil alan uşaqların bilik və bacarıqlarına, həmçinin psixoloji xüsusiyyətlərinə uyğun metod və üsullardan istifadə edirdi. Çünki yaxşı dərk edirdi ki, gələcək savadlı nəslin təməli ibtidai sinifdə qoyulur. Bu mənada o, dərs dediyi hər şagirdin qəlbində özünə yuva sala bilmişdi. Yeri gəlmişkən, bəzən şair və yazıçıları insan qəlbinin mühəndisləri adlandırırlar. Amma mənə elə gəlir ki, insan qəlbinin mühəndisləri ibtidai sinif müəllimləridir.

Haşiyə

Şahbaba müəllim bizim qonşumuz idi. Hərdən məktəbə gedərkən yolumuz bir olardı. Yol boyu ona o qədər suallar verərdim ki… Bir dəfə uşaq sadəlövhlüyüm mənə üstün gəldi və ona belə bir sualla müraciət etdim: “Müəllim, müharibədə olarkən neçə nemes öldürmüsünüz?” O sadəcə: “Biz, o cümlədən mən adam öldürməyə yox, faşistlərə, nemeslərə  dərs verməyə getmişdik və verdik də, özü də necə lazımdırsa” cavabını verdi.

Bir də Şahbaba müəllim məktəbə, yaxud küçəyə yollananda çox səliqəli geyinərdi. Şalvarının ütüsünə isə söz ola bilməzdi. Tanınmış yazıçı Əlabbasın təbirincə desək, lap xoruz başı kəsmək olardı onun şalvarının ütüsü ilə. Şübhəsiz, bu, Şahbaba müəllimin həyat yoldaşı Daşdəmir kişinin qızı Minacət xanımın səliqəsi idi. Yeri gəlmişkən, bu xanımla bağlı bir məqama da toxunmaq istərdim. Belə ki, eşitdiyimə görə, anam rəhmətə gedəndən sonra (1961) bu qadın mənə öz döşündən süd veribmiş. Bu mənada o, mənim həm də süd anam (körpəyə süd verən başqa qadın) olub. Amma nədənsə Minacət xanım bu məsələdən bir dəfə də olsa söz açmamışdı. Mən də özündən soruşmamışdım.

Qısa arayış

Şahbaba İbadulla oğlu Hacıyev 1918-ci il mayın 12-də Alpan kəndində dünyaya göz açıb. İbadulla kişinin  4 (2 oğul – Şahbaba və Məmmədşah (Teymurşahın atası), 2 qız – Zəmanə xanım (Fərman kişinin həyat yoldaşı) və Sayaxanım xanım (Tacəddin müəllimin həyat yoldaşı) övladı olub. Yeri gəlmişkən qeyd edək ki, Şahbaba müəllim Hacı Əbdürrəhimin şəcərəsindəndir. Belə ki, onun atası İbadulla kişi Hacı Əbdürrəhim kişinin oğlu Molla İslamın qardaşlarından biri olub. Bu mənada Şahbaba müəllim də “Hacı parağı”nın nümayəndəsidir. Anası Ağaxanım isə Müşkürdən olub. Deyilənlərə görə, o, bəy nəslindən olan imkanlı bir şəxsin övladı imiş.

Şahbaba müəllim məktəbdə oxuduğu illərdə öz  savadı ilə sinif yoldaşlarından fərqlənib. Orta məktəbi bitirdikdən sonra Pedaqoji məktəbdə təhsilini davam etdirib. 1940-cı ildə Siyəzənin Həmyə kəndində müəllim işləyib. 1941-ci ildə hərbi xidmətə çağırılıb və Moskvanın müdafiəsində iştirak edib. Döyüşlərdə fərqləndiyinə görə, orden və medallarla təltif olunub. O, müharibədə ayağından yaralanıb.

Haşiyə

Şahbaba müəllimin böyük qızı Nazilə xanımın xatirələrindən: ”Atamdan eşitmişəm. Deyərdi ki, müharibə illərində projektorçu, yəni işıqlandırıcı olub. Yəni göydə görünən alman təyyarələrinə işıq salardı ki, onlar əsas hədəflərindən yayınsınlar. Bu mənada neçə-neçə alman təyyarəsinin vurulmasında atamın əməyi olub. Müharibə illərində atam çox ağrılı-acılı günlər yaşayıb. Hətta deyərdi ki, bir gün bataqlıqdan çıxanda o qədər ac idik ki, heç yeriməyə taqətimiz yox idi. Həmin anda talada gördükləri çiyələklik imdadlarına çatıb. Atam deyərdi ki, dirsəklərimizi yerə atıb o talada o qədər  çiyələk yedik ki…”

Yeri gəlmişkən, atamın bacısı Sayaxanım xanımın yoldaşı Tacəddin kişi də müharibədə olub. Bir ayağını itirib. Əmisi oğlu Əhmədağa da cəbhədə yaralanıb. Digər əmisi oğlanları, yəni Əmrəmzə kişinin övladları İdris və Əsbəndi isə müharibədən qayıtmayıblar. Elə Şahbaba müəllimin qardaşı Məmmədşah da cəbhədə həlak olub.

… 1948-ci ildə ordu sıralarından tərxis olunan (Deyilənlərə görə, o, Vələd (Süleymanov) müəllimlə birgə müharibədən qayıdıb) Şahbaba müəllim Qubanın Susay kəndində pedaqoji fəaliyyətini davam etdirib. Elə həmin ildə də ailə qurub. 1949-cu ildən ömrünün sonuna kimi  Alpan kənd məktəbində çalışıb. Kütləvi-siyasi və mədəni-maarif işlərinin fəal  iştirakçısı olan Şahbaba müəllim 1969-cu ildə Quba rayonunun Alpan kənd zəhmətkeş Deputatları Sovetinə 2 saylı seçki dairəsindən deputat seçilib. 21 iyun 1978-ci ildə ona 117 man 77 qəpik pensiya təyin olunub. Amma o öz sevimli peşəsindən ayrılmayıb. Belə ki, 2000-2001-ci tədris ili onun son tədris ili olub. İlyarım xəstəlikdən əziyyət çəkən Şahbaba müəllim 2009-cu il aprelin 18-də vəfat edib. Onun 7 qız övladı (Nazilə, Fəzilə, Zivər, Məhruzə, Fəxriyyə, Göyçək, Sulhiyyə) olub. Onların hər birini köçürüb, necə deyərlər, hamısını ev-eşik və ailə sahibi edib. Ona iki nəvəsinin toyunu da görmək nəsib olub. Hazırda Şahbabab müəllimin 17 nəvesi  26 nəticəsi, 1 kötucəsi var.

Haşiyə

Nazilə xanımın xatirələrindən: “Mənim Ramiz adlı bir qardaşım da olub. Daha doğrusu, əgər belə demək mümkündürsə, o məndən sonra dünyaya gəlmişdi. Amma nə yazıq ki, o, 3 yaşında ikən dünyasını dəyişib. Deyilənlərə görə, elə bir cidddi xəstəliyi də olmayıbmış, sadəcə, iri-miri uşaq olduğundan bəd nəzərlərə tuş gəlibmiş. Nə gizlədim, 7 qızı olan atam oğul xiffəti çəkərdi. Buna rəğmən, hər zaman belə deyərdi: “3 qız övladı böyüdüb tərbiyə etmiş valideynin yeri cənnətdir. Mən isə 7 qız böyütmüşəm. Üstəlik, hər birini də ev-eşik, ailə sahibi etmişəm. Bu mənada mənim yerim ikiqat cənnətlikdir”.

Bu yerdə atamla bağlı daha bir xatirəmi də bölüşmək istərdim. Bu da onun xeyirxahlığı ilə bağlıdır. O zaman Böyük Vətən müharibəsi iştirakçılarına avtomobil (əsasən də “Zaporojets”) verilərdi. Növbə atama çatanda o, bir ayağını cəbhədə itirmiş həmkəndlimiz Ağamurad Babayevə görə maşından imtina etdi. Hətta yuxarılara da etirazını bildirdi. Fikrini də belə əsaslandırdı: “Mən rahat yeriyə bilirəm, amma Ağamurad kişi yox, maşını ona verin”.

Fikrimcə, bu yerdə Kamil Qəhdiranovun Şahbaba müəllimlə bağlı söylədiklərinə də yer vermək maraqlı olardı:  “Tədris ili yeni başlamışdı. Bir gün Şahbaba müəllim məni yazı taxtasına dəvət etdi. Dedi ki, kiçik “a” hərfi yaz. Mən də yazdım. Sonra dedi ki, indi də həmin hərfin böyüyünü yaz.  Mən də yazdım. Amma böyük “A” bir qədər böyük alındı. Dedi: “Kamil, bu nə boyda “A”dır?” Mən də qeyri-ixtiyari dedim: “Eşşəkçi Qabilin qarını boyda…”(Qeyd edək ki, Tacının oğlu Qabil sonradan milis orqanlarında çalışıb) Bu cavabımdan sonra o, mənim qulağımdan tutub sinifdən çıxardı. Məsələdən hali olan anam məni bu hərəkətimə görə danlasa da,  məktəbə getməkdən imtina etdim. Hətta Şahbaba müəllim məni məktəbə qaytarmaq məqsədi ilə 5-6 dəfə bizə gəlsə də, inadkarlığımdan əl çəkmədim. Amma atam Şıxhəsən kişinin tənələrindən qurtula bilmədim. Demək olar ki, o məni hər gün danlayırdı. Deyirdi ki, a bala, axı sən hara, Qabil hara? Heç belə də söz demək olar, vallah, ayıbdır. Nə isə… bu hadisədən düz bir ay sonra atam məni dilə tutub yenidən Şahbaba müəllimin sinfinə gətirdi. Şahbaba müəllim məni heç nə olmamış kimi qarşıladı. Üstəlik, atamdan da üzr istədi. Bu olay  1953-cü ildə baş verib”.

…Və digər xatirələr

Neman Qədirbəylinin xatirələrindən: “Şahbaba müəllim mülayim təbiətə malik, mehriban, zarafat sevən bir insan idi. Pəhləvan cüssəli bir kişi olduğu üçün ona zarafatla “qoca pəhləvan” deyərdik. Bu epitet ona xoş gələrdi. Amma səbrli olsa da, hərdən hirslənməyi vardı. Hə, bir də o, Zahir müəllimlə daha çox, əgər belə demək mümkündürsə, dərdləşərdi. Hərdən onları nərd oynayan görərdim. Yəni onların hər ikisi nərd həvəskarı idi”.

Kamil Qəhdiranov: “Şahbaba müəllim digər xüsusiyyətləri ilə də yadımda qalıb. Belə ki, o, nərd oynayanda kənardan olan müdaxilələri həzm edə bilmirdi. Hətta belə məqamlarda oyunu yarımçıq qoyub ayağa qalxardı. Bir də…o, hərdən siqaret çəkərdi. Amma onun siqaret çəkməyi də qəribə idi. Yəni tüstünü sadəcə ağzına alıb buraxardı, başqa sözlə desək, ürəyinə vurmazdı. Bir gün dedim ki, a müəllim, sizinki siqaret çəkmək deyil ki… O da yarıgerçək, yarızarafat dedi ki, qoy desinlər ki, filankəsin də başından tüstü çıxır”.

Tarixçi Zabit Babayevin xatirələrindən: “Bəri başdan deyim ki, Şahbaba müəllim atamın sinif yoldaşı olub. İkincisi, o, mənim yaddaşımda səbrli bir müəllim kimi  qalıb. Deyərdim ki, şagirdlərə qarşı olduqca nəzakətli davranışı ilə seçilirdi. Müharibə dövrünün əziyyətlərini gördüyündən kövrək qəlbə malik idi. Bu və ya digər məsələyə qəddar  yanaşmazdı”.

Hacı kişinin oğlu Maarif Əmkişiyev: “Şahbaba müəllimin adı çəkiləndə dolu bədənli, gülərüz, həm də təmkinli bir şəxsiyyət gözlərim qarşısında  canlanır. Hə, üstəlik, hərəkətlərində bir zabit vüqarı vardı. Anamın əmisi oğlu olduğu üçün mən ona “dayı” deyə müraciət edərdim. O da məni soyadımla çağırardı. O heç vaxt şikayətlənməzdi. Həmişə Allaha şükür edərdi”.

Nəcməddin kişinin oğlu Əlif Ömərov: “Şahbaba müəllim  mənim ibtidai sinif müəllimim olub. Cox mülayim, sakit, səbirli pedaqoq idi. Təmiz, səliqəli yazılara üstünlük verərdi. Bir də biz hər həftə nəğmə dərsini səbirsizliklə gözləyərdik. Bu da səbəbsiz deyildi. Çünki bu dərslərdə Şahbaba müəllim özü də nəğmələr oxuyardı. İnsafən, yaxşı səsi var idi”.

Nazilə xanımın qızı Elmiranın xatirələrindən: “Anamın xəstəliyi ilə əlaqədar atam Şıxsalam məni Alpana – babamgilə gətridi. Tale elə gətirdi ki, mən kənddə təhsil almalı oldum. İbtidai sinif müəllimim də babam oldu. Elə məktəbə getdiyim ilk gün sinifdə ona “baba” deyə müraciət etdim. Babam mənə dedi ki, qızım, mən evdə sənin babanam, amma məktəbdə müəlliminəm. Bu sözlərdən sonra mən ona məktəbdə “baba” deyə müraciət etmədim.  

Bir də… mən həkim olmaq istəyirdim. Amma babamın məsləhəti ilə müəllimliyi seçdim. Bu gün babamın davamçısı  olmağımla fəxr edirəm”.

Son

Sözün düzü, bu yazının ərsəyə gəlməsində çox əziyyət çəkdim. Üstəlik, bir-birini təkzib edən materiallardan qaçmağa çalışdım. Bu məsələdə mənə kömək edən Şahbaba müəllimin qızı Zivər xanımın gəlini Pərvanə xanıma təşəkkür edirəm. Eləcə də Şahbaba müəllimin böyük qızı Nazilə xanıma minnətdarlığımı bildirirəm. Məhz onların sayəsində əldə etdiyim oxuduğunuz yazı alındı. Daha deyə bilmərəm, yazı necə alındı. Bircə onu deyə bilərəm ki, buna da min şükür! Çünki mənə elə gəlir ki, hələ ki, bu yazı Şahbaba müəllimin ruhunu qismən də olsa şad edəcək. Gələcək axtarışlar ümidi ili bu yazıya burada nöqtə qoyuram.

Qvami Məhəbbətoğlu (Rəsulov)