Yerə siqaret kötüyü atanlar cərimə olunacaqlar

0
697

Fransanın paytaxtı Parisdə bir neçə gün əvvəl şəhərin kirlənməsinin qarşısını almaq üçün yeni bir qanun qüvvəyə minib.

Son illər ərzində Paris Bələdiyyəsi küçələrə siqaret kötüyü atılmasının qarşısını almaq üçün müxtəlif kampaniyalar təşkil edirdi. Nəhayət ki, yeni qanunla şəhərin təmiz qalması mümkün olacaq. Belə ki, şəhərdə küçəyə siqaret kötüyü atan hər kəs nə az, nə çox – 68 avro cərimə ödəməli olacaq. Şəhərin Bələdiyyə nümayəndələri bunu etməkdə məqsədlərinin şəhərin təmizliyini qorumaq olduğunu bildiriblər. Şəhər Bələdiyyəsinin yaydığı məlumata görə, indiyə kimi küçələrə 350 ton siqaret kötüyü atılıb. Xatırladaq ki, 2008-ci ildə bu günə kimi Fransada bar və restoranlarda siqaret çəkmək qadağandır. Bəzi müşahidəçilərin fikrincə, küçələrə atılan siqaret kötüyünun çox olmasını bununla bağlıdır. Bu kirlənmənin qarşısını almaq məqsədilə, şəhərin fərqli nöqtələrinə 15 min “külqabı” qoyulması planlaşdırılır. Siqaret kötüklərinin çürüyüb torpağa qarışması illər çəkir və bu müddətdə ağır metallar və ətrafı çirkləndirən maddələr təbiətə yayılır. Bundan əlavə, bu zəhərli maddələr ətrafdakı bitki və heyvanların həyatı üçün də təhlükə mənbəyidir. Siqaret kötükləri suyu da çirkləndirir. Qeyd edək ki, Fransa əhalisinin 28 faizi siqaret aludəçisidir. Fransa Səhiyyə Nazirliyinin məlumatlarına görə, ölkədə hər il 73 min insan siqaretin səbəb olduğu xəstəliklər səbəbiylə dünyasını dəyişir.