Yeniyetmələrə qarşı davranışınız “yeniyetmə” olmasın

622
Daimi psixoloji sıxıntılar içərisində olan, söz-söhbətlərin, dava-dalaşların daimi müşahidə olunduğu ailələr içərisində övladları yeniyetmə yaşında olanlar da kifayət qədərdir. Bir çox valideynlərin bu məqama diqqət yetirməmələri nəinki xırda problemlərə, hətta ailə faciələrinə də yol aça bilir. Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bəzi valideynlərin məlumatsız olması, bu mövzuda bilgisiz olması onlarla övladları arasında uçuruma səbəb ola bilir. Nəticədə hətta bəzi yeniyetmələr “çıxış yolunu” evdən qaçmaqda görürlər.
Elə isə valideynlər yeniyetmə yaşda olan övladları ilə necə davranmalıdırlar? Onların bu mövzuda səhvləri nələrə səbəb ola bilər? Hansı məqamlara diqqət etməklə, hansı güzəştlərə getməklə yeniyetmə övladımızı düzgün istiqamətə yönləndirə bilərik? Elnur Rüstəmovun sözlərinə görə, bəzi valideynlər də var ki, övladlarının yeniyetmə yaşda ərköyünlük etmələrini, dəcəllik etmələrini onların tərbiyəsinin pozulması kimi başa düşürlər və təşviş keçirirlər. Halbuki belə deyil.

Müəyyən hallarda güzəştə getməyi bacarmaq da lazımdır

Psixoloqların qənaətinə görə, bu mövzuda yetərincə məlumatlı olmaları valideynlərin bu dövrü öz övladları ilə problemsiz keçirmələrinə şərait yaradır.

Məsələn, yeniyetmə yaş dövrü ilə əlaqədar dəyişikliklərin nəticəsi olaraq elə düşünür ki, valideynləri onu başa düşmür. Nəticədə o başlayır ailəsinin qadağalarına və xəbərdarlıqlarına etiraza. Bu dövrdə müəyyən mənada valideynlər öz uşaqlarına qarşı həssas davranmasalar, onları çox ciddi şəkildə sıxışdırsalar, ciddi sıxıntılar meydana gələ bilər. Odur ki, müəyyən hallarda güzəştə getməyi bacarmaq da lazımdır. Valideynlər yeniyetməni bir şəxsiyyət kimi qəbul etməli və öz şəxsiyyətini ifadə etməsinə imkan verməlidirlər. Həmçinin valideynlər yeniyetmənin hansı yaşda, hansı hərəkətə meyilli olduğunu bilməli və yeniyetməyə qarşı o yaşa və ya o hərəkətə uyğun reaksiya verməlidirlər.NICAT İNTIQAM

“Tərbiyəsiz” dostlar

Psixoloqlar bu fikirdədirlər ki, yeniyetməliyin ilkin mərhələlərində, yəni 11-13 yaşlı insanlar köhnə dostlarından ayrılır, əvvəllər sevdikləri bəzi məşğuliyyətlər artıq onlara maraqsız gəlməyə başlayır. Bu yaşda onlar söz eşitmir və ya dinləmirlər. Heç bir şeyi bəyənmirlər. Valideynlər bunun yaşla əlaqədar olduğunu bilməli və ona uyğun davranmalıdırlar. Bəzi valideynlər bunu yeniyetmənin ailədən kənarda düşdüyü mühitlə, “tərbiyəsiz” dostlarının təsiri ilə əlaqələndirməyə çalışırlar. Halbuki belə deyil.

14 yaşa qədəm qoyduqda isə onlar özlərini bir qədər ağıllı sayır və hər şeyi tənqid etməyə başlayırlar. Onlarda özünəinam hissi əvvəlki illərlə müqayisədə xeyli güclənir. Buna görə də valideynlər onlara bunu nəzərə alaraq yaxınlaşmalıdırlar.

 

Ayrılmaq istəyi

Elə ki, gəlib 15 yaşa çatdılar, onlar özlərini bir qədər ziddiyyətli aparırlar. Məsələn, bütün hallarda başqalarının onları başa düşməsini istəyirlər, öz fikirlərini yeritməyə çalışırlar. Bu yaşda yeniyetmələr arasında valideynlərindən, həmçinin digər böyüklərdən ayrılmaq istəyi də baş qaldıra bilir. Bəzi yeniyetmələr isə bu yaşda özlərini qohum-əqrəbadan bir qədər təcrid edirlər. Çağırılan yerlərə getmir, ailə üzvlərinin ümumi gördükləri işlərə qoşulmur, onlarla birlikdə harasa getmirlər. Psixoloqların fikrincə, bütün bunlar yeniyetmənin öz şəxsiyyətini kəşf etmək istiqamətində atdığı ilk addımlardır. Buna görə də valideynlər onların bu mövqelərindən təşvişə düşməməli, əksinə, onları ciddi qəbul etməlidirlər.

Münasibətlər normallaşır…

16 yaşdan etibarən isə tədricən sakitləşmə dövrü başlayır. Məsələn, bu dövrdə gənclər nisbətən psixoloji gərginliklərdən xilas olurlar. Həm hərəkətlərini, həm də hisslərini daha yaxşı idarə edirlər. Əvvəllər tez-tez müşahidə olunan özünə qapanma, həmçinin aqressivlik hissi yox olur. Valideynləri ilə əvvəllər münaqişə yaşadıqları problemlərə daha həssas və daha yumşaq münasibət göstərirlər. Nəticə etibarilə getdikcə münasibətlər normallaşır…

Sonda bir məqamı da qeyd edək. Bu məsələdə təkcə hər şeyi valideynlərin üzərinə qoymaq da doğru olmazdı. Məsələn, ailədə yeniyetmə övladdan yaşca bir qədər böyük olan bacı və qardaşlar da həssas olmalıdırlar. Bəzən ailədə yeniyetmədən yaşca böyük olan övladlar guya onu “ağıllandırmaq” məqsədi ilə fiziki zorakılığa əl atmaqdan belə çəkinmirlər. Odur ki, bu məqamda da diqqətli olmaq vacibdir. “Qaş düzəltmək əvəzinə, göz çıxarmaq” lazım deyil.