Yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması hər birimizin borcudur

0
385

“Migəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı və müəssisənin fəal könüllüsü Türkan Qurbanovanın təşəbbüsü ilə yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə təlim keçirilib.

Müzakirə şəklində baş tutan təlimdə çıxış edən müəssisənin əməkdaşı Rəşad Qurbanov yeniyetmə və gənclərin vətənpərvər ruhda böyüməsi, onların milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində mütəmadi işlərin görüldüyünü bildirib. Vətənə sevgi, hörmət hissinin ailədə başlayıb, cəmiyyətdə formalaşdığını deyən Rəşad Qurbanov istər dövlət, istərsə də qeyri-hökumət təşkilatları səviyyəsində müvafiq addımlar atıldığını iştirakçıların diqqətinə çatdırıb.

“Yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində müxtəlif addımların atılması hər birimizin borcudur”, – deyə qeyd edən Türkan Qurbanova da öz növbəsində son zamanlarda yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində tarixi şəxsiyyətlərimiz, milli qəhrəmanlarımıza həsr olunmuş müxtəlif kitabların nəşr olunduğunu və sənədli filmlərin hazırlandığını qeyd edib.

Daha sonra təlim çərçivəsində öz fikirlərini bölüşən iştirakçılar dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan, onlara yaradılan imkanlardan danışıblar, hər bir insan üçün Vətən, xalq anlayışlarının müqəddəs olduğunu bildiriblər. Onlar, həmçinin Vətəni qorumaq üçün öz canından keçən Şəhidlərimizin xatirəsinə hörmət və etiram hissi ilə yanaşdıqlarını, vətənimizin ərazi bütövlüyünün bərpa olunması üçün səylə çalışacaqlarını qeyd ediblər.

Esmira Hidayətova, Mingəçevir